Slimfit
  1. BİOQRAFİYA

Rey Dolbi

Rey Dolbi
Sakura

Əllidən çox patent alan ixtiraçı milyarder

Rey Dolbi səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-ın 50-dən çox patentini almışdır.

Həyatı

Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur.

İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.

Rey 1953-cü ildə Stenford Universitetində oxumağa başlayır, paralel olaraq “Ampex” şirkətindəki işində qalır. O, maqnit lent üzərində müxtəlif təcrübələr həyata keçirir, yazı və videonun təkrar istehsalının və audio axının yeni texnologiyalarını hazırlayır.

1956-cı ildə Rey Dolbi şirkətin digər mühəndisləri Çarlz Ginsberq və Çarlz Andersen ilə birlikdə dünyada ilk videomaqnitofonu hazırlayaraq təqdim edir. Videomaqnitofonun ixtira olunması televiziyanın inkişafına xidmət etdi. Əvvəllər yayım yalnız birbaşa həyata keçirilirdi. Sözügedən ixtiranın meydana çıxması ilə verilişi lentə yazmaq mümkünləşdi. Bu da televiziya sənayesinin daha da sürətlə inkişafına səbəb oldu.

Rey 1957-ci ildə Stenford Universitetində elektrotexnika istiqaməti üzrə mükafata layiq görülür. Dolbi Kembric Universitetində təcrübə keçmək üçün Marşall təqaüdü alıb. Orada altı il ərzində uzundalğalı rentgen şüalarını araşdırıb və 1961-ci ildə fizika üzrə dissertasiyanı müdafiə edib.

Rey Hindistanda BMT-nin elmi məsləhətçisi, eləcə də nüvə enerjisi məsələləri üzrə Britaniya konsultantı idi.

Səs texnologiyası sahəsindəki yenilikləri onu dünyada məşhur etdi.

Rey Dolbi 1965-ci ildə Londonda “Dolby Laboratories” şirkətinin əsasını qoydu. O, öz xatirələrində yazır:

“Bir dəfə 1966-cı ildə bir səs rejissoru mənə yaxınlaşıb dedi: Sən vaxtını boş yerə sərf edirsən. İnsanları daha çox görüntü və ulduzlar maraqlandırır, səs isə heç kəsə lazım deyil.”

1960-cı illərin sonları 1970-ci illərin əvvəllərində Dolby A və Dolby B səs təzyiqi sistemi maqnit lentinə səsyazmada inqilab etdi. Dolby A sistemi 1972-ci ildə kino plyonkasına səsyazma üçün uyğunlaşdırıldı.

O, müsahibələrinin birində qeyd edir:

“Mən xatırlayıram ki, ilk dəfə adımın nominal olduğunu eşidəndə şoka düşdüm. Bu çoxdan baş vermişdi. Mən Londonun “Pye Records”undan çıxırdım və birdən bir nəfərin digərinə belə dediyini eşitdim: “Qulaq as, sabah bunları Dolbi studiyasına göndər”.

1975-ci ildə şirkət məşhur “Dolby Stereo” sistemini yaratdı. Bu, praktik olaraq istənilən kinoteatrın avadanlıq hissəsi oldu. “Dolby Stereo” 4 səsli kanalı ehtiva edirdi: musiqi və effektlər üçün sol və sağ, dialoqlar üçün mərkəzi və dördüncü – əhatə edən (surround) – ümumi səsli atmosferin yaradılması üçün.

O, sonra televiziya və radio sənayesi üçün əhəmiyyətli “Dolby Sound System” ixtirasını rəsmən qeydə aldırır.

1976-cı ildə şirkət San-Fransiskoya köçür, orada şirkətin qərargahı və laboratoriyaları yaradıldı.

Corc Lukasın “Ulduz müharibələri” filminin premyerasında “Dolby Stereo” texnologiyasından istifadə edilmişdi və bundan sonra sözügedən sistem kinoteatrlarda populyarlaşdı, kinoteatrlar bu sistemi qurmağa məcbur oldular.

Dolby texnologiyaları əsasında 1990-cı illərin başlanğıcından ev sistemləri hazırlandı: THX Home, THX Surround EX və THX Ultra.

Rey 2007-ci ildə ən yeni sistem yaratdı. Bu sistem hətta həcmli səsi adi televiziya verilişlərinə baxış vaxtı da almağa imkan verirdi. Bir sözlə, Reyin banisi olduğu “Dolby Laboratories” şirkəti böyük nəticələrə nail olub.

Rey öz uzun və şərəfli həyatı ərzində bir çox mükafatlara layiq görülüb. Bu mükafatlar sırasında Audio Mühəndislər Cəmiyyəti və Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun medalları, “Oskar”, “Emmi”, “Qremmi” yer alıb. Bundan başqa, Rey Britaniya imperiyasının zabiti ordeninə layiq görülüb. 2012-ci ildə Hollivuddakı “Oskar Evi” “Dolbi evi” adlandırılıb.

2013-cü ilin 12 sentyabrında mətbuatda belə bir informasiya yayıldı:

“Həcmli səs texnologiyalarının yaradıcısı vəfat etdi.”

Bu, Rey Dolbi idi. O, San-Fransiskoda yerləşən evində 80 yaşında dünyasını dəyişib. Ömrünün sonuna yaxın ixtiraçı alsheymer xəstəliyinə tutulur. Ona 2013-cü ilin iyulunda kəskin leykoz diaqnozu qoyulmuşdu.

Maraqlı fikirlər

Rey Dolbi müsahibələrində maraqlı fikirlərlə çıxış edib. Onlardan bəziləri bunlardır:

  • “Yaxşı ixtiraçı olmaq üçün, ilk növbədə, gələcəyi görməyi öyrənmək lazımdır. Mən xatırlayıram ki, bu həqiqəti hələ uşaq olarkən anlamışdım. San-Fransiskoda bizim evimiz 1904-cü ildə tikilmişdi və eyni zamanda qaz və elektrik işıqlandırması ilə təchiz edilmişdi. Həmişə bu məni təəccübləndirirdi: doğrudanmı memar təxmin edə bilmirdi ki, işıqlandırmanın hansı növü ən yaxın vaxtda qalib gələcək?”
  • “Bütün yeniliklərdən zamanında yararlanmaq lazımdır. Yalnız onda əsil uğur qazanmaq olar. Ayova ştatında illər öncə baş vermiş bir hadisə məni heyran edir. Kondisionerlərin istehsalı artan vaxtda bir çox kinoteatr sahibləri onları zallarda qoymaqdan imtina edirdilər. Onlar hesab edirdilər ki, kondisioner insanlara ziyan edir. Və sonra çoxları sadəcə müflis oldular. Çünki bütün tamaşaçılar zallarında kondisionerlər işləyən kinoteatrlara getdilər.”

 

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR