Rəsmi Moskvadan ermənilərə dəstək- hərbi güc yaradılır
Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə verdiyi geniş müsahibədə Putindən etdiyi xahişindən bəhs edib.
Belə ki, Türkiyə ordusunun Suriyanın şimal-şərqinə hücum zamanı o rusiyalı həmkarı Vladimir Putindən xahiş edib ki, Rusiya Suriyanın Qamışlı qəsəbəsində yaşayan 3 min ermənini qorusun. Paşinyanın sözlərinə görə Putin ona verdiyi vədi yerinə yetirib və erməniləri qoruyub.
Ancaq Rusiya, Ermənistan tərəfi unudur ki, burada yaşayan ermənilər silahlı dəstə təşkil edərək xüsusi batalyonlar yaradırlar.
Bu halda Paşinyanın bu açıqlaması nəyə hesablanıb?
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə Redaktor.az-a danışıb.
Politoloq hesab edir ki, Ermənistan Türkiyə qarşı fəaliyyətini davam etdirir:
“Paşinyan Suriya-Türkiyyə sərhəddinin yaxınlığında yerləşən qəsəbədə yaşayan ermənilər barəsində, onların təhlükəsizliyi barəsində suallara cavab verib. Onun sözlərinə görə, rəsmi İrəvan Rusiya ilə razılığa gəlib ki, burada yaşayan əhalinin təhlükəsizliyini rəsmi Moskva öz boynuna alacaq. Ancaq Paşinyan onu da yaddından çıxarır ki, burada yaşayan ermənilər silahlı dəstə təşkil edərək xüsusi bir batalyon yaradıblar. Həmin bu batalyonda, müхtəlif məlumatlara görə PKK/PYD döyüşçüləri də fəaliyyət göstərirlər. Yəni, Suriyanın şimalında ermənilərin iştirakı ilə hərbi infrastruktur yaradılır. Bu infrastrukturun yaradılmasında Ermənistanın da əli ola bilər. Həqiqət ondan ibarətdir ki, Ermənistanın Türkiyəyə qarşı fəaliyyətində Suriya ermənilərinin rolu getdikcə genişlənə bilər”.
Politoloq Əhəd Məmmədli də məsələ ilə bağlı saytımıza danışıb.
Politoloq bildirib ki, Qamışlı “Sülh Çeşməsi” əməliyyatından əvvəl Əsəd rejiminin əsgərlərinin nəzarətindədir:
“Qamışlı YPG-nin nəzarətində olmadığı üçün “Sülh Çeşməsi” əməliyyatına daxil deyildi. Ona görə Paşinyanın məlum bəyanatı daxili auditoriyaya hesablanmış bir populizm idi. Paşinyan bununla daxili auditoriyaya mesaj verirdi ki, görürsünüz mən erməniləri hər yerdə müdafiə edirəm, qayğısına qalıram. Həm də bununla Paşinyan Putinə yaxınlaşmaq və yaltaqlanmaq üçün bir bəhanə, fürsət tapmış olur. Üstəlik, Rusiyanın da erməni xalqının yanında olduğunu göstərir. Bütün bunlarda qeyri-adi heçnə yoxdur”.
Ə. Məmmədli vurğulayıb ki, Putin özü Cənubi Qafqazda Ermənistanı Rusiyanın yeganə müttəfiqi adlandırmışdı:
“Bu, həqiqətən belədir. Rusiya ilə Ermənistan siyasi-hərbi ittifaqdadırlar və eyni iqtisadi mühitdədirlər. Amma bütün bunların Rusiya-Türkiyə münasibətlərinin inkişafına mənfi təsiri ola bilməz. Ermənistan başqa, Rusiya-Türkiyə münasibətləri isə tamamilə başqa dalğadadır. Bunların bir-birinə aidiyyatı yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət