Rəşad Dağlının məhkəməsi: Ölənin qardaşının ifadələrində ziddiyyət aşkarlandı
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report” xəbər verir ki, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar İsgəndərov ifadə verib.
Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohumluq münasibətləri olmayıb. Onun sözlərinə görə, Rəşad Dağlı ilə dostluq münasibətləri olub. Qeyd edib ki, onların Rəşad Dağlı ilə düşmənçiliyi də olmayıb.
Daha sonra prokuror Orxan Səmədovun suallarını cavablandıran hüquqi varis deyib ki, qardaşı ilə eyni evdə yaşayıblar:
“Qardaşım həbsdən yeni çıxmışdı. Heç bir yerdə işləmirdi. Amma xəstəliyi ilə bağlı pensiya alırdı. Hadisə günü qardaşımı görmüşdüm. Bilsəydim ki, belə hadisə olacaq, evdən getməsinə imkan verməzdim. Qardaşım Rəşad Dağlıya, Rəşad Dağlı da ona zəng edib. Nəsə söhbət var idi, gedib onu həll edəcəkdilər. Amma söhbətin nədən ibarət olduğunu bilməmişəm. Qardaşım dedi ki, söz-söhbət var, onu həll edəcəklər. Amma söhbətin kiminlə və nə ilə bağlı olduğunu bilməmişəm. Kiminlə danışacaqdılar, kiminlə görüşəcəkdilər, onu da bilməmişəm".
Daha sonra hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyət olub. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət