Rəfail Cəbrayılovu gözləyən cəza - “Səlahiyyətinə xitam verilə bilər”
Vətəndaşlara müəyyən sahələrdə xidmət göstərilməsi üçün onlara məxsus sənədlərin girov qoyulması tələb edilir.
Məsələn, banklardan nağd pul, kitabxanalardan kitab, ticarət obyektlərindən müxtəlif geyim və ya əşyaların icarəyə götürüldüyü zaman şəxsiyyət, sürücülük, əlillik, yaxud deputat vəsiqəsi alınır, götürülən pul və ya əşya qaytarıldıqda isə vəsiqə sahibinə qaytarılır. Bu kriteriyaya millət vəkili Rəfail Cəbrayılovun pul krediti müqabilində deputat vəsiqəsini girov qoyması da daxildir. Günlərdir müzakirə olunan məsələ hələ də aktualdır.
Ümumiyyətlə, hüquqi baxımdan hansısa sənədi girov qoymaq olar?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, qanunvericilik şəxsə məxsus heç bir sənədi girov qoymağa imkan vermir:
“Heç bir sənədi girov qoymaq olmaz. Şəxsiyyəti, onun hər hansı bir statusunu təsdiq edən, yəni sürücülük, əlillik, deputat vəsiqəsi, yaxud xarici pasportu girov qoymaq olmaz. Çünki onların maddi dəyəri yoxdur. Bundan əlavə qeyd olunan sənədlər girov qoyulduğu zaman heç bir hüquqi məsuliyyət yaratmır. Ancaq bu, mənsub olduğu qurumla bağlı mənəvi və intizam məsuliyyəti yarada bilər. Tutaq ki, partiya üzvlüyü haqqında vəsiqə girov qoyulursa, bu, həmin partiyada müzakirə olunub, şəxsə hansısa cəza tətbiq oluna bilər. Yaxud deputat vəsiqəsi girov qoyulubsa, buna Milli Məclisin İntizam Komissiyası baxıb şəxs barədə hansısa məsuliyyət tətbiq edə bilər. Bu məsuliyyətin xəbərdarlıqdan tutmuş deputat mandatının səlahiyyətinə xitam verilməsinə qədər müxtəlif növləri var. Bir sözlə, İntizam Komissiyası məsuliyyət barədə qəbul etmiş hər hansı qərarla Milli Məclisə müraciə edə bilər. Qalan heç bir hüquqi imkan yoxdur ki, sənədin girov qoyulması qarşılığında şəxs hansısa məsuliyyətə cəlb olunsun”.
Vəkil əlavə edib ki, bəzi xidmət sahələrində şəxsiyyət vəsiqəsi və ya digər sənədlərin tələb edilməsi təminat xarakteri daşısa da, bu düzgün deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət