Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq - AÇIQLAMA
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva bildirib.
Onun sözlərinə görə, burada qazilərin artıq yüksək texnologiyalı protezlərlə təminatına başlanıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib:
“Müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Onlara sosial-psixoloji xidmətlər də göstərilir. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir”.
P.Hacıyeva bildirib ki, 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib:
“Bu il ərzində Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin açılması planlaşdırılıb. Nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət