"Rayona və dənizə gedilməsə, bizi böyük fəlakətlər gözləyə bilər" - Həkimdən AÇIQLAMA
"Düşünürəm ki, karantin rejiminin yumşaldılması hazırda mütləqdir və də lazımdır. Yay fəslinin bir tək avqust ayı qalıb. Əgər avqust ayında insanlar lazımınca istirahət edə bilməsələr, rayona gediş-gəliş açılmasa, çimərliklər açılmasa, payız aylarında bizim immun sistemi aşağı düşdükcə daha böyük fəlakətlər gözləyə bilər".
Ens.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında həkim, nevroloq Qalib Əsədov bildirib. O, qeyd edib ki, insanların immun sistemini gücləndirmək üçün karantin qaydalarında yumşaldılma edilməsi zəruridir:
"Sosial məsafə, maska normalarını tələb edərək insanların istirahət hüququnu qaydasına qoymaq olar. Eyni zamanda virusun mutasiya edərək aqressivliyinin yumşaldığını görürük. Koronavirus əvvəlki kimi daha aqressiv deyil və çox can almır. Əksinə, ayaqüstü, evdə asimptomatik (simptomsuz) keçirən xəstələrin sayı həddindən çoxdur. Bu, bizə onu deməyə əsas verir ki, karantin rejimi ehtiyatla yumşaldılmalıdır. İnsanlar rayona gedib-gəlməlidirlər. Məsələn, bu gün xarici dövlətlərə getmək mümkündür. İnsan test verir, əgər onda koronavirus yoxdursa, dünyanın istənilən ölkəsinə gedə bilər, amma burdan-bura rayona getməyə icazə vermirlər. İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək, necə ki, SARS, MERS virusları getdi.
İmmun sistemini gücləndirmək, "D" vitaminin balansını düzəltmək üçün çimərliklər açılmalı, istirahət məsələsi həll edilməlidir. Virus get-gedə yumşalmağa doğru gedir, nəticədə kollektiv immunitet əmələ gəlməlidir. İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək və orqanizmimizlə birlikdə yaşamağa artıq öyrəşəcək. Necə ki, bundan əvvəl SARS və MERS virusu elə oldu. Tovuzda erməni təxribatı ilə bağlı ölkədə keçirilən kütləvi aksiyalarda heç bir sosial məsafə gözlənilmədi, heç bir qaydalara riayət olunmadı. Artıq o hadisədən 2 həftədən çox vaxt keçib və biz indi koronavirusa yoluxanların sayının həddindən çox olduğunu görməli idik. Amma bu baş vermədi. Əksinə azalmanın şahidiyik. Bu, o deməkdir ki, insanlarda kollektiv immunitet əmələ gəlməkdədir. Ona görə də bu karantin tədbirləri yumşaldılmalıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət