Slimfit
  1. CƏMİYYƏT

Rafael Cəbrayılovla bağlı maraqlı faktlar - Suriyayadək gedib çıxıb...

Rafael Cəbrayılovla bağlı maraqlı faktlar - Suriyayadək gedib çıxıb...
Sakura

Rafael Cəbrayılovla bağlı maraqlı faktlar - Suriyayadək gedib çıxıb...

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxılıb. İclasda Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsinə dair qərar qəbul olunub.
 
Qeyd edək ki, borca görə Milli Məclisin deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət ünvanlayıb. Parlament məsələyə baxılması üçün MSK-ya müraciət edib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
 
Qaynarinfo gündəmin "əsas qəhrəmanlarından" biri olaraq qalan, az qala hər gün haqqında yeni ilginc iddialar ortaya atılan R.Cəbrayılovla bağlı yeni maraqlı faktları təqdim edir.  
 
***
 
Rafael Cəbrayılovun şəxsi avtomobilinin nömrəsi "009" olub. Bəziləri bu nömrəni ona qalmaqallı şəkildə ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun hədiyyə etdiyini deyirdi. Eks-deputat isə bunu yalanlayıb. Həmin avtomobil nömrəsini o, 2008-ci ildə alınıb. Bu nömrə Binəqədi rayonundan III və IV çağırış Milli Məclisə mandat əldə etdiyi seçki dairəsininin və deputat mandatının nömrəsi olub. 
 
***
 
Rafael Cəbrayılov Kənd Təsərrüfatı Nazirliyinin paytaxtdan kənara köçürülməsini təklif edib. Sitat: "Mən heç vaxt anlaya bilmirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərinin mərkəzində nə işi var?" Mandatı ləğv edilən deputatın fikrincə, paytaxt hara, kənd təsərrüfatı hara? 
 
***
 
Bir yandan yüz minlərlə dollar alıb qaytara bilməyən və deputat vəsiqəsini girov qoyan Rafael müəllim o biri yandan da eyni vaxtda Suriyada baş verən vətəndaş müharibəsinə belə, münasibət bildirirmiş. Sitat: "Suriya münaqişəsinə, habelə o regiondakı kütləvi insan ölümləri ilə nəticələnən münaqişələrə dünyanın seyrici qalması bütövlükdə insanlığa şərəf gətirmir. Fövqəldövlətlərin geosiyasi maraqlarının insani dəyərlərdən üstün tutulmasına son qoymaq lazımdır. İnsani dəyərlərin, insan həyatının geosiyasi maraqlara qurban verilməsi son dövrdə iyrənc bir şəkil alıb".
 
***
 
Rafael Cəbrayılov məlum hadisələrdən sonra keçirdiyi mətbuat konfransında Kommunist Partiyasının vəsiqəsini hələ də özündə saxladığını deyib dərhal da əlavə etmişdi: "Cəlil Məmmədquluzadə demişkən, bəlkə də qaytardılar". Bununla da o, Sovet Azərbaycanının nostaljisi ilə yaşadığını açıq biruzə vermişdi. Lakin maraqlıdır ki, eyni Cəbrayılov ölkə başçısı tərəfindən Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunması ilə bağlı belə demişdi: "Bu şanlı medalı qürur hissi ilə qəbul edərək öz adımdan və seçicilərim adından cənab Prezidentə təşəkkürlərimi bildirirəm".  
 
***
 
Rafael Cəbrayılov "Sərbəst toplaşma azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müəllifi kimi də tanınır. 
 
Onun öz təşəbbüsü ilə hazırladığını dediyi sənəddə hökumətin icazə vermədiyi aksiyaların iştirakçılarına və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulurdu.
 
Belə ki, əvvəllər icazəsiz kütləvi aksiyalarda iştirak edən şəxs 7 manatdan 13 manatadək cərimə olunurdusa, Cəbrayılovun hazırladığı layihədə bu cərimə 500 manatdan 1000 manatadək artırılması nəzərdə tutulurdu. Həmin sənəddə hökumətin razılığı olmadan keçirilən aksiyanın təşkilatçıları üçün 1500 manatdan 3000 manatadək, təşkilatçı vəzifəli şəxsdirsə 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunurdu. Təşkilatçı hüquqi şəxsdirsə 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklif edilirdi.
 
Bir çoxları tərəfindən sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması kimi qəbul edilən həmin layihə təsdiqlənmişdi. Layihənin müəllifinin deputat karyerası isə gördüyümüz kimi, rüsvayçı şəkildə başa çatdı.  
 
***
 
Rafael Cəbrayılov alimentlərin ödənilməməsi ilə bağlı yaranan mübahisələrə də həssas yanaşırmış. Bunun üçün vaxtilə hətta Aliment Fondunun yaradılmasını belə təklif edibmiş. Sitat: "Aliment fondu yaradılmalı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə alimentlər həmin fond tərəfindən vaxtında ödənilməlidir. Ödənilmiş məbləğ sonra reqress iddia qaydasında cavabdehdən alınaraq həmin fonda bərpa edilməlidir". 
 
Sabiq deputatın aliment mövzusuna həssaslığı başa düşüləndir, hətta təqdirəlayiqdir, lakin kaş özü də aldığı borcları qaytarmağa eyni dərəcədə həssas olaydı, yəqin onda başına bütün bunlar gəlməzdi...
 
***
 
Rafael Cəbrayılovun deputat ikən ən yaxın dostlarından biri Çingiz Əsədullayev olub. Deyilənə görə, yedikləri, içdikləri bir-birindən ayrı ikən boğazlarından keçmirmiş. 
 
Maraqlıdır ki, son parlament seçkisindən çox keçməmiş Əsədullayev də mandatsız qalıb. Belə ki, MSK 2015-ci ilin noyabrın 17-də baş tutan iclasında həmin il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb və şok qərar qəbul edib.  
 
90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından (YAP) qeydə alınmış İlqar Vəliyev və bu dairədən deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev MSK-ya müraciət edərək həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.
 
İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb və müraciətdə qeyd olunan şikayətlər öz əksini tapıb. Buna görə də MSK 90 saylı Ağdaş seçki dairəsində səsvermənin nəticələrini ləğv edib. 
 
***
 
O da maraqlıdır ki, bundan əvvəl R.Cəbrayılovun ailəvi yaxınlığı olduğu bildirilən başqa bir deputat da mandatını səlahiyyət müddətinin başa çatmasından öncə itirmişdi. Söhbət Gülər Əhmədovdan gedir. 
 
G.Əhmədova artıq ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevlə məşhur qalmaqaldan sonra həm deputatlıqdan olmuş, həm də həbs edilmişdi...   
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR