Qusara işıq verildi
Dünən axşam saatlarından etibarən başlayan güclü külək və yağıntılar Azərbaycanın şimal rayonlarında bir sıra fəsadlar törədib. Ağaclar aşıb, evlərin dam örtüyü uçub, elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Mövcud vəziyyətlə əlaqədar Oxu.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurum sinoptiklərin şimal bölgəsi üçün verilən proqnozunu nəzərə alaraq gücləndirilmiş iş rejimində çalışıb:
“Elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, yaranmış fəsadların mümkün qədər tez bir zamanda həll edilməsi üçün zəruri olan ehtiyat tədbirləri görülüb. Bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib, zəruri olan texnikalar səfərbər edilib. Habelə zəruri mal-material ehtiyatı yaradılıb. Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir”.
O qeyd edib ki, ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da, rayonunun bütün ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib.
Qeyd edək ki, Quba və Qusarda ən çox ziyan 0.4 kv-luq şəbəkədə qeydə alınıb. 10 kv-luq xətlərin hamısı artıq bərpa edilib. Briqadalar xətlərin üstünə aşan ağacları təmizləyib, zədələnən xətləri bərpa edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət