Slimfit
  1. ƏDƏBİYYAT

Qurban Səid - Əli və Nino/IX hissə

Qurban Səid - Əli və Nino/IX hissə
Sakura

Qurban Səid - Əli və Nino/IX hissə

Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış tutmuş sifəti heç dəyişməmişdi. Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. Onlar öz çarları və vətənləri uğrunda cəbhəyə getmişdilər. Polis bir-bir evləri gəzib almanlarla avstriyalıları axtarırdı. Neftin qiyməti artmışdı. Şəhər qala divarlarının içində və bayırında yaşayan adamların kefləri saz, həyatlarından da məmnun idilər. Müharibə barədə məlumatları yalnız çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki çox uzaqlarda, başqa bir planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud itirilən şəhərlərlə qəsəbələrin adları çox uzaqdan eşidilir və qulaqlarda yad kimi səslənirdi. Bütün qəzetlərin birinci səhifələrində müxtəlif generalların şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi özlərindən razı halda, zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə vətənimi tərk etmək istəmirdim. Elə ona görə də Moskvaya gedib xarici dillər institutuna daxil olmadım. Bir də təhsil qaçmırdı ha. Müharibəyə getmədiyim üçün bir çoxları mənə nifrət edirdi.
Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr edən zaman dərk edirdim ki, çarın heç bir çağırışı məni doğma qala divarlarından ayıra bilməz.
Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:
- Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən?
- Bəli, ata getmək istəmirəm.
- Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır.
- Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq cəbhələrdə də yox. Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır.
- Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır.
Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o qorxaq övladmı yetişdirmişdi? Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini təkrarən nəql etməyə başladı: hələ Nadir şahın hakimiyyəti dövründə beş Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə vuruşduqlarını danışdı. Onlardan dördü hindistana yürüş vaxtı döyüş meydanında həlak olmuşdu. Yalnız biri Dehlidən bol qənimətlə qayıtmışdı. O, sonralar malikanələr almış və saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən də sağ-salamat çıxmışdı. Amma Şahruh Hüseyn xana qarşı
vuruşduğu zaman əcdadım qəddar Qacar şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçmişdi. Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa Məhəmmədin Zənd, Xorasan və gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz oğlundan üçü sağ qalmışdı. Onlar da bu böyük xədim şah olandan sonra da ona qulluq etməkdə davam edirdilər. Ağa Məhəmməd öldürüldüyü gecə o üç qardaşın çadırları Şahın Şuşadakı qərargahında qurulu qalmışdı. Ağa məhəmmədin varisi fətəli xanın onlara Şirvanda, Mazandaranda, Gilanda və Azərbaycanda bəxş etdiyi təsərrüfatlarla, malikanələr Şirvanşirlər nəslinin doqquz igidinin qanlarının bahasına başa gəlmişdi. Bu üç qardaş şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra ruslar gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun Gəncə yaxınlığında qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan, şərəf gətirmişdi. Yalnız türkmənçay sülh müqaviləsindən sonra Şirvanşirlərin arasına ayrılıq düşmüşdü. Nəslimizin üzvləri Məhəmməd şahla Nəsrəddin şahın hakimiyyətləri zamanı türkmənlərlə Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak oldular. Nəslimizin ruslar tərəfində olan üzvləri də çarın Krım müharibəsində, türklərə qarşı döyüşlərdə və Rus-yapon müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və şərəflə daşıdığı saysız-hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız Gerindium və Gerindivyum arasındakı fərqi bilmədikləri halda, belə imtahanları verməyə qadir idilər.
Atam sözünə yekun vurub dedi:
- Ölkədə yenə müharibədir, amma sən Əli xan, çarın iltifatlı bir fərmanının ardında gizlənib qorxaqlıq edirsən. Nəslimizin tarixçəsi sənin qanına yeriməyibsə, nə desəm də faydası yoxdur. Sən əcdadlarımızın qəhrəmanlıqlarını toz basmış kitabların səhifələrində yox, qəlbində və qan damarlarında oxumalı idin.
Atam qəmgin halda susdu. O, məni başa düşmədiyi üçün mənə nifrət edirdi. Onun oğlu doğrudanmı qorxaq idi? Ölkədə müharibədir, amma onun oğlu döyüşə can atmır. Düşmənin qanına susamır, onların diz çökdüyünü və ağladıqlarını görmək istəmirdi. Yox, onun oğlu korlanıb, yoldan çıxıb!
Mən xalçanın üstündə bardaş qurub oturmuşdum. Yumşaq yastığa söykənib zarafatla dedim: “Mənə demişdin ki, üç şey edə bilərsən. Birincisi ilk yazımı Qarabağda keçirməkdi. İkincisi, mən öz qılıncımı ancaq özüm istədiyim zaman qınından sıyıracam. Bu işin də çox gec olacağını düşünmürəm. Yanılmıramsa sülh günləri uzun zaman üçün qurtarıb. Bizim vətənimizin mənim qılıncıma daha sonra ehtiyacı olacaq.
Atam, yaxşı deyib susdu və bir daha müharibədən söz salmadı. Yalnız hərdənbir soruşucu baxışlarla göz ucu mənə baxardı. Bəlkə oğlu hələ korlanmayıb, kim bilir?
Bu aradan Təzə Pir məscidinə gedib, oranın imamı ilə söhbət etdim. İmam dərhal məni başa düşdü. O yaraşıqlı libasını geyib evimizə gəldi. İmam atamla bir otağa girib orada bir xeyli söhbət etdilər. Uzun sürən söhbət əsnasında imam atama demişdi ki, Qurani Kərimə əsasən bu müharibənin müsəlman ilə heç bir əlaqəsi yoxdur. O, öz sözlərini təsdiq etmək üçün peyğəmbərin bir çox kəlamını da atama
söyləmişdi. Ondan sonra bizim evimizdə sakitlik hökm sürməyə başladı. Evimizə barışıq və əmin-amanlıq gəldi.
Amma bu sakitlik yalnız bizim evdə idi. Gənclərimizdə döyüş həvəsi yaranmışdı. Bundan kənarda qalmaq da hər adamın işi deyildi. Bəzən dostlarıma baş çəkməyə gedirdim. Bu gün də mən Sisanişvili darvazasından keçib, sağa Haşım küçəsinə döndüm. Sonra da müqəddəs Olqa küçəsindən keçib, Zeynal ağanın evinə getdim.
İlyas bəy masanın arxasında oturub hərbiyə aid olan əsərləri oxuyurdu. Onun yanında qaşları çatılmış və sifətinə dəhşət çökmüş, məktəbdə ən axmaq şagird olan Məmməd Heydər çömbəlib oturmuşdu. Müharibə onu ağıllı başlı sarsıtmışdı. O da elm ocağını tələsik atıb İlyas bəy kimi yalnız çiyinlərində qızılı sapla işlənmiş zabit paqonlarının varlığını hiss etmək arzusu ilə yaşayırdı. Ona görə də onların hər ikisi zabitlik məktəbinə daxil olmaq üçün inadkarcasına imtahana hazırlaşırdılar. Otağa girəndə Məmməd Heydərin məyus mırıltısını eşitdim: “Ordu və donanmanın vəzifəsi çarı və vətəni xarici və daxili düşmənlərdən qorumaqdır”.
Mən bu zavallının əlindən kitabı götürüb, onu imtahan etməyə başladım:
- Möhtərəm Məmməd Heydər, mənə söyləyə bilərsənmi ki, xarici düşmən dediyin kimdir.
O, alnını qırışdırıb çox dərin fikrə getdi. Sonra birdən partladı. “Almanlar və Avstriyalılar”.
Təmamilə yanılırsan əziz dostum, - deyə güldüm. Sonra qələbə qazanmış bir insan kimi kitabdan oxudum:
“Xarici düşmən termini, müharibə etmək məqsədilə bizim sərhədlərimizi aşan və ya aşmaq təhlükəsini yaradan hər növ hərbi hissədir”.
Sonra üzümü İlyas bəyə çevirdim:
- Sən mənə deyə bilərsənmi “Atəş nə deməkdir?”
İlyas bəy bir avtomat kimi cavab verdi: “Atəş, barıt qazının köməyi ilə güllənin lülədən çıxmasına deyilir”.
Bu sual-cavab oyunu bir müddət davam etdi. Biz elmin bütün qaydalarına riayət edib düşməni məhv etməyin nə qədər çətin olduğuna və bu sənətə bizim ölkədə hələ də çox səthi əməl edildiyinə heyrət edirdik.
Sonra Məmməd Heydərlə İlyas bəy sevincindən vəcdə gəlib gələcək hərbi əməliyyatlardan danışmağa başladılar. Düz bir saatlıq xülyapərəstlikdən sonra hər ikisi belə nəticəyə gəldilər ki, hər bir əsgər öz xəritəsini arxa çantasında daşımalıdır. Bunu deyəndən sonra onlar mərhəmətli baxışlarını mənə zillədilər.
Məmməd Heydər sözə başladı:
- Mən zabit olduğum zaman, sən gərək küçədə gedərkən mənə yol verəsən və mənə böyük hörmət göstərəsən. Çünki mən cəsur qanımla sənin tənbəl gövdəni müdafiə edəcəyəm.
- Sən zabit olana qədər müharibə çoxdan sona çatmış olacaq, almanlar da Moskvanı tutacaqlar.
Mənim bu qənaətim gələcək iki qəhrəmanımın keflərini heç də pozmadı. Çünki müharibədə kimin qalib çıxacağı mənim kimi onları da maraqlandırmırdı. Bizimlə döyüş meydanı arasında dünyanın altıda biri qədər böyük bir məsafə var idi. Almanlar bu qədər ucsuz-bucaqsız yeri tuta bilməzdilər. Əgər almanlar lap bu qədər yeri tutsaydılar da, bizim üçün fərqi yox idi. Çünki bir xristian hökmdarın yerinə o biri xristian bizə hökmranlıq edəcəydi. İlyas bəy üçün müharibə bir məcarə idi. Məmməd Heydər üçün isə məktəb həyatını şərəfli bir şəkildə başa vurub, özünə bir kişi sənəti seçmək fürsəti idi.
Əlbəttə onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Mən buna əmin idim. Çünki xalqımızda igidlik və cəsarət kifayət qədərdi. Amma nə fayda? Bu sualı nə İlyas bəy və nə də Məmməd Heydər bir kərə də olsun soruşmurdular. Mənim xəbərdarlıqlarımın hamısı tam boşa çıxdı. Çünki onların hər ikisində Şərqlilərin qan içərliyi həvəsi oyanmışdı. Onu söndürmək artıq mümkün deyildi.
Bu səbəbdən də onlar mənim sözlərimə və özümə etinasızlıq göstərəndən sonra mən, Zeynal ağanın evini tərk etdim. Məhəlləni keçib sahil bağına gəldim. Qurğuşun rəngli Xəzər dənizinin duzlu suları sahildəki qranit daşları yalayırdı. Limanda bir hərbi gəmi durmuşdu. Sahildə oturub kiçik dalğalarda igidcəsinə çarpışan balaca yelkənli gəmilərə tamaşa etdim. Mən onların birinə minib rahatca İran şahının yaşıl diyarının darvazası olan qədim Astara limanına gedə bilərdim. Bu diyar, klassik iran şairlərinin son dərəcə gözəl yazılmış rubailərini, Rüstəm Zalın qəhrəmanlıqlarını, Tehran saraylarının ətirli qızılgül bağçalarını mənə xatırladırdı. İran qeyri adi bir xəyal diyarı idi.
Mən bir neçə dəfə sahil bağını o baş bu başa gəzdim. Ninogilə gedib orada onunla görüşmək mənə hələ bir az qəribə gəlirdi. Çünki belə təqdirdə davranış qaydalarına qarşı zidd olacaqdım. Amma, müharibəni nəzərə alaraq bəlkə də qoca Kipiani bu hərəkətimə də göz yumardı. Çox düşündükdən sonra, nəhayət dərindən nəfəs alıb, dörd mərtəbəli binanın pilləkənləri ilə yuxarı qalxdım. Binanın ikinci mərtəbəsindəki giriş qapısının üzərində “Knyaz Kipiani” sözləri yazılmış bürünc bir lövhə vardı. Qapının zəngini basdım. Ağ örlüklü bir xidmətçi qız qapını açdı və reverans etdi. Papağımı ona verdim. Şərqin adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropalıların məclisində hansı şəkildə hərəkət etməyin qaydalarını bilirdim.
Knyaz Kipianinin ailəsi böyük qonaq otağında oturub çay içirdilər. Qonaq otağındakı mebelin üzünə qırmızı ipək parça çəkilmiş, künclərdə palma ağacları və dibçəklərdə çiçəklər dururdu. Divarlara isə sadəcə naxışlı divar kağızları çəkilmişdi. Kipiani ailəsinin üzvləri bəzəkli iri fincanlarda südlü ingilis çayı içirdilər. Masanın üstündə suxarı və ingilis üsulu ilə hazırlanmış biskvit qoyulmuşdu. Ninonun anasının əlini öpdüm. Onun əlindən suxarı, biskvit və ətir iyi gəlirdi. Knyaz mənə əl verdi. Nino gizlincə çay fincanının içinə baxaraq üç barmağını mənə uzatdı.
Mən əyləşəndən sonra, mənə də çay gətirdilər. Əli xan deməli qəti qərara gəlmisiniz ki, müharibəyə getməyəcəksiniz, deyə knyaz zarafatla soruşdu.
- Bəli, knyaz məncə hələlik vaxtı çatmayıb. Ninonun anası fincanı masanın üstünə qoyub dilləndi.
- Sizin yerinizdə olsaydım, barı müharibə qeyrətlərinə yardım qayəsiylə qurulmuş komitələrin birinə üzv olardım. Heç olmasa bu və ya başqa şəkildə bir uniforma geymək fürsətini əldə edə bilərdiniz.
- Bu yaxşı fikirdir, mən də belə edəcəyəm, - deyə knyaz sözünə davam etdi:
- Düz deyirsiniz, knyaz. Amma iş burasındadır ki, boş vaxtım o qədər azdır ki, qorxuram ana vətən məndən çox az fayda görsün.
Knyaz təəccüblə üzümə baxıb soruşdu:
- Bəs siz boş vaxtlarında nə ilə məşğul olursunuz?
- Malikanəmizin idarə edilməsi ilə məşğulam, knyaz.
Bu cavab yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında və ya başqa bir yerdə oxumuşdum. Əgər bir alicənab lordun işi-gücü yoxdursa, deməli o, öz malikanəsini idarə etməklə məşğuldur. Bu cümləni işlətdiyim üçün knyaz ailəsinin rəğbətini qazandım. Bir neçə bu cür cümlələr işlədəndən sonra Kipianilər ailəsi mənə böyük bir nəzakət göstərərək o axşam Ninonu operaya aparmağa icazə verdilər. Mən yenə də Ninonun anasının əlini öpdüm, baş əydim və hətta “r” hərfini peterburqlular kimi tələffüz edə-edə danışdım. Axşam saat səkkizin yarısında gəlib Ninonu operaya aparacağıma söz verdim.
Nino məni qapıya qədər ötürdü. Papağımı xidmətçi qızın əlindən aldığım zaman o, qızarıb başını aşağı dikdi, sonra Nino heyran edici bir şirinliklə pozuq Azərbaycan ləhcəsi ilə dedi: “Şəhərdə qaldığın üçün çox sevincək oldum Əli xan”, Sən doğrudanmı müharibəyə getməkdən qorxursan? Axı kişilər müharibədən xoşlanırlar. Sən müharibəyə gedib yaralansan da yaralarını belə sevəcəyəm”.
Mən Ninonun əlini tutub sıxdım və sakit tərzdə dedim ki, “Mən heç nədən qorxmuram, bir gün gələcək sən mənim yaralarımı sarıyacaqsan. O günə kimi məni qorxaq hesab edə bilərsən”. Nino nə demək istədiyimi anlamadan çaşqın-çaşqın mənə baxdı.
Ondan ayrılandan sonra evə getdim və hirsimdən köhnə bir kimya kitabını cırıq-cırıq edib yerə çırpdım. Bir az hirsim soyuyandan sonra bir fincan İran çayı içdim və operaya zəng edib bir loja sifariş etdim.

 

X hissə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR