Dərc edildi: Baxış sayı: 945
Qoruyucu kremlərdən istifadə edərkən fəsil və dərinin tipi nəzərə alınmalıdır
İsti fəsillərdə günəşin ultrabənövşəyi şüaları dəridə hüceyrələrin bərpası prosesini ləngidir, nəticədə qırışlar və piqment ləkələri yaranmağa başlayır. Xüsusilə yaz aylarında əsasən açıq dərisi olan xanımlar daha ehtiyatlı olmalıdırlar, çünki onların dərisində qoruyucu faktor azdır. Bununla yanaşı, dəridə sızanaq və səpgilərə meyilli olan xanımlar da günəşdən qorunmalıdırlar.
Medicina.az bu barədə azərtaca istinadən məlumat verir. Həkim-dermatoloq Solmaz Orucova deyib: "Yazda ləkəli dəriyə malik olan xanımlar aparılan prosedurları dayandırmalı, yalnız skrablardan istifadə etməlidirlər. Bu, heç də ləkənin əmələ gəlməsinin qarşısını almaq üçün deyil, dərinin strukturunu yaxşılaşdırmaq məqsədi daşıyır. Ləkələrin rəngini açmaq üçün xüsusi preparatlardan istifadə olunur və xüsusi maskalar təyin edilir”.
Onun dediyinə görə, qoruyucu kremlərdən istifadə edərkən fəsildən və dərinin tipindən asılı olaraq seçimlər etmək və yaş faktorunu da nəzərə almaq lazımdır: "Axşamlar qidalandırıcı, xüsusilə tərkibində A, C və E vitaminləri olan kremlərə üstünlük vermək lazımdır. Nisbətən gənc yaşda nəmləndirici kremlər daha yüngül, yəni ağır və efir yağlı tərkibə malik olmamalıdır”.
Qışdan sonra orqanizmin fəaliyyətində zəiflik yaranır və bu da dəridə müəyyən deformasiyalara səbəb olur. Meyvə-tərəvəzlə qidalanmaq bədənin vitaminə olan tələbatını balanslaşdırmaqla bərabər dəriyə təravət bəxş edir. Hətta ev şəraitində həmin vitaminlər vasitəsilə müxtəlif maskaları hazırlayıb istifadə etmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət