Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb?
Milli mətbuatın banisi Həsən bəy Zərdabinin qəbrinin yeri 3 dəfə dəyişdirilib.
Bunu Kult.az-a açıqlamasında Bakı Dövlət Universitetinin elmi işçisi Samir Xalidoğlu deyib.
“Həsən bəy Zərdabi 1907-ci ilin 28 noyabrında vəfat edib. Elə həmin ildə Zərdabinin cənazəsi çox böyük kütlənin müşayiəti ilə Bibiheybətdə dəfn edilib. 1937-ci ildə indiki Salyan yolu salınan zaman orada yerləşən bir qrup qəbir köçürülüb. Qəbir yiyələrinə də tapşırılıb ki, gəlin, mərhumların sümüklərini yığın, yoxsa həmin qəbirlər yerlə-yeksan olunacaq”.
S.Xalidoğlunun sözlərinə görə, Zərdabinin həmin dövrdə Bakıda yaşayan Qərib Soltan adlı kiçik qızı atasının sümüklərini yığaraq saxlayıb:
“Qərib Soltan xanım bir neçə fəhlə tutaraq atasının sümüklərini yığdırıb və bir neçə il evlərində, çarpayının altında yeşikdə saxlayıb. Sonra isə şəhər qəbiristanlılqlarının birində anası, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın məzarının alt tərəfində basdırılıb”.
Araşdırmaçı bildirib ki, Zərdabinin qalıqları 1937-ci ildən 1957-ci ilə qədər həmin qəbirdə olub:
“Özü də bu qəbir barədə heç kimdə məlumat olmayıb. 1957-ci ildə, Stalindən sonrakı yumşalmalar dövründə tanınmış ziyalılarımızdan olan Abbas Camalov və Şıxəli Qurbanov həmin qəbri axtarmağa başlayıblar. Zərdabinin qızı ilə söhbətləşdikdən sonra qəbrin yerini öyrəniblər. Nəhayət Zərdabinin sümükləri 1957-ci ildə indiki Fəxri Xiyabandakı yerinə köçürülüb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət