Qitə səbirsizliklə bu günü gözləyir - Netanyahu vəzifəsini itirə bilər
İsrail prezidenti Reuven Rivlin yeni hökumət qurma planları çərçivəsində Likud Partiyasının rəhbəri, Baş nazir Benyamin Netanyahu və Mavi-Bəyaz İttifaqının rəhbəri Benni Qantzla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə prezidentin ofisindən məlumat verilib.
Prezident görüşdə Netanyahu və Qantza İsrail xalqının onlardan həll yolu gözlədiyini və yenidən seçki keçirilməməsi istədiyini çatdırıb. Görüşün nəticəsi ilə bağlı başqa məlumat verilməyib. Qeyd edilib ki, prezident iki partiya rəhbərini çərşənbə günü yenidən toplantıya dəvət edib.
Hökuməti qurma vəzifəsinin veriləcəyi adın çərşənbə günü açıqlanması gözlənilir.
Qeyd edək ki, 17 sentyabrda keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə, heç bir partiya 120 mandatlıq parlamentdə təkbaşına iqtidara gələ bilmək üçün lazım olan 61 mandatı qazana bilməyib.
Hökumət qurma prosesi
Prezident parlamentdəki 9 partiyanın heyətləri ilə ayrı-ayrı görüşdükdən sonra koalisiyanı qurmağa ən yaxın hesab etdiyi namizədə yeni hökuməti qurmaq vəzifəsini verəcək. Bu namizəd 28 gün ərzində koalisiya hökumətini qurmalıdır. Tələb edilməsi təqdirində, ona əlavə 2 həftə vaxt verilə bilər. Namizəd bu müddət ərzində də hökuməti qurmağı bacarmasa, digər şəxs vəzifəyə gətiriləcək. İkinci namizədin də hökuməti qurmaq üçün 28 gün vaxtı olacaq və ona əlavə müddət verilməyəcək. Bu da alınmasa, yenidən seçkilər keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət