Slimfit
  1. MƏDƏNİYYƏT

Qısa ömrə sığmayan böyük yaradıcılıq

Qısa ömrə sığmayan böyük yaradıcılıq
Sakura

Qısa ömrə sığmayan böyük yaradıcılıq

Görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Təhsil Nəşriyyat Evi” tərəfindən alimin 90 illiyi münasibətilə nəşr edilmiş kitaba Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məhəmmədhüseyn Şəhriyar, Əliağa Vahid kimi klassiklərin ədəbi irsini təhlil edən 60-dan çox məqalə və vaxtı ilə Hüseyn Cavid yaradıcılığına bəraət qazandırmış, fundamental “Hüseyn Cavidin romantizmi” monoqrafiyası daxil edilib.

Kitaba Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Mütəfəkkir ədəbiyyatşünas” adlı “Ön söz” yazıb.

Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında Məsud Əlioğlunun müstəsna xidmətlərini xüsusi vurğulayan Nizami Cəfərov yazır: “Bu xidmətlərin yalnız miqyası deyil, məzmun-mündəricəsi, ideya-estetik mükəmməlliyi də həmişə etiraf olunub. Onun XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinə qədər davam edən yaradıcılıq axtarışları bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərib”.

Məsud Əlioğlu 1928-ci il oktyabrın 5-də Qubadlının Mahmudlu kəndində görkəmli yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlib. Yaradıcılığa Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olduğu illərdə (1946-1951) başlayıb. Təhsilini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda çalışmış, 1955-ci ildə “Nəsrimizdə vətəndaş müharibəsi mövzusu”nda namizədlik, 1968-ci ildə isə “Azərbaycan sovet nəsrinin inkişaf yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Məsud Əlioğlu həyatının ən məhsuldar dövründə – 1973-cü ilin iyunun 23-də dünyasını dəyişib. Lakin iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında”, “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Mirzə İbrahimovun dramaturgiyası”, “S.S.Axundovun həyat və yaradıcılığı”, “Osman Sarıvəlli”, “Rəsul Rza”, “Məfkurə dostları”, “Ədəbiyyatda yeni insan”, “Məslək qardaşları”, “Tənqidçinin düşüncələri” kitabları, onlarla məqalələri nəşr olunub, vəfatından sonra “Ədəbi fraqmentlər”, “Hüseyn Cavidin romantizmi”, “Məhəbbət və qəhrəmanlıq”, “Amal və sənət” və iki cildlik “Darıxan adamlar” kitabları çap olunub.

Akademik Nizami Cəfərov yazır: “İlk tədqiqatlarından başlayaraq maraq dairəsi çox geniş olan tənqidçi-ədəbiyyatşünas ədəbi növ, janr məhdudiyyəti bilməmiş, həm poeziya, həm nəsr, həm də dramaturgiyadan eyni peşəkarlıqla yazmaq təcrübəsinə yiyələnib. Yeni ideya-estetik çağırışlarla zəngin dövrün qabaqcıl təhlil texnologiyalarını dərindən mənimsəyərək böyük istedadla tətbiq edib ki, bu, gənc ədəbiyyatşünasın analitik-fəlsəfi təfəkkürə malik olmasından irəli gəlir. Tənqidçi-ədəbiyyatşünas xalq ədəbiyyatının ideyalar sisteminə hansı ideya-estetik səviyyədən təhlil verirsə, Azərbaycan klassik ədəbiyyatına da həmin səviyyədən yanaşmaqla Nizami, Füzuli, Vaqif kimi “zəka səltənətinin, könül mülkünün hökmdar”larının hər birini öz miqyasında araşdırıb elə dolğun qənaətlərə gəlir ki, həmin qənaətlər yalnız ədəbiyyat tarixi deyil, ümumən milli təfəkkür tarixi üçün böyük əhəmiyyət daşıyır”.

Məsud Əlioğlunun klassik ədəbiyyat barədəki ideya-estetik şərhlərinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə Məsud Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir. Monoqrafiya müəllifi “öz əsərlərində fəlsəfi müdrikliyi və bədii kamilliyi müstəsna bir ustalıqla birləşdirən” şairin ideyalar aləmini, mövzularını və bədii idrak vasitələrini ilk dəfə sistemli şəkildə tədqiq edib, böyük sənətkar-mütəfəkkir haqqında obyektiv söz deməyin çətin olduğu illərdə yazıb.

Şair-ədəbiyyatşünas Qasım Qasımzadə Məsud Əlioğlunun tənqidçi-ədəbiyyatşünas şəxsiyyətində üç keyfiyyətin üzvi vəhdətdə olduğunu göstərərək yazırdı: “Biz onun simasında ədəbiyyatımızın təkrarolunmaz istedada, temperamentə, orijinal xarakterə malik vətənpərvər mücahidini tanıyırdıq”.

Mütəfəkkir ədəbiyyatşünas az yaşasa da, Azərbaycan ədəbiyyatının ideya-estetik mahiyyətini dərk etmək üçün elə metodoloji əsaslar yarada bilib ki, nəticə etibarilə, ümumən yeni tənqidçi-ədəbiyyatşünas obrazının formalaşmasına əhəmiyyətli təsir göstərib. Bu təsirin uzunömürlülüyünə heç bir şübhə yoxdur...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR