Qısa müraciət formaları dilimizə tətbiq oluna bilərmi? - "cb.", "xm", "slm", "tşk"
Dünya dillərində onları istifadə edən insanların rahatlığı, sözlərin diləyatımlığı üçün bir sıra qısaltmalar mövcuddur. Məsələn, ingilislər şəxslərə müraciətlə “mister” (cənab), “mistres” (xanım) ifadələri qısaldılmış şəkildə “mr.” və “mrs.” şəklində qısaldılır. Fransızlarda isə “monsieur” (cənab) sözü “m.”, “madame” (xanım) müraciəti isə “mme.” şəklində yazılır. Bu nümunələrin siyahısını uzatmaq da mümkündür.
Son illər Türkiyə türkcəsində də hətta rəsmi məlumatlarda “sayın” (hörmətli) ifadəsi “sn.” şəklində istifadə olunmağa başlayıb. Bu nümunələrdən çıxış edərək, Azərbaycan dilinin də yeniliklərlə ayaqlaşması, belə qısa müraciət formalarının dilimizdə tətbiqi gündəmə gəlir.
Bu məsələ ilə əlaqədar Modern.az-a danışan "Altun kitab" nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov belə bir təşəbbüsün dilçilərin təklifi ilə reallaşa biləcəyini düşünmür. O qeyd edib ki, bunu dil istifadəçiləri ortaya ata bilərlər:
“İnsanlar müxtəlif üslublarda bu cür qısaltmalardan məsələn, cənab əvəzinə “cb.”, xanım əvəzinə “xm.” istifadə edərsə, bu dil üçün baza rolunu oynaya bilər. Yəni, “ay camaat, bundan sonra belə yazın” formasında yuxarıdan diqtə düzgün deyil. Amma insanlar bu cür yazmağa başlayarsa, sonradan dilçilər belə bir qayda işləyib, qeydiyyat apara bilərlər”.
Xüsusilə gənclərin son zamanlar məişət üslubunda müxtəlif sözləri qısaltdığını xatırladan R. İsmayılov “slm”, “tşk” tərzində ifadələrin tərəfdarı deyil. Naşir bunu sosial şəbəkə atributu adlandırıb:
“Rəsmi yazışmalarda, yaxud publisistik üslubda bu cür qısaltmalar istifadə edilmir. Bu artıq dilə hörmətsizlik ola bilər.
Buna baxmayaraq, sosial şəbəkələrin kütləviliyini nəzərə alaraq, artıq sosial şəbəkə üslubu haqqında danışmağa dəyər. Yəni, bədii, publisistik, məişət, rəsmi üslubların siyahısına sosial şəbəkə üslubunu əlavə edib, öyrənmək mümkündür. Bu üslubda belə qısaltmalara yol verilir, gənclərin jarqonları yer alır. Sosial şəbəkə dili yazılı da olsa, danışıq dilinə çox yaxındır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət