Yaşa dolduqca qıcolma halları daha tez-tez baş verir.
Çəkisi artıq olanların da belə hallarla üzləşməsi ehtimalı yüksəkdir.
Əslində, hər adam bununla üzləşə bilər - məşqdən sonra və ya gecəyarısı.
Qıcolmanın səbəbi nədir və bu baş verərsə, nə etməli?
Çoxlarının zənn etdiyinə görə, bunun səbəbi orqanizmdə natriumun, yəni, duzun çatışmazlığıdır.
Bu fikirdə olanlar qıcolmanın çarəsini bir qədər duz qəbul etməkdə görür.
Lakin bu problemin öhdəsindən daha yüngül yolla, duz qəbul etmədən də gəlmək mümkündür.
Səbəbi nədir?
Qıcolma halı adətən ayağın baldır və ya bud hissəsinə aid əzələlərdə baş veirir.
Bəzən, buna səbəb, əzələdə oksigen çatışmazlığı olur, bəzi hallarda isə səbəb daha ciddi ola bilər - misal üçün qalxanvarı vəzin fəaliyyətindəki qüsura görə bədəndə kalsiumun səviyyəsi azalır.
Lakin London tibb və stomatologiya məktəbinin professoru Raymond Playford hesab edir ki, bir çox hallarda qıcolma ilə orqanizmdə duzun miqdarı və ya onun çatışmazlığı arasında heç bir əlaqə yoxdur.
Ocaqçının qıc olması
Qıcolmaya gətirən səbəblərin nədən ibarət olduğu indiyədək aydın deyil.
Təxminən 100 il bundan əvvəl bu hala daha çox, gəmilərdə ocaqçılıq edənlərin məruz qaldığına diqqət yetirilmişdi.
Bunu, sobanın istiliyi və ocaqçının tez-tez tərləməsilə, nəticədə isə, onun bədənindən duzun çıxması ilə izah edirdilər - və buradan belə bir nəticə çıxarılırdı kı, qıcolmanı yaradan duz çatışmazlığıdır.
Bunu deyənlər, qıcolmadan qorunmaq üçün duzlu xörək yeməyi məsləhət görürdü.
Bioloji cəhətdən alimlər bu fenomenə belə bir izahat verirdi: orqanizmin susuzlaşması nəticəsində hüceyrələr arasında məsafə azalır, hüceyrələr sıxılır, demək, sinir toxumalarına təzyiq güclənir və beləcə, ağrı hissi yaranır.
Lakin bu nəzəriyyəni təsdiq edə bilən sübutlar yoxdur.
Yüngül elektrik şoku
Qıcolmanın səbəbini aydınlaşdırmaq məqsədilə xeyli sayda tədqiqat və müşahidə aparılıb.
Misal üçün, müəyyən olunub ki, Amerika futbolu oynayanlarda qıcolma halları isti havada daha tez-tez baş verir.
Güman etmək olardı ki, bu nəticə duz versiyasını təsdiqləyir.
Lakin soyuq iqlim şəraitində yaşayan idmançılar da qıcolmadan əziyyət çəkir.
Digər bir təcrübədə isə könüllülərdə qıcolma halını süni yolla, yüngül elektrik şoku tətbiq etməklə yaratmağa cəhd edilmişdi.
Güman olunurdu ki, əgər qıcolmaya səbəb natriumun azalmasıdırsa, onda susuzlaşmış və demək, bədənində duzun miqdarı azı olan insanda qıcolmanın yaranması üçün yüngül elektrik şokunun tətbiqi kifayət edə bilər.
Lakin Şimali Dakota (ABŞ) universitetindən Kevin Miller və onun həmkarları natriumun orqanizmdə miqdarı ilə qıcolma halları arasında heç bir əlaqə aşkar edə bilməyib.
Futbolçulardan nümunə götürün
Qıcolmadan tez xilas olmaq üçün, bu problemin öhdəsindən futbolçuların necə gəldiyinə fikir verməyə dəyər.
Axı, onlar özləri ilə meydançaya duz kisəsi ilə çıxmır.
Qıcolma başlayanda, onun öhdəsindən gəlmək üçün, ən yaxşı vasitə duz deyil - əzələnin dartılmasıdır.
Ayaq barmaqlarından yapışıb, pəncənizi ehmalca özünüzə tərəf dartın.
Nəticədə, qıc olmuş əzələ dartılacaq və əzələdəki ağrı tədricən zəifləyib yox olacaq.
Və duz qəbul etməyə ehtiyac qalmayacaq.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət