Qəbiristanlıqlarda və dəfnlərdə yeni qaydalar tətbiq olunacaq
“Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq”.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
“Qafqazinfo” xəbər verir ki, söhbət “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanun layihələrində edilən dəyişikliklərlə əlaqədar Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na etdiyi dəyişikliklərdən gedir. Sözügedən qanun layihələrindəki dəyişikliklərdə qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələr müəyyən edilir.
Bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədi ilə zəruri xərclərin tutulmasını təsbit edir.
Belə ki, yeni qəbiristanlığın salınması barədə qərar qəbiristanlıq köçürüldükdə, qəbiristanlıq bağlı elan edildikdə, yeni yaşayış məntəqəsi salındıqda verilir.
Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.
Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur.
Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət