"Qəbələ"nin futbolçusu: "Mən "Sumqayıt"la oyunda heç kimi qəsdən vurmadım"
"Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi, şanslar yaratdı, qollar vurdu. Fikrimcə, bu hesabı qənaətbəxş saymaq olar".
"Report" xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun futbolçusu Lalavele Atakora Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt" komandası ilə heç-heçədən sonra deyib
"Qəbələ" klubu I və VIII turda qalib gəlib, indi azarkeşlər növbəti qələbə üçün XV turu gözləməlidir?
- Mən belə olduğunu düşünmürəm. Biz hər bir oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu oyuna da 3 xal qazanmaq üçün çıxmışdıq. Ancaq bu futboldur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Növbəti turda doğma meydanda öz azarkeşlərimiz qarşısında oynayacağıq və qələbə qazanmağa çalışacağıq.
"Neftçi" üzərində qələbədən sonra komandadan yaxşı oyun və qələbə gözlənilirdi. Amma bu gün komanda qalib gələ bilmədi, bu nə ilə əlaqədardır?
- İkinci hissədə yaxşı oynadığımızı düşünürəm. İlk hissədə ardıcıl 2 qol buraxmağımız bizdə çaşqınlıq yaratdı. Sonra isə öz oyunumuzu tapdıq. 2 top geridən gəlib hesabı bərabərləşdirmək də komandanın gücündən xəbər verir. Düşünürəm ki, "Sumqayıt" da güclü komandadır və bu gün yaxşı oynadı.
Oyunun sonlarında gərginlik yaşandı, bu haqda nə deyə bilərsiniz?
- Mən həmin epizodda heç kimi görmədim və bilərək heç kimi vurmadım.
Qeyd edək ki, “Sumqayıt” “Dalğa Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət