Slimfit
  1. AZƏRBAYCAN

Qəbələdə doqquz görməli məkan

Qəbələdə doqquz görməli məkan
Sakura

Qəbələdə doqquz görməli məkan

Azərbaycanın Qəbələ rayonunun inzibati mərkəzi olan Qəbələ şəhəri Böyük Qafqaz silsiləsindən Bazaryurd və Tufandağın ətəyində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Dəmiraparançayın sağ sahilində yerləşir. Bu rayon hazırkı inzibati mərkəzindən 20 kilometr cənub-qərbdə - eramızdan əvvəl IV əsrin sonu - III əsrin əvvəllərində meydana gəlmiş və XVIII əsrin sonunadək mövcud olmuş qədim Qəbələ şəhərinin adını daşıyır. Hazırda Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən biri olan Qəbələdə beynəlxalq hava limanı fəaliyyət göstərir, kompleks infrastruktur layihələri reallaşdırılır, beynəlxalq festivallar keçirilir.

Qəbələnin bir neçə görməli məkanını sizə təqdim edirik.

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi

1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir. 

Muzeydə 13 ekspozisiya zalı, muzey fondu, rəsm qalereyası, elmi kitabxana, habelə açıq məkanda fəaliyyət göstərən qədim daş eksponatlardan ibarət sərgi var. Burada eramızdan əvvəl II-I əsrlərə aid küp qəbirlərin nümunələri və VI əsrə aid sarkofaq da mövcuddur. Arxeoloji, etnoqrafik və numizmatika materialları, xalq yaradıcılığı nümunələri, qədim əlyazma və kitablar xüsusilə diqqəti cəlb edir.

Bu mədəniyyət mərkəzi respublikanın aparıcı muzeyləri və Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə sıx əməkdaşlıq edir.

Qədim Nic

Qəbələ rayonunun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup – udinlər yaşayır. 

Abadlığı ilə seçilən, yaraşıqlı evləri və böyük həyətyanı sahələri olan Nic kəndinin ərazisi 100 kvadrat kilometrdir və məhsuldar bağları ilə məşhurdur. Burada yetişdirilən meyvə və qoz daxil olmaqla, məhsulların əksəriyyəti bazara çıxarılır.

Kənddə etnoqrafiya muzeyi, beş orta məktəb, udin dilinin icbari tədris edildiyi üç rus məktəbi və bu dilin şagirdlərin istəyi əsasında öyrədildiyi iki Azərbaycan məktəbi fəaliyyət göstərir. Nic kəndi “Cotari”, “Ağdalakki”, “Qoca-bəyim” və digər məhəllələrdən ibarətdir, onların bir neçəsində isə qədim alban kilsələri günümüzədək gəlib çatıb. Bu kilsələrdən biri olan “Cotari” XVII əsrdə tikilib və indi də fəaliyyət göstərir. Kilsə binasının üzərindəki bütün yazılar udin dilindədir.

Nic kəndində XVI-XVII əsrlərə aid qədim qəbiristanlıq da var. Ən qədim məzarların başdaşısı qaya parçalarından ibarətdir. Onların üstündə heç bir yazı yoxdur. Üstündə mətn və rəsm olan daşlar isə təxminən XIX əsrdən qoyulmağa başlanıb. Bütün yazılar udin dilindədir.

Kəndin əhalisi qonaqpərvərdir. Burada sizin üçün məmnuniyyətlə ekskursiya təşkil edə, görməli yerləri göstərə, milli yeməklərə qonaq edə bilərlər. Bol çeşiddə meyvə, tərəvəz, qoz, ədviyyat və bu bərəkətli torpağın digər nemətlərinin satıldığı yerli bazara baş çəkməyi də unutmayın.

Bum kəndi

Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Bu, əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi və bələdiyyə mərkəzidir. 

Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb.

Bu kənd öz folkloru ilə də məşhurdur. Yerli folklor ansamblı nağara və zurnanın müşayiəti ilə oynanılan “Zop-zopu” çoban oyununun şərəfinə eyni adı daşıyır. Dəvəyə minmiş iki uşaq öz dostlarını əyləndirir. Onlardan biri əyilir və digəri şeir oxuyaraq onun üzərindən tullanır və yerə düşdükdə uşaqlar “Ənzəli” sözünü qışqırırlar.

Vəndam kəndi

Respublikada ən böyük kəndlərdən biri rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Yalnız İsmayıllı və Qəbələdə yetişdirilən qızıl əhmədi alma növü də bu bağların məhsuludur. 

Kənddə xalça sexi, ağac üzərində oyma emalatxanası fəaliyyət göstərir.

Dağın ətəyində yerləşən “Duyma” istirahət zonasında at kirayələyib ətrafı gəzmək olar.

Küsnət kəndi

Qəbələ rayonunun şimal hissəsində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bir zamanlar bu kənd yazıçı və hərbi xadim, “Müqəddəs Georgi” ordeninin ilk azərbaycanlı kavaleri İsmayıl bəy Qutqaşınlının yay iqamətgahı olub. 

Yerli əhalinin başlıca məşğuliyyəti dulusçuluqdur. Burada dulusçuluq məmulatlarının istehsalı prosesinə tamaşa etmək və suvenirlər almaq olar. Yerli dulusçular öz məhsullarını bütün rayon ərazisində satırlar.

Yeddi gözəl şəlaləsi

Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir.

Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Aşağıdan yalnız iki kiçik şəlalə görünür. Qalan beş şəlaləyə baxmaq üçün sərt pillələrlə yuxarı qalxmaq lazımdır ki, bu da müəyyən fiziki güc tələb edir. Lakin bu çətin yolu qət edənləri əsrarəngiz panorama gözləyir. Burada restoran və çayxana da var. Şəlalə günəş şüalarının sirayət etmədiyi qalın meşəlikdə yerləşdiyindən həmişə qaranlıq və sərin olur.

Mucuq şəlaləsi

Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər. Lazanın 7 kilometrliyində - Mucuq kəndinin xarabalıqlarının şimal-şərq hissəsində böyük şəlalə var. Şəlaləyə çatmaq üçün at belində 1,5 saata qət edəcəyiniz yolu yerli bələdçilərin köməyilə getmək məsləhətdir, çünki təcrübəsiz adam üçün bu ərazidə at sürmək çətin olar. 

Əvvəlcə sizin qarşınıza kiçik şəlalə çıxacaq və böyük şəlaləyə çatmaq üçün uzun məsafə qət etmək lazım gələcək. Nəhayət, üç saatlıq yoldan sonra rayon mərkəzinin 20 kilometrliyində Durça kəndindən yuxarıda və Qafqaz dağlarının ətəyində 54 metr yüksəklikdə olan sıldırım qayadan sürətlə tökülən Mucuq şəlaləsini görəcəksiniz. Bu gözəl mənzərənin qarşısında yolun bütün yorğunluğu unudulur. Şəlaləyə yaxınlaşmaq üçün kifayət qədər böyük məsafədə yol qət etməlisiniz. Böyük yük maşını ölçüsündə olan daşların üzərindən hoppanaraq irəliləmək lazım gələcək. Bu zaman şəlalə qayaların arxasında yox olur. Bundan sonra bir nəfərin çətinliklə sığacağı darısqal daş tuneldən sürünərək keçməlisiniz. Nəhayət, siz gurultusu qulaq batıran və sıçrantısı səyahətçini sərinlədərək ətrafa yayılan şəlalənin altındasınız.

“Qəbələnd” Əyləncə Mərkəzi

“Qəbələnd”, yaxud “Qafqaz Park” təkcə Qəbələdə deyil, həmçinin bütün bölgədə ən böyük əyləncə mərkəzidir. Ümumi ərazisi 16 hektar olan bu nəhəng attraksion parkı 40-dan çox əyləncə obyektindən – attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları, kartinqdən ibarətdir.

Burada qayaya dırmananlar üçün kompleks, ekstremal idman növləri üçün tikililər, qapalı buz meydançası, 8 metr yüksəklikdən suya düşən qayıqlar və başqa əyləncə vasitələri ziyarətçilərin sərəncamına verilir. Bu mərkəzə gündəlik minə yaxın insan gəlir, onun xidmətlərindən isə eyni vaxtda 800 nəfər istifadə edə bilər.

Mürəbbə festivalı

Avqust ayında Qəbələyə gələnlər qeyri-adi mürəbbə növlərinin dadına baxmaq üçün burada keçirilən Beynəlxalq Mürəbbə Festivalına baş çəkə bilərlər. Ötən il festivalda dünyanın 25 ölkəsindən və Azərbaycanın 45 şəhər və bölgəsindən 3500 növ mürəbbə təqdim olunub. Tədbirin münsiflər heyətinin tərkibinə kulinariya sahəsində adlı-sanlı beynəlxalq ekspertlər və müxtəlif ölkələrdən gəlmiş ən yaxşı aşpazlar daxildir. Onlar festivalın rəsmi hissəsində müxtəlif nominasiyalar üzrə ən yaxşı mürəbbə növlərini seçir və mükafatlandırırlar. 

Çiyələk, ərik, gavalı, böyürtkən, heyva, gilənar və digər meyvələrdən hazırlanan ənənəvi mürəbbə növləri ilə yanaşı, burada ekzotik çeşidlər – kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq tumu, rozmarin, çuğundur və başqa inqrediyentlərin istifadə olunduğu mürəbbələrə də rast gəlmək olar. 

 

Mənbə: Azərtac.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR