Qazaxıstanlı nazir: "Bu ilin sonuna qədər Azərbaycanla ticarət dövriyyəsinin ikiqat artırılması ilə…
Astanada səfərdə olan və Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov və onun qazaxstanlı həmkarı Kanat Bozumbayev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələsindən də danışıblar.
Bu barədə “Report” “Kazinform” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, K.Bozumbayev bildirib ki, bu ilin ilk 8 ayından Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi illik müqayisədə 2,1 dəfə artaraq 168 mln. ABŞ dolları təşkil edib: “2017-ci ildə ölkə rəhbərləri ticarət dövriyyəsini yaxın 2-3 il ərzində 2 dəfə artırılması barədə tapşırıq vermişdilər. Biz təxmin edirik ki, builki artım tendensiyası saxlanılacaq və ilin sonuna qədər ticarət dövriyyəsinin ikiqat artırılması ilə bağlı qarşımıza qoyduğumuz məqsədə nail olacağıq".
Onun sözlərinə görə, 8 ay ərzində Azərbaycanın Qazaxıstandan idxalı 2 dəfədən çox, ixracı isə 75-76% artıb. Azərbaycan tərəfi Qazaxıstan üçün metal konstruksiyalar, borular və s. tədarük edir ki, onlar da ölkənin qərbində neft əməliyyatlarının aparılması, “Tengiz” yatağının modernizasiyasında istifadə edilir. Qazaxıstan isə Azərbaycana kənd təsərrüfatı, maşınqayırma və neft məhsullarını tədarük edirik. Hazırda iki ölkənin dəmir yolu idarələri arasında vaqon və lokomotivlərin tədarükü, həmçinin ixrac öncəsi maliyyələşdirmə ilə bağlı müzakirələr aparılır”.
P. Şahbazov isə bildirib ki, 2018-ci ilin nəticələrinə görə, ticarət dövriyyyəsində ciddi artım mövcuddur. Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq sayəsində geniş spektr mövcuddur: "Bura bir sıra sahələr – iqtisadiyyat, mədəniyyət və s. daxildir. Bizim demək olar bütün məsələlər üzrə çoxtərəfli əməkdaşlığımız mövcuddur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət