Slimfit
  1. İQTİSADİYYAT

“Qaynayan neft qazanı” - Dünya iqtisadiyyatı üçün “qısaqapanma”

“Qaynayan neft qazanı” - Dünya iqtisadiyyatı üçün “qısaqapanma”
Sakura

“Qaynayan neft qazanı” - Dünya iqtisadiyyatı üçün “qısaqapanma”

Pərviz Heydərov yazır...

Qədimdən misal var, təxminən belə deyilir, su meymunun boğazına çıxanda, balasını ayaqları altına qoyar. İqtisadi maraq da elə cəhət və amildir ki, nəhayətdə bütün siyasi ambisiyalara üstün gəlir.

Söhbət ondan gedir ki, dünya neft bazarındakı vəziyyətlə bağlı nəinki yaxın, hətta orta perspektiv üçün müsbət proqnoz vermək mümkün deyil. Başqa sözlə, yaxşı nəyəsə ümid etməyə heç bir əsas yoxdur.

Belə ki, tələbin getdikcə aşağı düşməsi fonunda hasilatın durmadan artırılması uğrunda qızğın yarış gedir. Dünya neft bazarı tarixində hələ belə hala rast gəlinməyib. Dəfələrlə qeyd etdiyim kimi, neftin qiymətini sabit saxlayan OPEC+ ölkələrinin 2016-cı ilin ikinci yarısından etibarən hasilatı məhdudlaşdırmaq mövzusunda bir araya gəlmələri və bu barədə yekdil qəbul etdikləri qərar olub.

Əks halda, tələb onsuz da aşağı səviyyədə olduğundan, OPEC+ ölkələri həmin qərar və yekdilliklərini hələ ötən ilin əvvəlində pozsaydılar, qiymətlər elə o vaxt azı 40-45 dollaradək düşəcəkdi. Məsələ burasındadır ki, indi koronavirusla bağlı qlobal iqtisadi fəallığın sıfıra enməsi də buna əlavə olunduğundan, bu gün faktiki olaraq “qara qızıl”a heç bir tələb qalmayıb.

Yəni dünyada ilk dəfə elə bir vəziyyət formalaşıb ki, neft deyilən məhsula və ya xammala sanki heç kimin ehtiyacı yoxdur. Parodoksal və olduqca ziddiyyətli məqam isə ondan ibarətdir ki, bununla belə, iri istehsalçılar bir-birinin acığına hasilatı daha yüksək səviyyəyə qaldırmaq imkanları axtarırlar. Bu mənada, aprel ayı lap pis olacaq.

Qiymətlər, ola bilsin ki, 20 dollardan da aşağı düşsün. Məsələn, Norveç dünya bazarlarında qiymətin 25 ABŞ dolları səviyyəsində olmasına rəğmən, hasilatı artırmaq imkanlarının olduğunu və bundan istifadə edəcəyini bildirib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı may ayında hasilatı bir az da yüksəldəcəyini bəyan edib. Gündə 600 min barel... Bu isə o deməkdir ki, adıçəkilən ölkənin gündəlik ixracat həcmi 10,6 milyon barelə qədər yüksələcək. Halbuki sutkalıq tələbat sürətlə aşağı düşməkdədir.

Bir sözlə, hazırda vəziyyət elədir ki, hətta OPEC+ ölkələri möcüzə nəticəsində bir araya gələrək, yenidən razılıq əldə etsələr belə, qiymətlər bahalaşan deyil. Yeri gəlmişkən, OPEC-in qiymətləndirməsinə görə, 2019-cu il ərzində dünyada neftə gündəlik tələbat 99,67 milyon barel təşkil edirdi.

İndi təkcə aprel ayında gündəlik tələb, qeyd edildiyi kimi, 20 milyon barel həcmində azalarsa, qiymətləri nə gözlədiyini təsəvvür etmək çətin deyil. Çünki avtomobillərdən istifadə azalıb, təyyarələr uçmur, zavodlar işləmir, adamlar işə getmir - bu, 2008-ci ildəki qlobal maliyyə və iqtisadi böhrandan altı dəfə pis vəziyyətdir.

Hazırda təkcə ABŞ-da 193 milyon, ümumən dünyada isə 2,3 milyard insan izolyasiya vəziyyətində yaşayır. Dünya üzrə aviasiya sektoru 50 faiz gücü ilə işləyir. Odur ki, qiymətlərin sabitləşəcəyini gözləmək qeyri-mümkündür.

Bu arada (martın 31-i) ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefonla danışdıqları məlum olub.

Belə ki, hər iki prezident neftin dünya bazarlarında hazırkı qiymət səviyyəsinin nə ABŞ, nə də Rusiya üçün sərfəli olmadığını dilə gətiriblər. Vəziyyətdən çıxmaq üçün isə hər iki ölkənin dövlət başçılarının nə kimi addım atacaqları - bunu müzakirə edib-etmədikləri bəlli deyil.

Girişdə qeyd etdiyim misal təsadüfi deyildi. Məsələ və yaxud həqiqət ondan ibarətdir ki, “qazanı qaynadan”, əslində, elə Rusiyanın özü ilə Səudiyyə Ərəbistanı sayılır. Hansı ki, sonuncu Vaşinqtonun əzəli və əbədi müttəfiqidir. Aydın deyil ki, ABŞ Ər-Riyadı kənarda qoyub, Moskva ilə niyə danışır...

Vaşinqton, görəsən, Səudiyyə Ərəbistanını “yola gətirə” bilməz ki, hasilatı artırmasın? Yeri gəlmişkən, ABŞ üçün neftin 1 barelinin 40-45 dollar səviyyəsində olması qənaətbəxş rəqəmdir. Rusiya üçün isə bu rəqəm, heç olmasa, 55-60 dollar səviyyəsində olmalıdır.

20-25 dollar heç Səudiyyə Ərəbistanının özü üçün də sərfəli deyil. Sadəcə olaraq, dünyada ən ucuz (maya dəyəri 4-5 dollar) hasilat məhz Səudiyyə Ərəbistanında olduğundan, Ər-Riyad neft bazarında qiymət enişinə Vaşinqtonla Moskvadan daha çox davamlıdır. Ancaq bu da sona qədər deyil.

Göründüyü kimi, əslində, bütün tərəflər əziyyət çəkir. Belə ki, ABŞ-da neft sənayesi çökür, Rusiyada bütün növ makroiqtisadi göstəricilər, dayanıqlılıq tənəzzülə uğrayır, Səudiyyə Ərəbistanında isə investisiya imkanları tükənir. Bu, bütün dünya iqtisadiyyatı üçün “əyləcin basılması və qısaqapanma” deməkdir.

Tələbin sıfırlandığı bir şəraitdə hasilatı durmadan artırmaq yolu ilə təklifin şişirdilməsi, koronavirus bəlası sovuşub getsə belə, qlobal iqtisadiyyatın orta müddətdə əvvəlki vəziyyətini bərpa etmək məsələsini tamamilə mümkünsüz edir.

Təkcə bunu qeyd etmək kifayətdir ki, bilavasitə neft bazarının koronavirusun yaratdığı təsirlərə bundan sonra duruş gətirmək imkanı maksimum 3-4 aydır. Belə ki, sözügedən bəla ilin sonunadək davam edərsə, neftin qiyməti 2022-ci ilə qədər 30 dolları “görməyə” bilər. Bütün bunlardan ən çox kim əziyyət çəkəcək?! Təbii ki, Birləşmiş Ştatlar...

Ümumiyyətlə, neft sənayesinin uzunmüddətli enişi ilə işsizliyin artması, həmçinin, dolların beynəlxalq maliyyə bazarlarında mövqeyinin sarsılması Ağ Ev üçün arzuolunan deyil. Odur ki, hesab edirəm, Vaşinqton bu dəfə özü Ər-Riyadı Moskva ilə razılığa gəlməyə vadar edəcək. Bir az əvvəl, yəni OPEC+ ölkələrinin yekdil mövqeyi fonunda neftin qiyməti 60 dollar olarkən Krallığın Kremllə məlum sövdələşməsini dəfələrlə sərt tənqid etməsinə rəğmən...

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR