Slimfit
  1. ƏDƏBİYYAT

Qasım bəy Zakir - Tülkü və şir

Qasım bəy Zakir - Tülkü və şir
Sakura

Qasım bəy Zakir - Tülkü və şir

Əyyami-sabiqdən edim hekayət, 
Mustəme olanlar aparsın ləzzət.
 
Çin bəhrində bir cəzirə var idi, 
Ziyadə basəfa ələfzar idi.
 
Tən edərdi ol behişti-bərinə, 
Yox idi aləmdə ona qərinə.
 
Tutmuşdu həşərat şol mülki vətən, 
Turfə canəvərlər salmışdı məskən.
 
Təqdiri-qəzadan bir şir, ittifaq, 
Gözəl sərzəmini eylədi yataq.
 
Sair heyvanata təng oldu məaş, 
İçlərinə düşdü aşubü pərxaş.
 
Gündə üçün, dördün qovub tutardı, 
Yeyib, gəlib öz yerində yatardı
 
Yığılıb bir yerə oldu fərahəm 
Cəzirədə nə var isə bişü kəm.
 
Binayi-məşvərət etdilər ağaz, 
Axırda tutdular bu sözü mümtaz:
 
"Bizdə yox onunla qüdrəti-cədəl, 
Ya gərəkdir çəkək bu vətəndən əl,
 
Ya qoyaq onunla binayi-saziş, 
Dolanıb arxayın, edək güzariş.
 
Pərişan olmasın, barı sağımız, 
Yüyürməkdən saf əridi yağımız".
 
Çox keçdi arada dəlil, dəlail, 
Küllühüm bu əmrə oldular qail.
 
Tülküyə dedilər: "ey yari-pürfən! 
Bu təklifi bizdən qəbul eylə sən.
 
Çünki onlar ilə başdan, binadan 
Birevli kimisiz ata-babadan.
 
Düşəndə eylərlər sizə məsləhət, 
Xahi aşikara, xahi də xəlvət.
 
Dur bu gün varid ol hüzuri-şirə, 
Rəhmin gəlsin binəvayə, fəqirə.
 
De ki, ey sərhəngi-külli-dirrəndə! 
İnsafü mürüvvət yoxdurmu səndə?
 
Güzarın düşübdür bizim vətənə, 
Cannisarıq həmə, həq bilir, sənə.
 
Var xəlfəyə təəllüqü Bağdadın, 
Neçin yamanlığa çəkilsin adın?
 
Sülhü səlah ilə düzələ bir kar, 
Bu qəhrü ğəzəbin nə surəti var?
 
Kimdir səndən edə müzayiqə can, 
Keç bu mərhələdən, aman, əl'aman!
 
Nə layiqdir sənin kimi sərvərə, 
Bais ola belə nahaq işlərə;
 
Yol kəsə dəmbədəm həramilər tək, 
Vura, tuta, yıxa müxlisin görçək.
 
Şah istəsə olsun rəiyyət abad, 
Gərək aralıqda bir qərardad.
 
Sən ağa, biz sənə bəndeyi-fərman, 
Zilli-himayətdə qoy gəzək hər yan.
 
Dəhyeki-divanə nədir sözümüz, 
Bu yolları yaxşı billik özümüz.
 
İtaət etməsə malikə məmluk, 
Olmaz aralıqda təriqi-süluk.
 
Gündə bir çarpa eylərik irsal, 
Yeyərsən, yatarsan bicürmü vəbal".
 
Göftü şeno ta ki, yetdi payanə, 
Görək tülkü nə gətirdi bəhanə!
 
Dedi: "əsirgəməm bir qaşıq qanı, 
Vəli laf uranlar gen gündə, hanı?
 
Xırsi-qəviheykəl, xuki-pürğürur, 
Gürgi-şikarəfkən, çəqqali-məğrur.
 
Yaxşı gündə mənəm-mənəm deyənlər, 
Ovu göydə alıb, göydə yeyənlər.
 
Seyd edən zamanda salmazlar yada, 
Deməzlər bir parça verək ona da.
 
Yaman gündə tamam durub kənara, 
İstər bir fənn ilə özun qurtara.
 
Məni qətlgahə eylərlər rəvan, 
Mən rubahi-aciz, o şiri-cəyan.
 
Əgər bir pəmbəçə vura sərimə, .
Xürdü xəmir olub dollam dərimə.
 
Dinəndə deyirsiz əhli-tədbirik, 
Məsəldir: güclüyə nə dözər çürük.
 
Göndərin laəqəl mərdi-hünərvər, 
Yetirsin ərziniz, gətirsin xəbər".
 
Yerbəyer dedilər: "ey tülkü qardaş, 
Bu sözü söyləməz əcamir, ovbaş.
 
Küllühüm aləmi tuta qiylü qal, 
Heç adətdə yoxdur elçiyə zəval.
 
El namusu elə düşər, əzizim, 
Yaman yerə yetib işimiz bizim.
 
Doğrudur, gen gündə biz laf urarıq, 
Gərdən çəkib, yal qabardıb durarıq;
 
Hanı bizdə şöylə adabü ədəb, 
Təqrirati-məlih ləfzi-müntəxəb;
 
Böyük hüzurunda deyək, danışaq, 
Kürəyə düşməyən olmaz yumuşaq
 
Bir ağaca çəkilməyə ta törpü,
Nə dər olur, nə dərvazə, nə körpü.
 
O ki, sənsən - hər elmdə mahirsən, 
Fəhmü fərasətdə xəlqə zahirsən.
 
Yüz kari-müşkülə gər qoyasan əl, 
Göz yumub açınca səyin eylər həll.
 
Xidmətində eyləmişik təğafül, 
Əfv eylə cürmümüz, ey piri-aqil!
 
Hörmətin lazımdır bizlərə, əmma 
Axtarma keçəni, "məza ma məza".
 
Əgər ki, olmasa səndən bir çarə, 
Gərəkdir vətəndən olaq avarə".
 
Söylədilər əfzun, dedilər bihədd, 
Tülkü eyləməyib iltiması rədd,
 
Yola düşüb getdi badi-sərsər tək, 
Təbəssüm eylədi şir onu görcək.
 
Çün özü bu əmrə minnətkar idi, 
Baş tutdu, dərzaman meyli var idi.
 
Qayıdıb yetirdi xəlqə bəşarət: 
İndən belə dəxi gəzin fərağət.
 
Bəs ki, hasil oldu bu müddəalər, 
Eylədilər şahə xeyrü dualər.
 
Hər firqədən gündə bir fərbeh davar 
Göndərdilər, həm şam ola, həm nahar.
 
Bu hal ilə dolandılar bir muddət, 
Ta inki tülküyə yetişdi növbət
 
İlk axşamdan çavuş eylədi izhar 
Kim: "rəsəd sizindir, olun xəbərdar.
 
Göndərin gecədən bir rübahi-çağ, 
Məbada ki, əmir ola bidamağ".
 
Var idi bir qürfən kədxudaləri, 
Çox yola salmışdı belə işləri.
 
Əshabü əqranın yığıb səmtinə, 
Dedi: "bu keyfiyyət ar gəlir mənə;
 
Bizim hiyləmizdən çərxi-kəcrəftar 
Gecə-gündüz daim ölüm arzular.
 
Vəhmü hərasından afitabü mah 
Çəkir üzlərinə pərdeyi-siyah.
 
Əksimizi görsə suda divü dəd, 
İlim-ilim itər ta ruzi-əbəd. 
 
Yarım saat əgər bizi görsə ac, 
Özün kola soxar qırqovul, turac.
 
Hər məkrdə ola ictihadımız, 
İndi ara yerdə itə adımız.
 
Həq bilir, deyiləm mən ziyanlıqdan, 
Ölüm yeydir belə zindəganlıqdan;
 
Əbəs-əbəs gələ bir şiri-həpənd, 
Dövləti-qədimə yetirə gəzənd.
 
Bu əmrin olmasa bizdə çarəsi, 
Sağalmaz ölüncə bilin yarəsi".
 
Dedilər ki, ey sərxeyli-əqrəba, 
Xaliq edib səni bizə kədxuda.
 
Olmasaydı səndə fəhmü fərasət, 
Bir məlcəü məva tapardıq, əlbət.
 
İxtiyar sənindi, səlah sənindi, 
Nə isə, tədbirin işə sal indi.
 
Kədxuda üstünə karı yıxdılar, 
Sözlərin danışıb, tez dızıxdılar.
 
Sübhədən yatmayıb qoca kədxuda, 
Bəstəri-fikrdə çevrindi ol, ta
 
Səhər oldu, ay gizləndi, gün doğdu, 
Ol qədər atının cilovun boğdu,
 
Keçdi şirin naharının zamanı, 
Kəsildi açından tabü təvanı.
 
Ahəstə-ahəstə üftanü xiyzan 
Yetişib hüzura çəkdi əlaman.
 
Dedi: "ey sərvəri-külli cəzirə, 
Rəhmin gəlsin binəvayə, fəqirə.
 
Bir ölkənin olmaz iki sərdarı, 
Lazımdır ki, sən çəkəsən bu arı;
 
Gətirirdim sizə bir fəhbeh şikar, 
Ərzi-rəhdə oldum bir şirə düçar.
 
Bunca dedim, töməsidir əmirin, 
Həddi nədir olsun hər yetən şirin?
 
Pəndü nəsihətə olmayıb qail, 
Göndərdi bir neçə föhşü latail.
 
Zor ilə şikarı əlimdən aldı, 
Özümə də bir yol pəmpəçə saldı.
 
Koldan-kola qaçıb gəlmişəm naçar, 
Mundan sonra dəxi ixtiyarın var".
 
Bir tərəfdən aclıq, bir yandan söyüş, 
Şir özün itirib, getdi əqlü huş.
 
Halü təbiətdən çıxdı bir babət, 
Sözün axırına verməyib fürsət,
 
Yola düşüb dedi: "dayanma, zinhar, 
O yer ki, görübsən, məni tez apar!"
 
Sabiqən görmüşdü bir çahi-pürab, 
Fil düşsə olurdu mədumü nayab.
 
Çəkə-çəkə getdi quyu səmtinə, 
Dübarə başladı təzərrö yenə.
 
Dedi: "yaxınlaşıb şirin məkanı, 
Məndə yoxdur dəxi getmək imkanı.
 
Məgər ki, alasan püşti-sərinə, 
Görən dəmdə tullayasan girinə,
 
Edəsən onunla cənki-sultanı, 
Mən olam nüsrətin mədihəxanı".
 
Əhməq ol pürfəni alıb dalına, 
Hər kimin əqli var xoşa halına!
 
Quyu kənarına ta kim, yetişdi, 
Nəzəri özünün əksinə düşdi.
 
Eylə sandı şiri-peykardır bu, 
Sıçradı üstünə bivəhmü qayğu.
 
Tülkü özün atmış idi kənarə, 
Qərqi-fəna oldu dər-dəm biçarə
 
Hiylə ilə xəlqi eylədi azad, 
Qayıtdı mənzilə xürrəmü dilşad.
 
Çoxdur yolu bu məsəlin dünyadə, 
Mən özüm görmüşəm həddən ziyadə.
 
Biri o kim, hər kəs xəlqə zülm edər, 
Aqibət ədl ilə fənayə gedər.
 
Biri o kim, hakimani-bitədbir 
Çahi-intiqama ğərq olur çün şir.
 
Biri o kim, biməsləhət, biəndiş 
Bu dari-dünyadə düzəlməz heç iş.
 
Biri o kim, sanma düşməni həqir, 
Eylər səni axır bəlayə əsir.
 
Xətadır dolanmaq, xülasə-kəlam, 
Xətm oldu hekayət, baqi vəssəlam!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR