Dərc edildi: Baxış sayı: 807
Qasım bəy Zakir - Ay mədəd
Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bır məkanə, ay mədəd.
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd.
Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd.
Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd.
Ayrı düşmək vətənimdən yamandı,
Diyari-qürbətdə öldüm, amandı.
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd.
Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət