“Qarabağ”ın yeni transferi cəzalı çıxdı: Çox məyusam
Oxu.Az xəbər verir ki, futbolçu hələ dörd il əvvəl "Neftçi"də çıxış etdiyi vaxt üç oyunluq cəzalandırılıb.
Belə ki, 2015-ci ilin iyulun 10-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost" (Monteneqro) – "Neftçi" (Azərbaycan) oyununun (1:1) sonunda baş hakim səhvən hazırda “Qarabağ”da çıxış edən mərkəz müdafiəçisi Rahil Məmmədlinin əvəzinə Ailtona qırmızı vərəqə göstərib. UEFA isə birbaşa qırmızı vərəqəyə görə Ailtona üç oyunluq avrokuboklarda meydana çıxmamaq cəzası verib.
Artıq Ailton Portuqaliyanın "Braqa" klubu ötən mövsüm Ukrayna "Zarya"sı ilə Avroliqanın III təsnifat mərhələsində qarşılaşarkən meydana çıxmamaqla iki oyunluq cəzasını başa vurub. Bu üzdən o, “Qarabağ”ın iyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə Tiranadakı ilk görüşündə yeni komandasına kömək edə bilməyəcək.
Yeri gəlmişkən, Almaniyanın “Ştutqart” klubundan bir illik icarə əsasında heyətə qatılmış futbolçu bu barədə də danışıb:
“Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm. Mən son iki həftədir “Ştutqart”la məşqdə iştirak edirdim. Düzdür, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar? Cavab oyununda meydanda olmaq üçün çalışacağam”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət