Qarabağın işğaldan azad edilən ərazilərində seysmik cihazlar və su anbarlarının son vəziyyəti necədir?
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,“İşğal dövründə Respublika Seysmoloji Xidmət Mərkəzinin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib.
Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələr aparmaq mümükün olmayıb”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Qarabağ ərazisi seysmik aktivliyi ilə seçilən, seysmoloji baxımdan öyrənilməsi vacib olan zonalardandır:
“Biz bu illər ərzində öz tədqiqatlarımızı bölgəyə yaxın ərazilərdə olan seysmoloji məntəqələrdən əldə olunan məlumatlardan istifadə edərək davam etdirirdik.
Artıq işğala son qoyuldu və Respublika Seysmoloji Xidmət Mərkəzində bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Qeyd etməliyəm ki, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaları fəaliyyət göstərir.
Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur.
Qeyd etməliyəm ki, artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb
Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları vardır. Biz yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırırıq. Həmçinin, yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcəyik.
Mərkəzinin Mingəçevir, Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığının qiymətləndirilməsində, su bəndinin torpaq hissəsində, anbardan çəkilmiş kanalların keçdiyi yerlərdə sürüşmə, uçqun meyilli sahələrin müəyyən edilməsinə dair beynəlxalq səviyyədə icra olunmuş çox yüksək texnologiyalar və emal proqramları əsasında icra etdiyi layihələr vardır. Bizim mütəxəssislər bu işlərin görülməsində xeyli təcrübə qazanıb.
Mərkəzin ABŞ, Kanada istehsalı olan müasir, yüksək dəqiqlikli maqnitometrlər, qravimetrlər, mühəndisi seysmik işləri aparmaq üçün seysmik avadanlıqlar, müasir CPS sistemli cihazlar, meyilliliyi ölçən Tiltimetr və başqa ölçü avadanlıqları var ki, həmin avadanlıqlarla aparılan tədqiqat işləri zamanı mühüm nəticələr əldə edilir.
Bundan başqa, hazırda tərəfimizdən işğaldan azad olunan Qarabağ ərazisində su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və hazırda seysmik dayanıqlılığı barədə araşdırmalar aparmaq üçün layihələr hazırlanır”.
Q.Yetirmişli qeyd edib ki, hazırda Qarabağ ərazisində ümumilikdə 24 su anbarı var və bunların, demək olar, hamısı qəzalı vəziyyətdədir.
“Bu su tutumlarından 22-si meliorasiya təyinatlı su anbarıdır, bir çoxunda balıqçılıq təsərrüfatı yaradılıb. Su anbarlarından ikisi isə Sərsəng və Suqovuşan enerji mənbəyi təyinatlıdır.
Ermənilərin işğal təcavüzü hidroenerji təyinatlı su anbarlarının uzun illərdir seysmik dayanıqlılığını öyrənməyə imkan verməyib. Sərsəng su anbarı 50 MqVt, Suqovuşan -1 su anbarı 4.8 MqVt və Suqovuşan -2 su anbarı isə 3 MqVt gücə malikdir.
Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, indiki Tərtər rayonu ərazisində inşa edilmişdir. Bu anbarın su tutumu 565 mln m-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m, bəndinin hündürlüyü 126 m və uzunluğu 550 m-dir.
Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bənddir. Sərsəng su anbarından buraxma sistemi ilə “Sərsəng” HES istiqamətinə saniyədə 70 m su buraxıla bilir. Sərsəng su anbarından şərqə Suqovuşan su anbarı yerləşir. Bu su anbarı da Sovet dönəmində inşa edilib və bu anbar kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilirdi.
Bundan əlavə, Qarabağ ərazisində Ağdam rayonunda Xaçın çayı üzərində yerləşən Xaçın su anbarı, Qarabağın cənubunda Füzuli rayonu yaxınlığında Varanda çayı üzərində eyni vaxtda üç su anbarı, “Varanda-1”, “Varanda-2”, “Varanda-3” Sovet dövründə inşa edilib” .
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət