Dərc edildi: Baxış sayı: 492
Maksim Musayev:”Mən ermənilərin bizlərdən necə qorxduğunu yaxşı bilirəm...”
Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak eytmiş ictimai-siyasi xadimlərdən biri, partiyanın ilk Siyasi Şurasının üzvü, 1970-1982-ci illərdə Azərbaycan komsomolu və Kommunist Partiyası Mərkəzi Komitəsinin Dağlıq Qarabağ üzrə kuratoru kimi çalışmış, 1988-1989-cu illərdə keçmiş muxtar vilayətin müxtəlif bölgələrində yenicə baş qaldıran ekstremist qruplaşmalara qarşı ideoloji mübarizədə fəal iştirak etmiş sabiq deputat Maksim Musayev Moderator.az -a sabah baş tutacaq Qarabağ mitinqi haqqında bunları söylədi:
“Mən Qarabağın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədi ilə atılıan hər bir addım kimi Qarabağla bağlı təşkil ediləcək mitinqi də bəyənir və alqışlayıram. Həmin mitinqin əsas, ali məqsədi dövlətimizə və ordumuza torpaqlarımızın azad edilməsi işində dəstək vermək olmalıdır. Biz bu günlərdən başlayaraq heç olmazsa, 6 ayda bir rayonumuzun bütövlükdə işğaldan azad edilməsi üçün konkret addımlar atmalıyıq. Bilirəm ki, bunun üçün dövlətimizin kifayət qədər iqtisadi imkanı, ordumuzun da yetərli gücü var. Yalnız Naxçıvanın Günnüt kəndi yaxınlığında yenicə azad edilmiş yüksəkliklər ətrafında baş verən proseslərlə bağlı araşdırmalarım göstərir ki, həmin mövqelərə ən vətənpərəvər, cüssəli, döyüşkən, fiziki və hərbi cəhətdən hazırlıqlı hərbçilərimiz yerləşdirilir. Onu da deyim ki, bizim qohumlardan da həmin mövqelərdə xidmət keçənlər var.
Keçmiş parlament üzvü Qarabağ Mitinq komitəsinə təklifdə də bulundu:
“Təklif edərdim ki, Qarabağ mitinq komitəsi elə həmin mitinqdə torpaqlarımızın azadlıq əməliyyatlarında iştirak etmək üçün müxtəlif şəhər və bölgələrdən olan gənclərdən, Ermənistan qaçqınları, məcburi köçkünlər və 1-ci Qarabağ savaşının iştirakçılarından ibarət könüllülərin toplantısını keçirsin və onları təşkil edərək bununla bağlı Müdafiə Nazirliyinə də rəsmi məlumat versin. Düzdü, ordumuzun hazırda buna ehtiyacı yoxdur. Amma düşmənin gözünü qırmaq, xalqın gücünü, torpaqlarını azad etmək eşqini beynəlxalq təşkilatlara, super dövlərlərə nümayiş etdirmək üçün bu da lazımdır...”
Erməni dilində bildiyindən gündəlik Ermənistanın sayt və telekanallarını izləyən 80 yaşlı ictimai-siyasi xadim düşmənlərin xalqımız, dövlətimiz, ordumuz haqqında işlətdiyi təhqiramiz ifadələrə artıq təhəmmülü qalmadığını ifadə etdi:
“Mən özüm Basarkeçərdə dünyaya gəlib xeyli müddət Qərbi Azərbaycanda yaşasam da, nənələrimdən biri Kəlbəcərin Yanşaq, digəri isə Nadirxanlı kəndindəndir. Yəni erməni millətçiləri bizim nəsilləri, dədə-babaları, qohum-əqrəbanı dəfələrlə öz yurdlarından didərgin salıb. Qaçqınlıq, yurdsuzluq dərdinin nə olduğunu yaxşı bilirik... Mən 1989-1990-cı illərdə Azərbaycan Dövlət Qaçqınlar Komitəsinin formalaşmasında, ilk qaçqın və köçkünlərin yerləşdirilməsində də rəhmətlik Feyruz Mustafayevlə birgə fəal iştirak etmişəm. O didərgin insanların nələr çəkdiyinin yaxından şahidi olmuşam...
Bir sözlə, Qarabağ hamımızın dərdidir. Heç kim yaxasını kənara çəkməsin. Bu gün Qarabağın işğal altında qalması bizim hər birimiz üçün həm ruhi-mənəvi, həm də maddi-fizioloji baxımdan ağır bir zərbədir. Bu işğal artıq 3-cü onillikdir ki, bütün dünya xalqları arasında bizlərə başalçaqlığı, utanc hissi yaşadır. Erməni dilini bildiyimdən Ermənistan telekanalları və nəşrlərini gündəlik izləyirəm.
Düşmənlər bizi, xalqımızı, dövlətimizi, ordumuzu “məğlub”, “qorxaq” adlandırır. Bunu özümə sığışdıra bilmirəm. Artıq bu təhqirlərə dözmək olmaz. Eyni zamanda ermənilərin təkbətək döyüşdə bizdən necə qorxduğunu da mən yaxşı bilirəm... Artıq bir xalq olaraq, müxalifət-iqtidar, vəzifəli-vəzifəsiz, kasıb-varlı, ermənistanlı-qarabağlı, naxçıvanlı-bakılı, qarabağlı-gəncəli və s. ayrı-seçkiliyi etmədən qeyrətə gələrək ayağa qalxıb düşmənin ayağını torpaqlarımızdan birdəfəlik kəsməliyik. İnanın ki, mən də bu ahıl çağımda cəbhəyə yollanıb əlimdən gələn köməyi etməyə hazıram. Əgər bizlər bu gün o torpaqların azadlğına nail olmasaq, nəvə-nəticələrimiz gələcəkdə bizlərə nifrət edəcək, bizləri qarğıyacaq. Odur ki, bu günahımızı indi gecikmədən yumalıyıq...”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət