Slimfit
  1. MƏDƏNİYYƏT

Qara Qarayevin ev muzeyindəki qüsurlar

Qara Qarayevin ev muzeyindəki qüsurlar
Sakura

Qara Qarayevin ev muzeyindəki qüsurlar

Daha çox “yubileylər ili” kimi yadda qalmış 2018-ci il həm də Azərbaycan xalqının böyük oğlu, görkəmli musiqiçi, öz istedadı və peşəkarlığı ilə Qərb musiqi fəlsəfəsini fəth etmiş əvəzolunmaz bəstəkar Qara Qarayevin 100 illik tədbirlərinə təsadüf edir. Bu münasibətlə oktyabrın əvvəllərində dahi bəstəkarın Bakıda ev muzeyinin açılış mərasimi baş tutdu. Mədəniyyət ocağının açılışında bir çox tanınmış elm və incəsənət nümayəndəsi, ictimai xadim, bəstəkarın ailə üzvləri iştirak etdi.

Ev muzeyinin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, not vərəqələri, fotoşəkillər, tamaşa, film və konsert afişaları, bəstəkarın şəxsi əşyaları təqdim olunur. Muzeyin kolleksiyasına 300-dən artıq material daxildir. Paytaxtın Nizami küçəsində yerləşən bu mənzildə bəstəkar 1918-1946-cı illərdə yaşayıb.

Qarayev musiqisinin pərəstişkarı olaraq, muzeyin açılmasını böyük sevinclə qarşıladım və bu yaxınlarda həmin məkanı ziyarətə getdim. Qeyri-adi dizaynı və özünəməxsus xüsusi ab-havası olan muzeyi elə ilk baxışdan çox bəyəndim. Bəstəkarın əsərlərini dinləmək, muzeyin divarlarında proyektorlar vasitəsilə onun xronikasına tamaşa etmək, şəxsi əşyalarını və nadir not əlyazmalarını görmək mənə olduqca qürurverici hisslər yaşatdı. Müasir dizaynla tarixi eksponatların, saralmış sənədlərlə virtual fotoqalereyaların vəhdəti ev muzeyinin mahiyyətinə müasir məzmun verirdi. Böyük bəstəkarı yaşatdığı üçün bu işdə əməyi keçən hər kəsə ürəyimdə minnətdarlıq izhar etdim.

Lakin ekspozisiyada şahidi olduğum bəzi məsələlər bu məmnuniyyətin müddətinin yarıda kəsilməsinə və düşüncələrimin tamam başqa səmtə yönəlməsinə səbəb oldu. Belə ki, muzeyin ilk sərgi otağında musiqinin müxtəlif istiqamətlərində bəstələnmiş əsərlər sistemləşdirilərək, balet, simfonik, teatr, kino kimi bir neçə yarımguşəyə ayrılmışdı. Salonda Qara Qarayevin kino musiqisinə ayrıca yer verilməsini təqdirəlayiq hal hesab edirəm. Buna baxmayaraq, gördüyüm bir neçə mübahisəli məqama diqqət çəkmək istərdim:

Birincisi, həmin guşənin əsas elementləri sırasında filmlərin afişaları yer tutur. Burada “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Yaşamaq gözəldir, qardaşım” tammetrajlı bədii filmləri haqqında məlumatlara rast gəlmək mümkündür. İlk iradım “Uzaq sahillərdə” filminin rejissorunun göstərilməməsi ilə bağlıdır. Nəzərə alsaq ki, istənilən kino əsərinin başlıca müəllifi rejissordur və bu fakt “Bir məhəlləli iki oğlan” filmi ilə bağlı yazılarda öz əksini tapıb (İlya Qurin və Əjdər İbrahimovun adları məlumat lövhəsində göstərilib), bu mənada “Uzaq sahillərdə” filminin quruluşçu rejissoru Tofiq Tağızadənin adının məlumat lövhəsində qeyd olunmamasının səbəbini sona qədər anlaya bilmədim.

İkincisi, muzeydə izləyicilərə bəstəkarın çalışdığı kinofilmlərin musiqisini dinləmək imkanı yaradılır. Bu addımı olduqca yüksək qarşılayır və həmin sıraya “Qoyya”, “Don Kixot”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Yeddi gözəl” filmləri ilə yanaşı, “Bir ailə”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Matteo Falkone”, “Leyli və Məcnun” və “Nizami” filmlərinin də musiqisinin əlavə olunmasını israrla təklif edirəm.

Üçüncüsü, burada “Yaşamaq gözəldir, qardaşım” filmi ilə bağlı məsələyə xüsusi toxunmaq lazımdır. Qeyd etmək istəyirəm ki, Azərbaycan kinosu tarixində bu adda yalnız bir tammetrajlı bədii film çəkilib. Həmin film muzeyin məlumat lövhəsində göstərildiyi kimi 1956-cı ildə deyil, əslində 1966-cı ildə istehsal olunub. Filmin quruluşçu rejissorları debütantlar Ramiz Əsgərov və Antonis Voyazosdur. Və ən əsası – həmin filmin musiqisinin müəllifi Qara Qarayev yox, Azərbaycanın digər görkəmli bəstəkarı Fikrət Əmirovdur. Göründüyü kimi, “Yaşamaq gözəldir, qardaşım” (1966) filminin Q. Qarayevin yaradıcılığı ilə birbaşa və ya dolayı yolla heç bir bağlılığı yoxdur.

O zaman rəsmi şəkildə izləyicilərə təqdim olunan bu yanlışlıq nədən qaynaqlanır? Muzeyin məlumat lövhəsində filmin rejissor ssenarisinin ilk iki səhifəsi nümayiş etdirilir ki, məsələyə məntiqi izahı yalnız həmin nümunə vasitəsilə tapmaq olar. Çünki bu tarixi sənəddir və ona indiki halda istinad etmək mühüm şərtdir. Rejissor ssenarisində filmin adının “Mən yaşayacağam” (“Я буду жить”) olduğunu görmək mümkündür. Ssenari müəlliflərinin Nazim Hikmət və A. Begiçeva, quruluşçu rejissorların isə İlya Qurin və Əjdər İbrahimov olaraq göstərildiyini nəzərə alsaq, bu filmin məhz “Bir məhəlləli iki oğlan” filminin kağız üzərində ilkin işçi variantı olduğuna heç bir şübhə qalmır. Bu ekran əsərinin bəstəkarının Qara Qarayev olduğu isə hər kəsə məlumdur. Eyni zamanda, həmin mənbədən filmin Bakı kinostudiyası və M. Qorki adına kinostudiyanın müştərək layihəsi olduğunu oxuyuruq ki, bu da “Bir məhəlləli iki oğlan” filminin istehsalçı qurumları ilə üst-üstə düşür. Adı çəkilən filmlə üst-üstə düşən daha bir fakt isə artıq özündən sonra heç bir suala yer saxlamır. “Я буду жить” adlı ssenarinin ilk sətirlərini elə muzeyin divarlarından oxuyaraq, bu faktdan xəbərdar olmaq mümkündür: “Я из этих земель. Меня зовут Азис. Доктор Азис”.

Ardınca həmin obrazın daha bir kiçik monoloquna rast gəlirik: “Странно, но эта деревня называется «Ворота рая»”. Muzeydə “Yaşamaq gözəldir, qardaşım” adı ilə təqdim olunan bu monoloqu isə “Bir məhəlləli iki oğlan” filminin ilk dəqiqələrində açıq-aydın eşitmək mümkündür.

Beləliklə, buradan belə bir nəticəyə güman etmək olar ki, həm “Bir məhəlləli iki oğlan”, həm də Qara Qarayevin yaradıcılığı ilə əlaqəsi olmayan “Yaşamaq gözəldir, qardaşım” filmlərinin hər ikisinin ssenarisinin Nazim Hikmət tərəfindən yazılması bu cür qarışıqlığa səbəb olub. Nəticə etibarilə, muzeydə “Я буду жить” adlı həmin ssenariyə ayrıca yer hazırlamaq və ona “Yaşamaq gözəldir, qardaşım” kimi başlıq vermək qətiyyən doğru sayıla bilməz. Çünki rejissor ssenarisinin həmin iki səhifəsi məhz “Bir məhəlləli iki oğlan” filminə aid hissənin davamı kimi verilməlidir.

Dördüncüsü, sonuncu ekspozisiya otağında bəstəkarın vəfatını və dəfnini əks etdirən fotoşəkillər sərgilənir. Otaqda xüsusi monitor quraşdırılıb və davamlı şəkildə bəstəkarla bağlı sənədli film nümayiş etdirilir. Ümumiyyətlə, sənədli film xronometraj etibarilə kiçik həcmli olmadığına görə, daha fərqli auditoriya və izləmə rahatlığı tələb edən audiovizual məhsul nümunəsidir. Ona görə də, bu sənədli filmin əvəzinə muzeyin həmin ekspozisiya zalının mövzusuna uyğun olaraq, Qara Qarayevin dəfnini əks etdirən, 1982-ci ilə aid kinoxronikanın (belə bir xronika mövcuddur) nümayiş etdirilməsini daha məqsədəuyğun hesab etmək olar.

Yekun olaraq, bu yazıda qeyd olunan təklif və iradların yalnız müsbət məram daşıdığını, heç bir qərəz əks etdirmədiyini vurğulamaq istərdim. Azərbaycanın mədəni həyatında hadisəyə çevrilmiş bu muzeyə kifayət qədər tamaşaçı marağını nəzərə alaraq, yuxarıda sadalanan məsələlərə tez bir zamanda baxılmasını, lazım gələrsə, Azərbaycan Dövlət Film Fondundan mütəxəssislər dəvət olunmasını bütün səmimiyyətimlə arzu edir və bir daha muzey rəhbərliyi başda olmaqla, bütün kollektivə uğurlar arzulayıram.

Müəllif: Babək Abbaszadə

Mənbə: AzNews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR