Slimfit
  1. TARİXDƏ BU GÜN

Qara Qarayevin 101-ci doğum günüdür

Qara Qarayevin 101-ci doğum günüdür
Sakura

Qara Qarayevin 101-ci doğum günüdür

Azərbaycanın dahi bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), SSRİ Ali Sovetinin IV-IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki Qara Qarayevin 101-ci doğum günüdür.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.
Qara 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub. Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Hacıbəyov ilk andan Qara Qarayevin gələcəkli istedadını aşkarlaya bilmişdi. Sonralar Qara Qarayev belə söyləyirdi: "O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı..." 
Qarayev muəllimi Üzeyir Hacıbəyova bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlamışdı. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin "Aşıqsayağı" simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı

 
Qara Qarayev müəllimi Üzeyir Hacıbəyov və sinif yoldaşları Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənovla birgə. 1941-ci il

Uğurları
Q.Qarayev 1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. Moskvadan qayıtdıqdan sonra Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutub. 1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin, 1948–ci ildə isə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilib. Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayıb. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olub. 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib. 1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. 1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyib. 1959–cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

Q.Qarayev dünya arenasında
1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalında iştirak edib. 1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misirə gedib. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak edib. 1965–ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub. 1968–ci il aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olub. 1969–cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəsənət ustaları arasında Yaponiyaya səfər edib. 1971–ci ildə "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olub. 1973-cü ildə modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib. 1976-cl ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyaya yollanıb. 1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olub, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulub.


Qara Qarayev və həyat yoldaşı Tatyana Neçayeva

Ailəsi
Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. Bəstəkar Fərəc Qarayevin atası, həkim-pediatr Mürsəl Qarayevin qardaşı və Mədəniyyət naziri Əbülfəs Qarayevin əmisidir. Qara Qarayevin uşaqlıq və gənclik illəri Məhəmməd Füzuli küçəsi (indiki Nizami küçəsi) 47-də yerləşən mənzildə keçib. Moksvadan Bakıya qayıdandan sonra gənc bəstəkara Krasnoarmeyskaya küçəsi (indiki Səməd Vurğun küçəsi) 21-də yeni mənzil verilib və 1946-1955-ci illərdə Qara Qarayev həmin mənzildə yaşayıb. 1959-cu ildə ailəsi ilə birgə Kirov prospektinə köçüblər. Qara Qarayev həmçinin gözəl müəllim olub, neçə-neçə bəstəkarlar yetişdirib, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələt dərc etdirib. 1982–ci il mayın 13-də Moskvada dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

Mənbə: Femida.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR