Slimfit
  1. İDMAN

Qara Qarayev: Hədəfimiz UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq xalqımızı növbəti dəfə sevindirməkdir

Qara Qarayev: Hədəfimiz UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq xalqımızı növbəti dəfə sevindirməkdir
Sakura

Qara Qarayev: Hədəfimiz UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq xalqımızı növbəti dəfə…

“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində avqustun 30-da Moldovanın “Şerif” komandası ilə cavab qarşılaşması keçirəcək. Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev klubun bu oyuna, eləcə də Azərbaycan millisinin UEFA Millətlər Liqasında mübarizəyə hazırlığı, “Qarabağ”ın Topaz Premyer Liqasında çıxışı və s. ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- İstərdik, söhbətimizə “Qarabağ”ın ötən mövsüm Azərbaycan futbolunda imza atdığı tarixi nailiyyətdən başlayaq. “Qarabağ” ötən mövsüm Azərbaycan futbolunda tarix yazaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu il bu uğurun təkrarlanmasına nə mane oldu?

- Düzdür, keçən il UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunda tarix yazdıq. Yaxın gələcəkdə Azərbaycanın hər hansı klubunun bu uğuru təkrarlayacağı ilə bağlı dəqiq söz deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bu uğurumuz sayəsində bütün dünya doğma Qarabağımızın adını daşıyan klubu yaxından tanıdı. Hər il bir çox nüfuzlu komandalar UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edə bilmirlər. Lakin biz ötən mövsüm buna nail olduq. Bu, bütün Azərbaycan xalqının uğurudur.

Düşünürəm ki, bu il UEFA Çempionlar Liqasında mübarizəmizi dayandırmağımızın əsas səbəbi bir neçə aparıcı futbolçunun komandamız ilə yollarını ayırması oldu. Bu, o demək deyil ki, hazırda klubumuza transfer olunan futbolçular zəifdir. Sadəcə, meydanda həmin futbolçularla bir-birimizi az müddətdir tanıyırıq. Bu, futbolda ən önəmli amillərdən biridir.

Hər oyundan qalib və ya məğlub ayrılmağımıza baxmayaraq, daim səhvlərimiz üzərində işləyirik. Çünki qələbələrimizlə azarkeşlərimizi daim sevindirməyə çalışırıq. UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE ilə qarşılaşmamız məni çox məyus etdi. Gözəl oyun nümayiş etdirsək də, nəticə qazana bilmədik. Bu məğlubiyyət komanda daxilində bir qədər ruh düşkünlüyü yaratdı. Amma artıq psixoloji vəziyyəti bərpa etmişik və “Şerif” komandası ilə oyuna tam hazırıq.

- Yeri gəlmişkən, “Şerif” ilə ciddi sınaq qarşısındasınız. Necə fikirləşirsiniz, “Qarabağ” “Şerif”in səddini keçə biləcəkmi? Bu oyuna hazırlıq nə səviyyədədir?

- Ümumiyyətlə, “Şerif” ilə cavab qarşılaşmasına ciddi hazırlaşmışıq. Azarkeşlərimizin önündə, doğma divarlar arasında oynamaq həmişə çətin və məsuliyyətlidir. Biz azarkeşlərimizdən çox razıyıq. Əlimizdən gələni edəcəyik ki, onları bu qarşılaşmada da sevindirək. Hazırda hədəfimiz UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq xalqımıza növbəti dəfə sevinc hissi bəxş etməkdir. Klub rəhbərliyi hər il olduğu kimi, bu il də “Qarabağ”ın adına layiq oynamağımız üçün hər cür şərait yaradıb. “Qarabağ”ın uğurlarını davam etdirmək üçün səylə çalışırıq.

- Siz həm də milli komandamızın heyətində çıxış edirsiniz. Hazırda millimiz tamamilə yeni futbol turnirində - UEFA Millətlər Liqasında Kosovo ilə ilk oyuna hazırlaşır. Milli komandamızın bu turnirdə iştirakı və hədəfi barədə nə deyə bilərsiniz?

- Fikrimcə, birinci dəfə keçirilən UEFA Millətlər Liqası yığmamız üçün böyük bir şansdır. Yeganə məqsədimiz azarkeşlərin milli komandaya inamını daha da artırmaqdır. “Qarabağ”ın oyununa gələn azarkeşləri millimizin qarşılaşmalarında da görmək istərdik.

Azərbaycan millisi ilk oyununu Kosovoya qarşı keçirəcək. Təhlillərimizə görə, Kosovo millisi bizim üçün asan rəqib deyil. Milliyə mən də dəvət olunmuşam. Milli komandamızın formasını geyinmək mənim üçün fəxrdir. Əslində milli komandanın futbolçuları olaraq çox sıx qrafikimiz var. Belə ki, milli komandaya dəvət alan futbolçularımızın istirahət etməyə belə vaxtları olmur. Bundan başqa, bəzi klubların uğursuz çıxışları ilə əlaqədar həmin komandalardan milliyə dəvət alan futbolçularda müəyyən qədər psixoloji gərginlik olur. Lakin bütün bunlara baxmayaraq, milli komandada yeni nəfəs, ab-hava yaranır.

- Bir sualım da ölkə çempionatı ilə əlaqədardır. “Qarabağ” sonuncu turda “Neftçi” ilə görüşdə xal itirdi. Komandanın yeni mövsümdə milli çempionatda çıxışı barədə fikriniz maraqlı olardı.

- Milli çempionatda “Qarabağ”dan başqa avrokuboklarda iştirak edən klubumuz yoxdur. Bu da digər klubların komandamıza nisbətən oyuna tam bir həftə ərzində daha rahat hazırlaşması deməkdir. Bu il yaxşı təsir bağışlayan “Neftçi” ilə qarşılaşmada əlimizdən gələni etdik. “Neftçi” bizim əzəli rəqibimizdir. Bu cür prinsipial qarşılaşmalar Azərbaycan futbolunun inkişafına xidmət edir. “Azərsun Arena”da təşkil olunan oyunda bu qədər azarkeşi görmək qürurverici idi. Bu çempionata yaxşı hazırlaşmışıq. Bildiyiniz kimi, beş ildir ki, ardıcıl çempion oluruq. Lakin hər il bizi çətin sınaq gözləyir. Bu il heyətlərini yeni oyunçularla gücləndirən komandalar “Qarabağ”a qarşı var gücləri ilə mübarizə aparır. Ölkə çempionatı üçün çox darıxmışdıq.

- Siz, baş məşqçi Qurban Qurbanov ilə uzun müddət “Qarabağ”da, son bir neçə ay ərzində isə milli komandada çalışırsınız. Baş məşqçinin həm millidə, həm də “Qarabağ”da fəaliyyəti barədə nə deyə bilərsiniz? Qurban Qurbanov ilə milli komandada, yoxsa klubda çalışmaq daha maraqlıdır?

- Qurban Qurbanov son illər Azərbaycan futbolu üçün böyük işlər görüb. Hamı onun nəyə qadir olduğunu yaxşı bilir. Mənim üçün Qurban müəllimlə klubda işləmək daha rahatdır. Çünki yığma komandada heç bir səhv bağışlanmır. Onun üçün başlıca meyar futbolçunun əxlaqı, tərbiyəsi və nizam-intizamıdır.

Hesab edirəm ki, artıq milli komandada nəticə əldə etməyin vaxtıdır. Əminəm ki, başda Qurban Qurbanov olmaqla biz bu uğura nail olacağıq.

- Sizin mövqeyinizdə çıxış edən əcnəbi futbolçular daha çox hücuma meyilli oynayırlar. Sizdə də belə potensial var. Sizin daha çox müdafiəyə meyilli oynamağınız nə ilə əlaqədardır?

- Bizim komandada müdafiəçilərdən başqa hamı, yəni, öndə olan altı nəfər hücuma meyillidir. Bu gün mən çalışıram ki, Qurban müəllimin verdiyi təlimatı yerinə yetirim. Əgər müdafiəyə meyilli oynamağım onu razı salacaqsa, elə oynayacağam. Mənə də çox xoş olardı ki, hücuma gedim, qol vurum. Amma meydançada azarkeşlərin dediyini edə bilmərəm. Mən də irəli getsəm, komanda əks-hücumlar zamanı çətinlik çəkə bilər. Baş məşqçimiz də hər dəfə mənə deyir ki, qoy, müəyyən oyunçular hücumda daha çox oynasın, sən irəliyə getmə. Məndən qol vurmağı tələb etmir. Məndən tələb etdiyi müdafiədə oynamaq, rəqibin hücumlarının qarşısını kəsməkdir. Oyun ərzində hərdən mənim üçün hücuma getmək imkanı yaranır. Rəşad Sadıqovla çox oyunda yanaşı oynamamışam. Buna görə də, hamıda belə bir hiss yaranıb ki, daha çox müdafiədən oynamalıyam.

- Avropanın müxtəlif meydanlarında oyuna çıxmısınız. Gənc yaşda belə soyuqqanlı olmağı necə bacarırsınız?

- Artıq tez həyəcanlanan vaxtlarımızı geridə qoymuşuq. Amma yenə də məsuliyyətimiz daha böyükdür. Bir də görürsən ki, oyunlara elə məsuliyyətlə çıxırıq ki, adamda istər-istəməz həyəcan yaranır. Meydanda sərbəst olmağımda U-17 və U-19-un heyətində xaricdə keçirdiyimiz matçların rolu böyükdür. Bir çox beynəlxalq görüşlərdə oynamışıq.

Bir məqamı da qeyd edim ki, “Qarabağ”da bir nəfərin oynaması üçün bütün komanda əlindən gələni edir. Yəni, sən top itirəndə, ötürməni düzgün verməyəndə səni qınayan yoxdur. Bu da futbolçu üçün çox vacibdir. Həyəcanlı vaxtlarında topu itirəndə və kimsə sənə kənardan bir söz deyəndə, avtomatik olaraq diqqətin həmin istiqamətə yönəlir. Amma bizdə səhv edəndə həm komanda yoldaşlarımız, həm kapitanımız, həm də baş məşqçimiz dəstək olur. Deyirlər ki, heç nə olmaz, narahat olma, hamı səhv edir. Məhz bu dəstək və güvən meydanda sərbəst oynamağıma kömək edir.

- Özünüzə ən çox örnək aldığınız futbolçu kim olub?

- “Qarabağ”da çıxış etməyə başladığım vaxtlarda həmişə yanında olmaq istədiyim futbolçu Aslan Kərimov idi. Çalışırdım ki, bütün məşqlərdə onun yanında olum və eyni komandada oynayaq. Yəni, cütlük təşkil edək ki, mənə başa salsın, göstərsin. Aslan Kərimov karyerasını başa vurandan sonra Rəşad Sadıqovdan öyrənmək istəmişəm. Rəşadın, həqiqətən də futbol biliyi, insani keyfiyyətləri yüksək səviyyədədir. Çalışıram ki, ondan nəsə öyrənim. Öz mövqeyimə görə örnək aldığım futbolçulardan Marko Verratti, Nqolo Kante və Luka Modriçi qeyd edə bilərəm. İdealım isə Xavi Hernandes və Andreas İniesta olub. Müdafiədə oynadığım vaxtlarda isə Paolo Maldinini və Alessandro Nestanı örnək alırdım.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR