Slimfit
  1. CƏMİYYƏT

Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir

Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
Sakura

Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir

Əvvəllər qara çörəkdən, əsasən, pəhriz saxlayanlar və şəkər xəstələri istifadə edirdi. Son vaxtlar isə qara çörəyə üstünlük verənlərin sayı artıb. Bu növ çörəyin sağlamlığa xeyirli olması haqqında səslənən fikirlər də qara çörəyə tələbatı artıran səbəblərdəndir. Bununla belə, qara çörəklərin tərkibinə bir çox kimyəvi maddələrin vurulması ilə bağlı söz-söhbətlər də gəzir.

Ekspertlər qara çörəyin tərkibinin çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olduğunu bildirir. Ancaq bəzən qara çörəkləri alarkən tərkibindəki maddələrin qeyd edilmədiyini müşahidə edirik.

Qida mühəndisi İsa Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə istehsal olunan qara çörəklərə əlavə edilən qatqıların qablaşdırmada qeyd edilməməsi təhlükəli haldır:

"Tərkibinə müxtəlif qatqılar əlavə olunan qara çörəklər çoxdur, amma həmin rəngdə olan məhsula "pəhriz çörəyi" demək olmaz. Təəssüflər olsun ki, rəqabət bəzən mənfi nəticələrə gətirib çıxarır. Belə ki, bir firma digərindən daha ucuz mal satmaq və xərclərini daha azaltmaq məqsədilə məhsullara fərqli qatqılar vururlar. Qara çörəklərin rənginin dəyişdirilməsi üçün ona kofe, kakao tozu vurulur, hətta fərqli qida rəngləndiricilərdən istifadə edilir. Bu da hiyləgərlik deməkdir. Çünki qablaşdırmada həmin qatqıların adı qeyd edilməyib, bu qanun pozuntusudur".

Ekspert bu xoşagəlməz hallarla mübarizə yollarından da danışıb:

"Məsələn, müvafiq qurumun saytında qara çörək istehsalını düzgün təşkil etməyən firmaların adları yazıla və beləliklə, cəmiyyətdə həmin firmaların antireklamı getdiyi üçün bu təcrübənin çox gözəl effekti ola bilər.

Hətta qida mühəndisi də satışda olan çörəyin təmiz olub-olmadığını deyə bilməz. Bunu sırf laboratoriyadan çıxan cavaba əsasən müəyyən etmək olar. Yaxud da çörəyi suya salmaqla sadə eksperiment aparmaq olar. Əgər rəngi çıxırsa, deməli, pəhriz çörəyi deyil".

Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, adətən, çörəklərin rəf ömrünü uzatmaq məqsədilə tərkibinə qida qatqıları, həmçinin qara çörəyə tələb olunan rəngi vermək üçün isə rəngləndiricilər əlavə edilir:

"Qara çörəyin tərkibi mineral maddələr və vitaminlərlə zəngindir. Bu çörək növündən əsasən pəhriz, şəkər xəstələri isə müalicəvi məqsədlə istifadə edirlər. Qara çörəyin kaloriliyi ağ çörəyə nisbətən daha azdır. Elə bu səbəbdən də artıq çəki problemi olan insanlara qara çörəyin istehlak edilməsi tövsiyə olunur. Çörəyin bu növü şəkər, böyrək və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün faydalı hesab edilir. Müxtəlif növləri olan qara çörəyin hər bir çeşidi özünəməxsus tərkibi və xassələrinə görə digərindən fərqlənir. Qara çörək diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Müalicə prosesində qəbizlik xəstəliyindən əziyyət çəkən insanların qida rasionuna daxil edilir. Eyni zamanda, qara çörək orqanizmdə olan zərərli toksinləri xaric edir. Belə ki, qara çörəyin tərkibinə daxil olan mineral maddələr insan orqanizmində yığılan zərərli toksinlərin sovrularaq xaric olunmasına kömək edir".

Qeyd edilib ki, qara çörəyin tərkibi çovdar unu, 1-ci növ buğda unu, çovdar kəpəyi, çovdar səmənisi, duz, şəkər, maya kimi inqrediyentlərdən ibarətdir:

"Əsasən, iki növü daha çox istehlak edilir. Çovdar çörəklərini kəpəkli, kəpəksiz və ələnmiş çovdar unundan, bəzən 1-ci və 2-ci növ buğda unu əlavə etməklə, bəzən isə kəpəkli çovdar-buğda unundan və ya çovdar unu ilə kəpəkli buğda unu qarışığından hazırlayırlar. Qara çörəyin tərkibi A, B1, B2, B3, B6, C, D vitaminləri və Ca, Na, Mg, K mineral maddələri ilə zəngindir.  Çörək və çörək məhsullarına tərkibinə, formasına, ölçüsünə görə müəyyən standart tələblər qoyulur. Adətən, çörəklərin rəf ömrünü uzatmaq məqsədilə tərkibinə qida qatqıları, həmçinin qara çörəyə tələb olunan rəngi vermək üçün isə rəngləndiricilər əlavə edilir. Qara çörək kəpəkli undan hazırlanır. Məlumdur ki, kəpək daha çox buğda dəninin içərisində olur. Çörəyə qara rəngi vermək üçün, adətən, tərkibinə buğda cücərtisi olan solod əlavə edilir. Bu isə texniki şərtlərə əsasən miqdardan artıq olmamalıdır. Çörəyin tərkibi, saxlanma qaydası, istehsal və son istifadə tarixi mütləq üzərindəki etiketdə qeyd olunmalıdır".

Agentlikdən əlavə edilib ki, qara çörəyin forması düzgün olmalı, üzərində çatlar olmamalıdır:

“Qara çörək alarkən istehlakçılar, ilk növbədə, onun xarici görünüşünə, formasına, rənginə, səthində nöqsanlar, kif olub-olmamasına diqqət etməlidirlər. Çovdar və kəpəkli buğda çörəkləri açıq və ya tünd qəhvəyi rəngdə ola bilər.

Əgər vətəndaşların satış müəssisələrində satılan çörək və un məmulatlarının tərkibi, keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR