Slimfit
  1. TƏBİƏT

Qaplan

Qaplan
Sakura

Qaplan — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü

Bəbir və ya qaplan (lat. Panthera pardus) — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növüdür. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5–8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.

Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycandanadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir. Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.

 

Etimologiya və tədqiqat tarixi

Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli yun. λέων leōn (şir) və πάρδος pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş λέωπάρδος leōpardos (leopard) adında bu öz əksini tapmışdır.

Bəbirin müasir adı Panthera pardus latınlaşdırılmış yun. πάνθηρ pánthēr sözündən əmələ gəlmişdir. Belə ki, παν "pan" (tam, bütün) və θηρ (heyvan) deməkdir. Belə bir fikir vardır ki, onun ilkin adı hind-iran mənşəli olmuş "ağımtıl-sarı və ya avazı" mənasını daşımış, sonralar yunanlaşdırılmışdır.[3][4][5]. Bəbirin öyrənilməsində Felis pardus adlı "Systema naturæ" ilk elmi tədqiqat işi Karl Linneyə məxsusdur. 1929-cu ildən etibarən bəbir Panthera cinsinə aid edilmişdir.

 

Filogenezi və təkamülü

Antropoloji qazıntıların molekulyar filogenetik və kladistik müayinələr sübut edir ki, növün yaranma mərkəzi Asiya qitəsidir.

Bəbirin əcdadı digər panter cinsindən olanların əcdadları kimi ümumi əcdaddan 11 milyon il bundan əvvəl ayrılmışdır. Antropoloji qazıntılar göstərir ki, müasir bəbirin əcdadı 3,8 million il əvvəl meydana gəlmişdir.

Müxtəlif üsullarla əldə edilmiş molekulyar filogenetik nəticələr göstərir ki, Panthera cinsli növlərin bir-birilə sıx qohumluğu var. Ümumi əcdaddan bəbir bir növ kimi pələng və irbisdən sonra, şir və yaquardan isə çox əvvəl formalaşmışdır.

Hesab edilir ki, bəbirin əcdadı Asiya qitəsində meydana gəlmiş və Afrikaya miqrasiya yolu ilə yayılmışdır.

Müasir bəbir isə təxminən 470 000—825 000 il öncə Afrikada formalaşmış və Asiyaya 170 000—300 000 il bundan qabaq yayılmışdır.

 

Dişlərinin quruluşu

Yaşlı bəbir digər pişikkimilərin nömayəndələri kimi 30 dişə malikdir. Yuxarı və aşağı çənələrdə hərəsində 6 kəsici, 2 köpək; yuxarı çənədə 3 ön çeynəmə (premolyar) və ya kiçik azı dişlər, 1 arxa çeynəmə (molyar) və ya böyük azı dişlər, aşağı çənədə isə 2 ön çeynəmə (premolyar) ya kiçik azı dişlər, 1 çeynəmə (molyar) və ya böyük azı dişlər yerləşmişdir.
Diş düsturu:{displaystyle I{3 over 3}C{1 over 1}P{3 over 2}M{1 over 1}}{displaystyle I{3 over 3}C{1 over 1}P{3 over 2}M{1 over 1}}.

İzahı:

  • I (lat. dentes incisivi) — kəsici diş
  • C (lat. dentes canini) — köpək dişi
  • P (lat. dentes premolares) — ön ceynəmə və ya kiçik azı dişlər
  • M (lat. dentes molares) — arxa çeynəmə və ya böyük azı dişlər

 

Yarımnövləri

Bəbir əsasən ləkələrinin yerləşməsi və rəng çalarına görə 27 yarımnövə ayrılır. Lakin DNT-loji tədqiqatlar əsasən 8, ya 9 yarımnöv təsdiq edilir.[9][10].

  • Afrika bəbiri (Panthera pardus pardus), Afrika
  • Panthera pardus melanotica
  • Panthera pardus nanopardus
  • Panthera pardus panthera
  • Panthera pardus suahelica
  • Panthera pardus antinorii
  • Panthera pardus reichenowi
  • Panthera pardus leopardus
  • Panthera pardus shortridgei
  • Panthera pardus ituriensis
  • Panthera pardus chui
  • Panthera pardus adersi
  • Hindi-çin bəbiri (Panthera pardus delacouri),
  • Yava bəbiri (Panthera pardus melas)
    İndoneziya-(Yava adaları)
  • Hindistan bəbiri (Panthera pardus fusca),
    Hindistan, Pakistan, Nepal
  • Panthera pardus pernigra
  • Panthera pardus millardi
  • Seylon bəbiri (Panthera pardus kotiya),
    Şri-Lanka (Seylon)
  • Çin bəbiri (Panthera pardus japonensis), Çin
  • Uzaq Şərq bəbiri (Panthera pardus orientalis),
    Rusiya-(Uzaq şərq), Şimali Çin, Koreya
  • İran bəbiri (Panthera pardus saxicolor),
    Yaxın Şərq, Qafqaz
  • Panthera pardus jarvisi
  • Panthera pardus ciscaucasica
  • Yaxın Şərq bəbiri (Panthera pardus tulliana)
  • Panthera pardus datbei
  • Panthera pardus sindica
  • Ərəbistan bəbiri (Panthera pardus nimr),
    Ərəbistan yarımadası
  • Avropa bəbiri
Bəbir növləri
   Fars bəbiri (lat. Panthera pardus saxicolor)
   Uzaq Şərq bəbiri (lat. Panthera pardus orientalis)
 
    Şimali Çin bəbiri (lat. Panthera pardus japonensis)
  Seylon bəbiri (lat. Panthera pardus kotiya)
 

Nəsli kəsilmiş

  •  Avropa bəbiri (Panthera pardus sickenbergi) — Bir zamanlar Avropa ərazisində geniş yayılmış yarımnöv olmuşdur. Çox təəssüflər olsun ki, 10 000 il bundan qabaq kökü kəsilmişdir.

 

Qara (melanis) Bəbir

Təbiətdə nadir hallarda qara rəngli bəbirlərə də rast gəlinir. Qara bəbirləri melanis yəni, qara piqmentləşmiş bəbirlər adlandırırlar. Dərisini qara rəngi monogenetik ressesiv əlamət olub, adi xallı bəbir valideyinlərindən melanis bəbirlər dünyaya gələ bilir. Belə ki qara rəng daşıyan genlər xallı bəbirlərdə ressesivdir. Hər iki valideyindən alınan bu ressesiv genlər bir araya gəldikdə (rastgəlmə ehtimalına əsasən) onda bala qara rəngli ola bilir. Əlbəttə ki, bu ehtimal çox da böyük olmadığından qara bəbirlərə də nadir hallarda rast gəlinir.

 

Yaşayış yeri

Qaplan — yerləşdiyi ərazi Azərbaycan
Leopard.gif
Laçın
Leopard.gif
Naxçıvan MR
Leopard.gif
Talış dağları
Leopard.gif
Kəlbəcər
 
Azərbaycanda bəbirin arealının xəritəsi

Bəbir tropik və subtropik qurşaqların tipik nümayəndəsidir. O, dərin qar örtüyünə və soyuq iqlimə az uyğunlaşır. Uzaq şərqdə rast gəlinən bəbirlər əsasən qar örtüyü az və daimi olmayan yerlərdə yaşayırlar. Düşmənlərdən gizlənmək və şikarını güdmək üçün bəbirlərə ağaclar, qayalar, sərt yamaclı dərələr lazımdır.

Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır.

Azərbaycanda bu heyvanlar Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Çox vaxt bəbirin yayılması onun qidalandığı heyvanlardanasılıdır. Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazdabunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunlari təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanır. Bəbirlər oturaq həyat tərzi keçirirlər. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.

  İstirahət edərkən
 

Yuvaları, müvəqqəti daldanacaqları

Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, uçqunluqlarda, dağların ətraf yaxşı görünən yerində istirahət edirlər. Pis havalarda bu heyvanlar küləkdən, yağışdan, qardan daldalanmaq üçün qapalı yerlərdə gizlənirlər.

Ana bəbirlərin bala çıxartdığı yuvalar sərt dərələrin əlçatmaz yarğanlarında, daş yığnaqlarında, meşənin sıx ağaclı, itburnu, böyürtkənkolları ilə örtülmüş çoxlu mağara və əsasən də onların qidalandığı heyvanların çox olduğu yerlərdə olur. Yuvaları ətraf yerlərdən seçilmir və onların ətrafında qida qalıqları olmur. Bəbirlər yuvadan az müddət ərzində istifadə edir. Balaları böyüdükdə ana bəbirlər daldalandığı yerləri vaxtaşırı dəyişir.

 

Qidalanması və ov etmə üsulları

   Uğurlu ov

Bu yırtıcının qidalanması çox müxtəlifdir. O, bütün canlılara hücum edir, hətta leşlə də qidalanır. Onun əsas qidasını vəhşi cütdırnaqlı heyvanlar dağ keçiləri və qoyunları, nəcib maral, cüyür və çöldonuzu təşkil edir. Vəhşi cütdırnaqlılar çox olan yerlərdə bəbirlər ev heyvanlarına demək olar ki hücum etmir. Qida azlığından bəbirlər tirəndazlarla və ev heyvanları ilə qidalanmağa məcburdurlar. Tirəndazovlayarkən bəbirlər özləri də yaralanırlar.

Bəbir tülkülərə, çaqqallara, canavarlara, porsuqlara, xırda pişiklərə, siçanabənzər gəmiricilərə və quşlara da (kəkliklərə) hücum edir. Cütdırnaqlı az olan yerlərdə bu onların yaşamasına kömək edir.

Bu yırtıcılar ov edərkən iki üsuldan istifadə edirlər. Birinci halda onlar sakitcə ehtiyatla ətrafa boylanaraq şikarına yaxınlaşır, yerə sıxılaraq yavaş-yavaş sürünür və cəld sıçrayışla onun üstünə atılırlar. Bu cür ildırım sürətilə sıçrayarkən onun şikarı özünü itirir və kanara qaçmağa macal tapmır. Onun sıçrayışı uğursuz olduqda əlindən çıxmış şikarının dalınca düşüb onu izləmir.

İkinci halda bəbirlər heyvanların su içdiyi və ya keçdiyi yerlərdə pusquda durub gözləyir. Ötüb keçən heyvanın üzərinə 6–8 m olan sıçrayışla atılır.

Xırda heyvanları pəncəsinin zərbəsilə öldürür, irilərinin üzərinə sıçrayaraq əvvəlcə onları yerə yıxır. Şikarının buynuzlarından və təpiklərindən qorunmaq üçün boğazından tutaraq son nəfəslərinə kimi onu boğur. Yıxılmamış heyvanların boyunlarından dişləri ilə yapışır. Əlindən çıxmış heyvanı bəzən qovub çatır və ön pəncəsinin zərbəsilə yerə sərir.

İri qabanları ovlamaq xüsusi bacarıq tələb edir və bu işi yalnız təcrübəli bəbirlər bacarırlar. Az təcrübəsi olanlar qabana hücum edərkən ciddi zədələr alırlar. Tirəndazı ovlayarkən bəbirlər təhlükəli iynələrdən yayınmaq üçün həmişə bir müddət onun ətrafında fırlanır və nəhayət imkan düşən kimi pəncələri ilə ən zərif hissəsi olan başından vurub ölümcül hala salır.[13]

Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə ova çıxmış görmək olar. Şikarını ovlayandan sonra bəbirlər qəniməti ilə birlikdə gizlənməyə çalışırlar. Bir dəfəyə bəbir 2-3 kq ət yeyir. Zooparklarda da onlara gündə bu qədər ət verirlər. Ac bəbirin bir dəfəyə bütöv bir cüyürü yeməsi məlumatı doğru deyildir. Yem olmadıqda bəbirlər 7-11 gün ac qala bilir və bu zaman aktivliyi itirmirlər.

Bəbir
   Gecə aktivliyi
   Axşam toranlığında şikarını gözləyərkən
   Nərildəyərkən
 

Həyat tərzi və davranışı

   Arxa ayaqları üzərində dikinə oturmuş bəbir
   Azərbaycan ərazilərində yaşayan bəbir

Azərbaycan ərazilərində yaşayan bəbirlər adətən toranlıq və ya gecə həyatı tərzi keçirirlər. Axşam toran düşəndə onlar ova çıxır və gecənin birinci yarısında, eləcə də səhər tezdən ov edirlər. Hava yağmurlu və soyuq olarkən onlar şikarlarını gündüzlər də təqib edirlər. Bəbir çox ehtiyatlı və gizlin həyat tərzi keçirir. Bu yırtıcı ehtiyatlı olsa da qorxaq deyildir. İnsan gördükdə qorxu hissini biruzə vermir. Əsas hallarda görünməz qalmağa çalışır və birinci olaraq hücum etmir. Adamla qarşılaşdıqda yavaş-yavaş kənarlaşır və hətta ona uğursuz atəş açdıqda belə qaçmağa tələsmir. Bəzi bəbirlər yaralandıqda və ya insanla qarşı-qarşıya gəldikdə həddən artıq aqressiv olurlar. XX əsrin 1980-ci illərində Qərbi Kopetdağda (Türkmənistan) 8 dəfə, Talış dağlarında və Naxçıvanda (Azərbaycan) isə cəmi 4 dəfə bəbirin insana hücumu hadisəsi baş vermişdir və bütün hallarda hadisənin səbəbkarı insan özü olmuşdur. Hər heyvanın öz fərdi sahəsi olur. Qərbi Kopetdağda bir erkək fərdin ərazisi 40-50 min, dişilərin isə 15-20 min hektara çatır. Bir erkək bəbirin fərdi sahəsində 2-3 dişi fərd yaşaya bilir.

Çox hallarda bəbirlər dağların ətəyi və dərələrin dibi ilə gəzirlər. Cavan fərdlər, yaşlı erkəklər və dişilər yalquzaq həyat tərzi keçirirlər. Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır.

Bəbir şahənə yeriyir, addımlarını yüngül və səssiz atır. Pəncələrindəki qalın tük yastığının olması və yeriyərkən öncə barmaqlarını yerə basmaqları onların addımlarını səssiz edir. Şikarının dalınca gedərkən bəbirlər hərdən yavaş, hərdən saatda 5 km sürətlə, bəzən dörd ayaq qaçır, sonra isə sürətini tam azaldır. O, yavaş hərəkət etdikdə başını aşağı salır, alt cənəsi isə sallanmış vəziyyətdə olur. Tez-tez dayanıb ətrafa baxır. Onun eşitmə və görmə qabiliyyəti çox güclüdür. Gecələr də yaxşı görməsi ona qaranlıqda sərbəst qaçmağa, sıçramağa və uğurlu ov etməyə imkan verir. Aylı gecədə gündüzlər olduğu kimi ehtiyyatla davranır, açıq yerlərə çıxmır, ağacların, daşların kölgəsində daldalanır.

Bəbirin qoxu bilmə qabiliyyəti zəif inkişaf edib.

Bəbir balalarının ilk oyuncağı onların quyruğunun ağ ucu olur. Onu tutmaq üçün balalar saatlarca çalışırlar. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətlərində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyəcanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir.

Bəbir təmizkar heyvandır və pələngdən fərqli olaraq öz nəcisini əksər hallarda torpağa basdırır.

 

Çoxalması

Bəbirlərin cütləşməsi bütün il boyu müşahidə oluna bilər. Amma çox hallarda balaları yaz aylarında və ya payızın sonunda dünyaya gəlirlər. Cütləşmədə olan dişilər belləri üstə ağnayır, bellərini əyərək quyruqlarını qaldırır. Özünəməxsus səslər çıxarırlar. Bundan başqa onlar müvəqqəti olaraq qidalanmır və ya az yeyirlər. Bir dişinin arxasında bu dövrlərdə bir-birləri ilə rəqabət aparan (dalaşan) və bərk səslər çıxaran erkəkləri görmək olar. Hamiləlik dövrü 90-105, əsasən 92-95 gün çəkir, hər dəfə 2-4, əksər hallarda 1-2 balaları olur. Ölmüş balalarını ana bəbir adətən yeyir.

 

Balalarının böyüməsi və inkişafı

Bəbirlər cütləşərkən
   Bəbir balaları
   Bir aylıq bala
    Xallı bəbir balası
  Bəbir balası
 

Balalar gözləri və qulaq dəlikləri yumulu və ya bağlı halda dünyaya gəlirlər. Bədənləri açıq qonur rəngli sıx uzun tüklə örtülü olur. Təzə doğulmuş balaların kütləsi 500-700 q, bədənlərinin uzunluğu isə 15 sm olur. 6-9 gündən sonra onların gözləri açılır. 20-ci gün üst kəsici dişləri, 42 gündən sonra isə bütün süd dişləri çıxmış olur. Daimi köpək dişləri bir yaşında olarkən çıxır. 12-15 günlük olanda balalar sürünməyə və hərdən ayağa qalxmağa başlayırlar.

Bir aylığında onlar artıq sürətlə qaçır, qayalara dırmaşır, 35 günlüyündə isə hərəkətləri daha elastik olur və onlar tullanıb düşürlər. İki aylıq balalar yuvadan çıxıb ətrafda oynayırlar. Bu dövrdə onlar xırda heyvanları çəyirtkələri, qurbağaları tutmağa çalışırlar. Bir şey ovladıqda onlar şikarını yeyir, əksər hallarda isə atırlar.

Ana balalarını 3 ay, bəzən isə 5-6 ay südlə bəsləyir. 6-8 həftəlik balalar artıq analarının gətirdiyi ətlə qidalanırlar. Beş aylıq balalar xırda heyvanları tutmaq üçün kifayət qədər cəld olurlar. Onlar ova gedən analarını müşayət edir və bütün hərəkətlərində ona oxşamağa çalışırlar. Bir yaşlı balalar yaşlı fərdlərdən çox kiçik görünsələr də, anaları ilə birgə artıq cütdırnaqlıları ovlayırlar.

Balaların 1-1,5 yaşı olanda analarından ayrılırlar. Bu prosses ananın yeni cütləşmə dövrünün başlanması ilə sürətlənir. Cütləşmə dövründə erkək fərd dişinin yanında yalnız dişi balanın olmasına imkan verir. Erkək balaları 3 yaşında ata bəbir analarının yanından qovur. Atılmış erkək balalar ilk dövrdə bir yerdə yaşayır və valideyn cütlüyünün izi ilə hərəkət edib onların qida qalıqlarını yeyirlər. Yaşlı bəbirlər ilin böyük hissəsini tək yaşayırlar. Yalnız cütləşmə, hamiləlik dövründə və balalar təzə dünyaya gəldikdə bu yırtıcılar bir yerdə olurlar. Balalar hələ gözüyumulu olduqda ana bəbir adətən erkəyi yanından qovur. Dişi balalar iki yaşında yetkinliyə çatırlar.

 

Azərbaycanda sayı

Bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 10-13 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar.

Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin xəbərinə görə ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olmuşdur. Quraşdırılmış foto-tələlər Talış dağlarının şimal hissəsində bəbiri qeydə ala bilmişdir. Bəbir kadrda tam əks olunmasa da, bu Azərbaycanda bəbirin olmasına fotosübutdur.

 

Düşmənləri və rəqibləri

Hazırda Azərbaycanda bəbirin insandan başqa düşməni yoxdur. Ancaq onlar müxtəlif səbəblərdən ölə bilirlər. Bəziləri leysan yağışların selinə düşüb ölür. Amma əksər hallarda onlar qaçaq ovçularının (brakonyerlərin) qurbanı olurlar. Yaralanmış və ya tələyə düşmüş bəbirlər sonradan həlak olurlar. Tirəndaz ovlayarkən sonralar aldığı nekrozlaşan yaralardan da onlar tələf olurlar.

Azərbaycanda bəbirin rəqibləri canavar, vaşaq, kaftar və leşyeyən quşlardır. Ona görə də bəbir ovladığı heyvanı kolların arasına, ağacların üstünə və digər gizli yerlərə aparır.

 

Təbiətdəki rolu

Bəbir təbii ekosistemlərdə ekoloji piramidanın ən yüksək pilləsində durur. Ona görə də o, ekosistemdə gedən proseslərin tənzimlənməsində, onların davamlı olmasında xüsusi rol oynayır. Yırtıcılar xəstə və zəif heyvanları tutub yeməklə xəstəliklərin yayılmasının qarşısını alır, vəhşi cütdırnaqlıların sayını tənzimləyirlər. Otyeyən heyvanların sayını nizamlamaqla onların kütləvi surətdə artıb yem çatışmazlığından və yoluxucu xəstəliklərdən ölmələrinə imkan vermirlər. Beləliklə, bəbirlər təbiətdəki tarazlığın qorunmasında xüsusi rol oynayırlar. Cənubi və cənub-şərqi Asiyada, həmçinin Afrikada bəbirləri məhv etdikdən sonra məlum oldu ki, onların xeyri ziyanından dəfələrlə çox imiş. Bu yırtıcının sayı kəskin surətdə azaldıqdan sonra çöldonuzları və digər cütdırnaqlıların, həmçinin meymunların sayı intensiv olaraq artmağa başlamışdır. Onların tarlalara, əkin sahələrinə vurduqları zərər bəbirin maldarlığa vurduğu ziyandan xeyli çox olmuşdur. İranda muflonun sayının artması ot örtüyünün deqradasiyasına gətirib çıxartmışdir. O ərazilərə bəbir buraxıldıqdan sonra muflonların sayı nizamlanmış və bitki örtüyü bərpa olmuşdur. Bəzi ölkələrdə, məsələn Keniyada, bu yırtıcının sayını bərpa etmək üçün işlər aparılır.

 

Qorunma tədbirləri

 
Adına buraxılmış marka

Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiıdir. Nəsli kəsilməkdə olan növ kimi bəbir "yox olmaq təhlükəsində olan fauna və flora növlərinin beynəlxalq ticarətinə dair konvensiyanın" 1-ci əlavəsinə salınmışdır.

Zəngəzur silsiləsində Zəngəzur milli parkının, Şindan dağının ətəklərində isə Astara qoruğunun yaradılması bəbirlərin muhafizəsi yolunda atılmış ən mühüm addım olacaq.

Ancaq bəbiri yalnız qoruqlarda mühafizə etməklə iş bitmir. Onu rast gəlindiyi bütün yerlərdə qorumaq lazımdır. Bəbiri yox olmaq təhlükəsindən xilas etmək üçün ilk növbədə dağ meşələrində mal-qaranın otlamasını tənzimləmək, vəhşi cütdırnaqlıların sayını yaşadıqları arealda bərpa etmək, qaçaq ovçuluğa qarşı ciddi tədbirlər həyata keçirmək lazımdır. Bəbirlərin qorunub saxlanmasının əsas yolu onların təbii yem bazasının bərpa olunmasıdır. Vəhşi cütdırnaqlılar olmadığı halda bəbirlər ev heyvanlarına hücum etməyə məcburdurlar. Təbii yem bazası bərpa olunana qədər mal-qara sahiblərini bəbirləri məhv etməkdən yayındırmaq üçün digər iqtisadi tədbirlər hazırlanmalıdır. Mal-qara sahiblərinə dəyən ziyan kompensasiya olunmalıdır ki, onlar da öz növbəsində bu yırtıcını məhv etməkdən çəkinsinlər.

Bəbirlər yaşayan yerlərdə onun mühafizəsi istiqamətində geniş təbliğat və ekoloji maarifləndirmə işi aparmaq lazımdır.

 

Təbiətdə rolu

Təbiətdə onun rolu böyükdür, bəbir xəstə və zəif heyvanları məhv edir.

Bəbirlərin dərisi xəz bazarında çox bahadır, buna görə də onlar brakonyerlər tərəfindən vəhşicəsinə öldürülür. XX əsrin 50-60-cı illərində bəbir dərisindən paltoların dəbdə olması Afrikada bəbirin sayını xeyli azaltmışdır.

Məhv olma təhlükəsi altında olduğuna görə bəbirlər Azərbaycan Respublikasının və MSOP-un Qırmızı Kitabına daxil edilib.

 

Rəmzlərdə

Bəbir qəddarlığı, aqressivliyi, qorxmazlığl, vəhşiliyi tərənnüm edir. Dərisindəki xallar gözü xatırlatdığına görə onu çox vaxt sayıq keşikçi də adlandırırlar. Çinlilərdə bəbir hünər və qəddar döyüşkən obrazı daşıyır.Xristianlarda bəbir şeytanı, günahı, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir. Bəbir Qədim Misirdə ali tanrı Osirisin və yunanlarda isə tanrı Dionisin rəmzi sayılır.

  Dionis bəbir belində çaparkən, cənubi İtaliyada tapılmış krater (küp) üzərində təsvir, e.ə.370

  Dionis bəbir belində çaparkən, mozaik təsvir Pella, Yunanıstan, e.ə. IV əsr 

  Somalinin gerbində bəbir təsviri

 

Qalereya

  Qara piqmentli (melanist) bəbir

Leopard on a horizontal tree trunk.jpg  Leopard on tree.JPG  Leopard standing in tree.jpg

Leopardenbeute.jpg  Leopard mit Thomson-Gazelle.jpg  Leopard stalking.JPG

Leopard (Panthera pardus) resting in tree.jpg  Leopard-Kruger-SouthAfrica-2005.JPG  Leopard with kill.jpg

Male leopard zoo.jpg

 

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Növün müasir arealı çərçivəsində yaşayış yerləri Türyançay DTQ, İlisu DTQ-nın Axar-Baxar sahəsi, Korçay DTQ, Hirkan MP, Zəngəzur MP, Göy-göl MP, Zuvand, Ordubad, Qax, Korçay yasaqlıqlarında mühafizə olunur. Qida bazasının möhkəmləndirilməsi məqsədilə, Acınohur düzündə və ətraf ərazilərdə ceyranın, Hirkan MP-də nəcib maralın tarixi arealını bərpa etmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.

 

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Lukarevski V.S., Akkiyev M., Askerov E., Agili A., Can E., Gurielidze Z., Kudaktin A., Yarovenko Y. 2007. Status of the leopard in the Caucasus. Cat News Special Issue, No 2;
  3. Zazanashvili N., Morschel F., Askerov E., Krever V., Farvar M., Kalem S. 2007. Conservation of the leopard in the Caucasus. Cat News Special Issue, No 2.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR