Slimfit
  1. ELM

Qan

Qan
Sakura

Qan

Qan – orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkərini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3-4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 7%-ni qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: Plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir.

Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, aktiv bioloji maddələrin sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.

 

anın tərkib hissələri

Plazma və formalı elementlər

Qanın çox hissəsi (55%) şəffaf, rəngsiz mayedən - plazmadan ibarətdir. Qan plazmasının təxminən 92%-ni su, 8%-ni isə üzvi və qeyri-üzvü maddələr təşkil edir. Qan plazmasının tərkibində zülallar, yağlar, qlükoza, vitaminlər, mineral duzlar və başqa maddələr vardır. Qana müxtəlif maddələrin daxil olmasına baxmayaraq, onun kimyəvi tərkibi həmişə sabit qalır. Əgər plazmanın fiziki-kimyəvi xassələri dəyişilsə, o, orqanizmə mənfi təsir göstərə bilər. Plazmanın tərkibində olan fibrinogen zülalı qanın laxtalanmasında zəruri komponentlərdən biridir. Formalı elementlər isə qanın bərk hissəsinə aid olub, eritrositlərdən (qırmızı qan hüceyrələri), leykositlərdən (ağ qan hüceyrələri) və trombositlərdən (qan lövhəcikləri) ibarətdir. Qanın formalı elementləri qırmızı sümük iliyi hüceyrələrində əmələ gəlir.

Qan hüceyrələri.jpg
 

Eritrositlər

Eritrositlər nüvəsiz, hər iki tərəfdən basıq diskəbənzər qırmızı rəngli qan hüceyrələridir. Eritrositlərin ölçüləri çox kiçikdir, orta yaşlı adamların 1mm3 qanında 4-5 milyon eritrosit olur. Eritrositlər qırmızı sümük iliyinin hüceyrə nüvələrində əmələ gəlir. Yaşama müddəti təxminən 120 gündür. Eritrositlərin əsas funksiyası qanda olan oksigen və karbon qazını daşımaqdır. Bu funksiyanı eritrositlər tərkibinə daxil olan hemoqlobin maddəsinin sayəsində yerinə yetirir. Hemoqlobin mürəkkəb qururluşlu zülaldır və eritrositlərin sitoplazmasında saxlanılır. Hemoqlobinin tərkibində dəmir elementi olduğu üçün qana qırmızı rəng verir. Qanda hemoqlobinin ümumi miqdarının və eritrositlərin sayının azalması qanazlığı (anemiya) adlanır. Eritrositlərin parçalanması qaraciyər və dalaqda baş verir.

 

Leykositlər

Leykositlər nüvəli, rəngsiz hüceyrələrdir. Ölçüləri eritrositlərə nisbətən çox böyük olur, lakin miqdarı eritrositlərin miqdarından xeyli azdır. Orta yaşlı adamların 1mm3 qanında 4-10 min leykosit olur. Yaşama müddəti bir neçə saatdan 10 günə kimi və daha çox olur. Bəzən leykositlər bir neçə il yaşayır. Leykositlər qırmızı sümük iliyində, dalaqda və limfa düyünlərində əmələ gəlir. Əsas funksiyası orqanizmi bakteriyalardan, zəhərli maddələrdən, yad cisimlərdən qorumaqdır. Leykositlərin parçalanması dalaqda baş verir.

 

Trombositlər

Eritrositlər və leykositlər kimi trombositlər də qanda müəyyən funksiya yerinə yetirir. Eritrositlərin funksiyası hüceyrə və toxumaları oksigenlə təmin edir, leykositlərin funksiyası orqanizmi yad cisimlərdən qoruyur, trombositlərin isə əsas funksiyası qanın laxtalanmasında iştirak etməkdir. Trombositlər də kürə və ya oval şəkilli olub dalaqda və sümük iliyində əmələ gəlir. Trombositlərin nüvəsi yoxdur. İnsanın 1mm3 qanında 150 - 400 min trombosit olur. Lakin onların miqdarı dəyişə bilər. Trombositlərin yaşama müddəti 35 gündür. Güclü əzələ işi zamanı və yaxud intensiv məşqdən sonra qan lövhəciklərinin miqdarı 35 dəfə artır. Trombositlərin parçalanması dalaqda baş verir.

 

Qan qrupları

 
Orqanizmin qan qrupları

Kəskin qan itirmə nəticəsində orqanizmin daxili mühitinin sabitliyi pozulur, qan təziyiqi enir, hemoqlobinin miqdarı azalır. Belə hallarda zərər çəkənə sağlam adamdan alınmış donor qanı köçürmək lazımdır. Qan köçürən zaman ilk növbədə qanın qrupları nəzə alınmalıdır.

Müəyyən edilmişdir ki, insanda 4 qan qrupu vardır. Bu qan qrupları O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) və olaraq işarə edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. Qan qrupları ilə birlikdə qanın rezus (RhRhesus) amilini də bilmək lazımdır. İnsanların 85%-ində rezus-amil müsbət, 15%-ində isə mənfi olur.

Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir. 18-65 yaşları arasında, çəkisi 50 kiloqramdan çox olan hər sağlam insan qan verə bilər. Kişilər ən tez 2 aydan bir, qadınlarsa ən tez 3 aydan bir, ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan vermənin insan orqanizmi üçün bir çox xeyirli tərəfləri var. Qanazlığı olan insanlar donor ola bilməzlər. Anemiya qan testləri vasitəsilə müəyyən olunur. Qan vermək üçün əsas meyar hemoqlobinin dəyərləndirilməsidir. Qan verən adamın qan təzyiqi 180 mm civə sütununu keçməməlidir.

  İnsanda qan qruplarının uyğunluğu  
Qan qrupları Qan verə bilər Qan ala bilər
I qrup I, II, III, IV qruplara I qrupdan
II qrup II, IV qruplara I, II qruplardan
III qrup III, IV qruplara I, III qruplardan
IV qrup IV qrupa I, II, III, IV qruplardan

 

Kimlər qan verə bilməz

  • Hepatit B – heç bir zaman qan verə bilməzlər.
  • Hepatit C – heç bir zaman qan verə bilməzlər.
  • AIDS – heç bir zaman qan verə bilməzlər.
  • Malyariya – müalicə olunandan 3 il sonra qan verə bilərlər.
  • Vərəm – müalicə olunandan 5 il sonra qan verə bilərlər.
  • Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.
  • Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər.
  • Bronxit-xroniki xəstələr qan verə bilməz.
  • Epilepsiya xəstələri qan verə bilməzlər.
  • Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər.
  • Diabet - qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.
  • Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər.

 

Qan dövranı

Qan dövranı orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan öz hərəkəti ilə toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını və maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır. Qan dövranı böyük qan dövranı və kiçik qan dövranı olmaqla iki yerə ayrılır. Qan orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan dövranı başlanğıcı və sonu ürəkdə olan qan damarlarının yoludur. Qan dövranı sisteminə ürək, arteriyalar, venalar və kapilyar qan damarları daxildir.

 
Qanın insan bədənin dövr etməsi

 

Böyük qan dövranı

Qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir. Böyük qan dövranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən ürəyə qayıdır. Bu qan dövranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta damarı ilə başlayır. Aorta öz gedişində şaxələr əmələ gətirir, bu şaxələrdən də bir cütü ürək əzələsini qanla təhciz edir. Bu damarlara ürəyin tac damarları deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır. Döş və qarın boşluğunda aortadan ayrılan arteriya şaxələri gövdəni, döş və qarın boşluğundakı orqanları və aşağı ətrafları qanla təhciz edir. Hər bir üzvdə arteriyalar tədricən daha kiçik şaxələrə bölünərək, sıx kapilyar şəbəkəsini əmələ gətirir. Bu kapilyarlar birləşib venaları əmələ gətirir. Bunlardan qan iki böyük venaya toplanır. Yuxarı boş vena başdan, boyundan və yuxarı ətraflardan, aşağı boş vena isə bədənin digər hissələrindən, aşağı ətraflardan və gövdədən qanı ürəyə daşıyır. Hər iki boş vena ürəyin sağ qulaqcığına açılır. Sağ qulaqcıqdan venoz qan sol mədəciyə tökülür.

 

Kiçik qan dövranı

Qanın sağ mədəciyindən çıxıb, ağciyər arteriyalarını, kapilyarlarını və venalarını dolanaraq ürəyin sol qulaqcığına qədər keçdiyi yola kiçik qan dövranı deyilir. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər arteriyası ilə başlayır və iki şaxə ilə ağciyərlərə gedir. Bu şaxələr ağciyərlərdə daha kiçik şaxələrə – arteriollara, bunlar da burada saysız-hesabsız alveollarını (ağciyər qovucuqlarını) sıx bürüyən kapilyarlara bölünür. Qan ağciyər kapilyarları ilə axdıqca alveollardan qana keçən oksigen eritrositlərdəki hemoqlobinlə birləşərək oksihemoqlobinə çevrilir. Beləliklə ağciyər kapilyarlarında venoz qan arteriyal qana çevrilir. Qan oksigenlə təmin olunduğu zaman buradakı karbon qazı ağciyər alveollarına keçir. Sonra qan venoz kapilyarlarını, bunlar da bir-biri birləşərək iki cüt ağciyər venalarını əmələ gətirir. Ağciyər venaları ürəyin sol qulaqcığına açılır. Qan sol qulaqcıqdan sol mədəciyə keçir.

 

Qan təzyiqi və nəbz

Bədənin normal həyat fəaliyyəti üçün qan damarlarında müəyyən dərəcədə təzyiq olmalıdır. Qan-damar sisteminin müxtəlif nahiyələrində qanın təzyiqi eyni deyildir. Təzyiqi yaradan mədəciklərin yığılma qüvvəsidir. Buna görə arteriya ürəyə yaxın olduqca onda qanın təzyiqi yüksək olur. Aortada qan təzyiqi daha yüksək olur. Damarlarda qan hərəkət etdikcə təzyiq tədricən azalır, yuxarı və aşağı boş venalarda təzyiq mənfi olur. Orta yaşlı sağlam adamların sakitlik dövründə qanın maksimal təzyiqi 110-120 mm, minimal təzyiqi isə 70-80 mm civə sütununa bərabərdir. Qan təzyiqinin normadan xeyli kənara çıxması xəstəlik əlamətidir. Qanın təzyiqi artarsa – hipertoniya, təzyiq azalarsa – hipotoniya adlanır.

Ürək fəaliyyəti ilə əlaqədar arteriya divarlarının ritmik dalğalanmasına nəbz deyilir. Nəbz ürəyin işini əhəmiyyətli dərəcədə əks etdirir. Sol mədəcik hər dəfə yığıldıqda qanın müəyyən hissəsini aortaya qovaraq onu genişləndirir. Sol mədəcik boşaldığı zaman isə elastikliyə malik olan aorta əvvəlki vəziyyətinə qayıdır. Aortanın bu ritmik dəyişiklikləri bədənin ən ucqar damarlarına, yəni arteriyalara ötürülür. Arteriyaların bədənin səthinə yaxın olduğu yerlərdə – biləyin içəri tərəfində, gicgahda, qoltuqaltında, boyunda və digər yerlərdə bu ritmik hərəkətləri yaxşı hiss etmək olur. İnsanda ürəyin bir dəqiqədə neçə dəfə döyünməsini bilmək üçün nəbz vurğularını saymaq kifayətdir. Orta yaşlı adamlarda nəbzin sayı 70-75 olur.

 

Qanın feili

Qanın damarlarda hərəkəti orqanizmdə mürəkkəb xarakter daşıyır. Qanın damarlarda fasiləsiz cərəyan etməsinə səbəb arteriya divarlarının elastiki olmasıdır. Ürək yığılaraq qanı hissə-hissə arteriyalara qovur. Qan arteriyalara qovulduğu zaman onun divarı genişlənir. Ürək boşaldığı zaman damarlar elastiki olduğundan əvvəlki vəziyyətinə qayıdır və qana təzyiq edib onu irəli itələyir. Nəticədə qanın arasıkəsilmədən axması təmin edilir.

Qan damarlarının ayrı-ayrı nahiyələrində qan müxtəlif sürətlə hərəkət edir. Onun sürəti damar yatağının ümumi enindən asılıdır. Qan damarın dar yerindən daha sürətlə axır. Damarın ümumi mənfəzi genişləndikcə qanın hərəkət sürəti də yavaşlayır. Beləliklə, qanın hərəkət sürəti qan hissəciyinin vahid zaman ərzində keçdiyi damarın en kəsiyi və uzunluğundan asılıdır. Aortada qanın hərəkət sürəti saniyədə təxminən 0,4-0,5 metrə bərabərdir. Arteriyada qanın sürəti azalaraq saniyədə 0,25 metrə çatır. Kapilyarlarda ümumi yatağın xeyli geniş olduğuna bu sürət aşağı düşərək saniyədə 0,5 mm-ə bərabər olur. Kapilyarlarda qan yavaş axdığı üçün özündəki oksigen və qida maddələrini hüceyrələrə verir, onlardan isə mübadilənin son məhsullarını alır. Venaların ümmi mənfəzi kapilyarlara nisbətən dar olduğu üçün qanın hərəkəti yenidən sürətlənir və saniyədə 0,2 metrə çatır.

 

Qanın laxtalanması

 
Qanın laxtalanması

Qanın laxtalanma prosesi orqanizmin müdafiə funksiyalarına aiddir və orqanizmi artıq qan itirməkdən qoruyur. Orqanizm üçün qanın laxtalanmasının mühüm bioloji əhəmiyyəti vardır. Əgər qan laxtalanması olmazsa, kiçik bir zədələnmədən orqanizmdəki qan axıb gedərdi. Qanın laxtalanması mürəkkəb biokimyəvi və fizioloji bir proses olub, qanın formalı elementlərindən - trombositlər, leykositlər, plazmada olan kalsium ionları, fibrinogen zülalı və nəhayət oksigenin iştirakı ilə gedir. Laxtalanmış qan zədələnmiş və yaxud kəsilmiş qan damarının ağzını tutur və qanın axmasının qarşısını alır.

Qanın laxtalanması olduqca mürəkkəb fermentativ prosesdir. Plazmada olan fibrinogen zülalı qanın laxtalanması üçün suda həll olmayan fibrin liflərinə çevrilir. Fibrin lifləri uzun saplar şəklində qan damarlarının zədələnmiş hissəsinə çökür və tor əmələ gətirir. Fibrin toru qan hüceyrələrini özündə tutub saxlayır və trombun (qan laxtasının) əmələ gəlməsinə səbəb olur. Qanın laxtalanması 3-8 dəqiqə ərzində başa çatır. Qanın laxtalanma sürətinə xarici mühit amillərindən temperaturun yüksəlməsi, həyəcanlanma, qorxu hissləri və s. öz təsirini göstərir. Qan plazmasında olduğu kimi limfa mayesində də fibrinogen zülalı vardır. Buna görə də qanda olduğu kimi, limfada da laxtalanma prosesi gedir. Lakin qanın laxtalanmasına nisbətən limfa mayesi daha yavaş laxtalanır. Anadangəlmə hemofiliya xəstəliyi olan adamlarda qan laxtalanmır və ya çətin laxtalanır. Belə insanların qan damarlarının zədələnməsi onlar üçün çox təhlükəlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR