Qadınlar maraqla gözləyir: Boz, açıq sarı, gümüşü... - 2020-nin dəbi
İnsan daim dəbdə olana deyil, yaraşana və özünü rahat hiss etdiyi geyimlərə üstünlük verir. Amma dəbə nəzərə yetirmədən alış-veriş etmək də olmaz. Ağ siçan ilində hansı rənglər və parçalar dəbdə olacaq?
Modelyer-dizayner Gülnarə Xəlilova bu barədə Teleqraf.com-a danışıb.
Onun sözlərinə görə, üzümüzə gələn il daha çox açıq tonlar üstünlük təşkil edəcək: “Metalik ağ siçan ilini qarşılayırıq. Bu siçan açıq rəngləri daha çox sevir. Boz, açıq sarı, gümüşü, kül gəngi, krem tonları yeni ildə aktual olacaq. Eyni zamanda, tünd yaşıl rəng də dəbdə olacaq”.
Modelyer bildirib ki, 1920-1930-cu illərin geyim üslubu, 1980-ci illərin geyimləri ilin trendi olacaq: “Dizaynerlər hər zaman köhnə illərin dəbinə müraciət edirlər, sadəcə hər dəfə yenilik qataraq təqdim edirlər. Parıltılı parçalardan hazırlanmış geyimlər, ipli paltarlar, dizaltı formalar dəbə düşəcək.
Ötən illərdə olduğu kimi, bu il də həm üst geyimlərdə, həm də ətək və köynəklərdə həcm öz sözünü deyəcək. Qadını incə göstərən geyimlər, idman üslubları dəbdə olacaq. Ümumiyyətlə, üslublar çox fərqli və çox maraqlıdırlar. Bunlar hər il yenilənir”.
Gülnarə Xəlilova qeyd edib ki, geyimlərin dizaynında naxışla yanaşı qaşlar da yer alacaq: “Qaşlı, daşlı, muncuqlu, lələkli, incə naxışlı ipək parçalar, çox sadə ipəklər, güpürlər də qarşıdakı ilin dəbinə aiddi. İsti geyimlərdən isə yun, kəşmir, xəzlər çox geyiləcək. Paltolarda trikotajlara üstünlük veriləcək. Qeyd etdiyim parçalar fərqli geyim tərzlərində aktual olacaq. Xəz sevərlər üçün təbii dərilər, süni dərilər, süni xəzlər bu il də üstünlük təşkil edəcək”.
Modelyerin sözlərinə görə, xüsusilə Yeni il gecəsində aksessuarlardan çox istifadə etmək məqsədəuyğun deyil: “Bu il aksessuarlardan çox incə zövqlə istifadə olunmalıdır. Təbii ki, bəzi geyimlər məhz aksessuarlarla tamamlanır. Ona görə də aksessuarlar minimum aktual olacaq. Yəni çox qarışıq aksessuar istifadəsi tövsiyə olunmur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət