Slimfit
  1. PSİXOLOGİYA

Qadının müvəffəqiyyət düsturu

Qadının müvəffəqiyyət düsturu
Sakura

Qadının müvəffəqiyyət düsturu

Müasir dövrdə qadının imkanları artdıqca onun narahatlıqları və qayğıları da çoxalır. Əvvəllər sadəcə ənənəvi ana və həyat yoldaşı kimi əsas funksiyaları yerinə yetirən qadın kişilərlə bərabər siyasi kampaniyalarda və mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak edir, böyük şirkətlərin başında durur, milyardlarla kapitala sahib olur. Qadınlar bu gün təkcə öz ölkələrində deyil, beynəlxalq səviyyədə nüfuz qazana bilir.

Qadınlar indi həyatlarına baxanda düşünürlər ki, təkcə bacarıqlı qadın və iş adamı olmaq kifayət deyil. Mütəxəssislər müəyyən ediblər ki, müasir qadınların böyük hissəsi əsas missiyası ailə həyatı qurub uşaq böyütmək hesab edilən köhnə zəmanəyə qayıtmaq istəmir. Qadınlar həm gözəl ana və həyat yoldaşı olmaq, işdə uğur qazanmaq, eyni zamanda ictimai həyatda yaxından iştirak etmək və nəhayət formada olmaq, gözəl görünmək istəyərək qarşılarına bu gün çox böyük məqsədlər qoyurlar.

Bərabər imkanların verildiyi cəmiyyətlərdə qadınların bu vəzifələrin öhdəsindən gələ bilməsi xeyli asanlaşıb. Qadınların bu imkanlardan necə istifadə etməsi, cəmiyyətdə onların rolu kimi amillər dünyanın ən uğurlu qadınlarının yaşadığı ölkələrin müəyyən edilməsinə kömək göstərir. Bu baxımdan İsveç və Danimarka dünyada qadınların bütün imkanlardan bərabər istifadə edib özünü xoşbəxt hiss edən ölkələri arasında birinci yerlərdə gəlir. Bu ölkələr qadının karyerası və ailə həyatını yaxşı balanslaşdıra bilməsi baxımından ən münasib ölkələr hesab edilir.

Bu statiska ilə tanış olarkən gözlərimin önündə məşhur su pərisinin vətəni olan Danimarka paytaxtı Kopenhagenin klassik yubkalar və hündür daban ayaqqabılar geyib velosiped sürən müasir “su pəriləri” canlandı. Səhər və axşam avtomobil tıxacları zamanı bu velosipedçi “pərilər” küçələrdən ötərək şəhərdə xüsusi bir əhval-ruhiyyə yaradır. Qadın olduqlarını unutmayaraq avtomobillərlə yanaşı velosipedlər üçün xüsusi ayrılmış yolda eleqant və gözəl bir tərzdə velosiped sürən bu xanımlar həm arxayın, həm də xoşbəxt görünürdülər.

Dünyanın ən mötəbər biznes dərgilərindən biri olan Forbes jurnalı 2004-cü ildən başlayaraq hər il dünyada ən nüfuzlu 100 qadının siyahısını nəşr edir. Bu siyahıya təkcə biznes və siyasət dünyasının öncülləri deyil, həm də qlobal miqyasda insanların həyatına təsir göstərəcək işlər görən qadınlar daxildir. Bununla bərabər, öz gücünə miyonçu və milyardçı olan qadınların da siyahıları açıqlanır.

Müasir cəmiyyətlərdə qadının müvəffəq olması olması üçün onun ailə qurması da artıq mütləq şərt kimi qəbul edilmir. Forbes jurnalının siyahılarına da baxsaq, özü milyonçu və milyardçı olan qadınların siyahısında heç də hamının ailəli olmadığını görə bilərik. Burada göstərilən 14 ən müvəffəq qadın arasında olan Amerikada məşhur tele-şou aparacısı Opra Vinfri öz kapitalını heç bir kişi qohumunun köməyinə arxalanmadan qazana bilib.

Dünyanın ən zəngin yaçızısı, sehrbaz oğlan Herri Potter haqda kitabların müəllifi Coan Roulinz də 1997-ci ildə sonradan ədəbi sensasiyaya çevrilmiş ilk kitabını yazanda dövlət müavinəti alan tək qadın olub. Lakin Gap və Banana Republic kimi pərakəndə geyim satış şikətlərindən ibarət nəhəng imperiyaların sahibi olan Doris Fişer biznesə həyat yoldaşı ilə, sviter toxumaqdan başlamış Culiana Benetton isə Benetton və Sisley şirkətlərinin əsasını qardaşları ilə qoymuşdur.

Bu gün qadının seçim imkanları olduqca genişdir. Əgər İsveç mövcud şərait və imkanlara görə dünyada qadınlar üçün ən xoşbəxt ölkə hesab edilirsə, Amerika Birləşmiş Ştatları qadınların ən çox gəlir əldə edə bildiyi, Yaponiya isə ən uzunömürlü qadınların yaşadığı ölkə kimi göstərilir. Finlandiya, Danimarka və İsveç qadınlara kişilərlə bərabər imkanlara verən öncül ölkələrdir. Bu ölkələrdə qadının karyera və ailə həyatını balanslaşdırmasına imkan verən ictimai sistem mövcuddur. Bəlkə də bu ölkələrdə qadınların uğurunun əsas sirri elə bundadır.

 

Müəllif: Dilşad Əliyarlı

Mənbə: Blogs.voanews.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR