Slimfit
  1. AZƏRBAYCAN

Putinin böyük layihəsi: Moskva Bakını seçəcəkmi?

Putinin böyük layihəsi: Moskva Bakını seçəcəkmi?
Sakura

Rusiya Hindistan və İranla yeni və böyük Şimal-Cənub dəhlizi layihəsini müzakirə edir

Rusiya Hindistan və İranla yeni və böyük Şimal-Cənub dəhlizi layihəsini müzakirə edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya uzunluğu təxminən 7 min kilometr olan Şimal-Cənub dəhlizi layihəsi ilə il ərzində 20-30 milyon ton yük daşımağı hədəfləyir:

“Mallar Hindistandan gəmilərlə İranın Fars körfəzindəki Bəndər-Abbas limanına çatdırılacaq, buradan dəmir yolu ilə İranın Xəzər dənizindəki Ənzəli limanına gətiriləcək və yenidən gəmilərə yüklənərək, Rusiyanın Həştərxan limanına çatdırılacaq, oradan isə dəmir yolu ilə Avropaya istiqamətləndiriləcək. Bu yol Süveyş kanalına alternativ kimi düşünülüb. Əgər Rusiya Şimal-Cənub nəqliyyat layihəsini işə salarsa, Çin və Hindistan Süveyş kanalı əvəzinə yeni nəqliyyat yolundan istifadə edə bilər. Moskva iddia edir ki, yeni nəqliyyat yolu Süveyş kanalının istifadəsindən təxminən 30-40 faiz faydalıdır. Yəni malların daşıma xərcləri azalacaq”.

Politoloq qeyd edib ki, Rusiya bir çox ölkəyə şimal yolundan - Arktika istiqamətindən istifadə etməyi məsləhət görür:

“Moskva hazırda beynəlxalq aləmi bu yolun qısalığına inandırmağa çalışır. Ancaq şimal yolundan istifadə aşağı səviyyədədir və Moskvanın planlarından asılı olmayaraq, mal daşıyan dövlətlər Süveyş kanalından istifadə edirlər. Rusiya məhz Azərbaycan üzərindən dəmir yolu ilə İranla birləşir. Ona görə də Hindistandan daşınan malların Bəndər-Abbasdan Ənzəliyə və oradan gəmilərlə Həştərxana deyil, birbaşa dəmiryolu ilə Azərbaycan sərhədinə çatdırılması daha faydalı olardı”.

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, sözügedən layihədə Azərbaycanın rolu çox vacibdir:

“Azərbaycan nəqliyyat sektorunu inkişaf etdirir. Eyni zamanda, Azərbaycanın dəmir yolu xətti Moskva ilə birləşir. Bu xəttin İranın əsas şəhərləri ilə birləşdirilməsi istiqamətində işlər gedir. Hətta Azərbaycan bu istiqamətdə vəsait ayırıb ki, İranda dəmir yolu xəttinin inkişafı mümkün olsun. Təbii ki, Azərbaycan ərazisindən yüklərin daşınması Rusiya üçün daha cəlbedicidir. Nəzərə alsaq ki, yüklərin bir qismi İran bazarına, digər qismi İran vasitəsilə yalnız Hindistana deyil, həm də Körfəz ölkələrinə gedəcək, onda Rusiya praktik olaraq yüklərinin digər ölkələrin bazarlarına çıxışını Azərbaycan ərazisindən təmin etməklə zamana, xərcə və məsafəyə qənaət etmiş olacaq”.

Ekspert hazırda bu istiqamətdə danışıqların getdiyini istisna etməyib:

“Çünki bir müddət öncə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə gündəmdə olan əsas məsələlərdən biri də məhz Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması və üç ölkənin bütöv şəkildə sözügedən nəqliyyat dəhlizində iştirak imkanlarının müzakirəsi idi. Fərqli yanaşmalar ola bilər, ancaq Rusiya və İran sanksiyalara məruz qalan ölkələrdir. Buna görə də Azərbaycan sözügedən ölkələr üçün əməkdaşlığın gücləndirilməsi baxımından əsas alternativlərdən biridir. Rusiyanın sözügedən layihəsində Azərbaycan ərazisindən istifadə etməklə yüklərini dünya bazarına çıxarması iqtisadi, siyasi baxımdan daha məqsədəuyğundur. Ümid edirik ki, danışıqlar Şimal-Cənub dəhlizinin məhz Azərbaycan ərazisindən reallaşmasına imkan verəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR