Slimfit
  1. AZƏRBAYCAN

Psixoloji yardım qanunu nə vaxt işə düşür

Psixoloji yardım qanunu nə vaxt işə düşür
Sakura

Hökumətə verilən vaxt başa çatır

Oxu.Az-ın müxbirinin suallarına Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev cavab verir:

- Son zamanlar cəmiyyətdə psixoloqlarla bağlı məsələ çox ciddi şəkildə müzakirə olunmaqdadır, az qala gündəmi zəbt etməkdədir. Bu baxımdan, bilmək istərdik ki, müəllifi olduğunuz və parlament tərəfindən qəbul edilən “Psixoloji yardım haqqında” qanun nə vaxt tam qüvvəsi ilə işə düşəcək, bu məsələ ətrafında yaranan narahatlıqlara son qoyulacaq?

- Bildiyiniz kimi, “Psixoloji yaddım haqqında” qanun 2018-ci ilin 7 dekabr tarixində qəbul olunub. Bu ilin yanvar ayının 25-də isə ölkə prezidenti cənab İlham Əliyev adıçəkilən qanunun tətbiqi barədə fərman imzalayıb.

Həmin fərmanda ölkə prezidenti Nazirlər Kabinetinə tapşırıb ki, qanunun icrasının təmin edilməsi məqsədilə üç ay müddətində lazım olan normativ-hüquqi sənədləri hazırlayıb, təqdim etsinlər. Burada da psixoloqlara olan tələblər, psixoloqların sertifikasiyası, psixoloqların attestasiyası qaydaları, psixoloji xidmətin növləri və formaları necə göstərilməli, psixoloji fəaliyyətə, psixoloqluqla bağlı fəaliyyətə kim icazə verməli, onları kim yoxlamalıdır və sair məsələlərdən söhbət gedir.

Eyni zamanda, fərmanda tam qüvvəsi ilə işləyəcəyi zaman qanunun tələblərinin, müddəalarının pozulması ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi öz əksini tapıb. Yəni bunlarla bağlı hökumətə tapşırıq verilib ki, üç ay müddətində lazımi sənədləri hazırlasınlar və bu sənədi digər normativ-hüquqi aktlara, digər qanunlara uyğunlaşdırsınlar.

Artıq aprelin 25-də prezidentin həmin fərmanda verdiyi müddət başa çatır və yəqin ki, həmin müddətə kimi də Nazirlər Kabineti müvafiq sənədləri hazırlayıb, dövlət başçısına təqdim edəcək.

Bununla da yalnız ali təhsilli, müvafiq sertifikasiyadan keçən, müvafiq sənədləri, icazəsi və psixoloji xidmət göstərmək üçün yerləri - kabinetləri olan şəxslər psixoloji yardımla, psixoloqluq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Təbii ki, qanun tam işlək vəziyyətə düşəndən sonra onun müddəalarının pozulması ilə əlaqədar, yəni, icazəsi olmadan fəaliyyət göstərən şəxslərə, yaxud psixoloji yardım göstərilməyən və bundan imtina edilən hallarda hansı qaydada cərimə tədbirləri nəzərdə tutulacaqsa, onlar da icra olunacaq.

Ümumiyyətlə, qanunda tam açıq şəkildə göstərilir ki, dövlət səhiyyə müəssisələrində, dövlət təhsil ocaqlarında və bir sıra digər dövlət qurumlarında psixoloji yardımlar pulsuzdur. Özəl sektorda isə psixoloji yardım pulludur.

Eyni zamanda, bir kateqoriyadan olan insanlar var ki, onlara psixoloji yardım bütün hallarda pulsuz göstərilməlidir.

- Belə təkliflər və fikirlər var ki, psixoloqların həm də tibbi bilikləri olmaldır, tibbi biliklərə malik olmayan insanlar psixoloq fəaliyyəti ilə məşğul ola bilməzlər və sair. Siz bu barədə nə fikirdəsiniz?

- Təbii ki, psixoloq fəaliyyəti ilə məşğul olan və ya olacaq şəxslər ali təhsilli olmalıdırlar. Yəni onlar ən azı bakalavr pilləsində təhsil almalıdırlar.

Eyni zamanda, klinik psixoloq fəaliyyəti ilə bağlı əlavə magistratura təhsili də keçməlidirlər. Yəni magistratura təhsili zamanı onlara tibbi biliklər də səthi şəkildə olsa belə, öyrədilir.

Amma psixoloq xəstə insanla məşğul olmur. Psixoloq sağlam insanla məşğul olur. Sadəcə, müəyyən psixoloji situasiyalarda adekvat reaksiyası olmayan və yaxud düşdüyü durumdan çıxış yolu tapa bilməyən insanlara kömək edir.

Amma psixoloq hiss edərsə ki, pasiyentin xəstəlik halları - vəziyyəti dərman müalicəsinə və digər müalicələrə ehtiyac yaradır, təbii ki, o zaman həmin şəxsi psixiatra, nevropatoloqa, digər həkimlərə yönləndirməlidir. Bununla belə, psixoloqun işi ancaq sağlam insanlarladır...

- Özünüz də, yəqin ki, şahid olmusunuz, bir çox yerlərdə psixoloji yardım mərkəzlərinin elanları asılıb və orada bir sıra, hətta müalicəsi mümkün olmayan xəstəliklərin müayinəsi-müalicəsi öz əksini tapıb...

- Bu cür fəaliyyətlər tamamilə qanunsuzdur. Əgər hər hansı bir psixoloq və ya psixoloji yardım mərkəzi tərəfindən hansısa xəstəliyin müalicəsi ilə bağlı elan verilərsə, yaxud onun müalicəsi ilə məşğul olunursa, bu, tam qanunsuzluq sayılacaq. Qanun tam işə düşəndən sonra müvafiq qaydada cəza və cərimə tədbirləri həyata keçiriləcək.

- Ailə psixoloqları məsələsi necə olacaq?

- Bilirsiniz, ailə psixoloqu məsələsi hələlik qanunda açıq qalır. Yəqin ki, bu, gələcəyin işidir, bunların hamısını birdən-birə qurmaq olmur. Çünki maliyyəyə bağlı məsələlərdir. Ştatlar olmalıdır, onlar kim tərəfindən maliyyələşməlidir və necə olmalıdır, bu məsələlər var. Odur ki, hələlik ümumi profilli psixoloqların fəaliyyətini tənzimləyə bilsək, bu, daha effektli ola bilər.

Azərbaycan böyük əhalisi olan dövlət deyil ki, burada hər bir sahə üzrə psixoloqlara ehtiyac olsun. Amma bununla belə, ailə psixoloqu çox vacibdir. Nəzərə alsaq ki, məişət zorakılığı halları tez-tez baş verir, natamam ailələr getdikcə artır, ailə münaqişələri çoxalır, uşaqlar çox zaman  valideyn münaqişələrinin qurbanına çevrilir, o zaman ailə psixoloqunun olması vacibdir.

Amma indiki halda yetərlidir ki, ümumi profilli psixoloqların məsləhətlərinə müraciətlər olsun. Təəssüf ki, biz Azərbaycanda psixoloqların konsultasiyasına ardıcıl və geniş müraciətləri müşahidə etmirik.

Kamil HƏMZƏOĞLU

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR