Dərc edildi: Baxış sayı: 691
Professor yeni virusdan danışdı: “Bu virusda ölüm qorxusu da var”
"Əslində haqqında xəbərdarlıq yayılan sətəlcəm virusu deyil. Burada koronaviruslardan söhbət gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Səhiyyə Nazirliyinin Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılması ilə bağlı məlumatı şərh edərkən deyib. O, qeyd edib ki, donuz qripi, koronaviruslarla bağlı çoxsaylı viruslar var:
"Əlbəttə ki, bu virusun növünü birbaşa deyə bilmirik. Çünki bunu ancaq laboratoriyada aparılan analizin nəticəsindən sonra demək olar. Koronaviruslar 1960-ci ildə soyuqdəymə ilə xəstələnənlərin burun boşluğunda aşkarlanıb. Sətəlcəm yuxarı tənəffüs yollarının ağır iltihabı ilə müşahidə olunan bir xəstəlik formasında davam edir. Mütəmadi olaraq bu xəstəlik özünü göstərir. Bir neçə il öncə də bu xəstəlik baş vermişdi. Bu gün də bununla bağlı informasiyalar var. Hesab edirəm ki, istər beynəlxalq qurumlar, istərsə də səhiyyə təşkilatlarının bununla bağlı açıqlamaları dəqiq olmalıdır ki, söhbət konkert olaraq yayılan virusun növündən gedir və hansı fəsadları gözlənilir. Bununla bağlı təbliğat aparılmalıdır ki, insanlar bu viruslardan necə qorunsunlar. Vətəndaşlar ictimai, xüsusən də ahalinin çox olduğu yerlərdə, ictimai nəqliyyatda maska ilə gəzməlidirlər, xəstələndiyi halda yataq reyiminə keçməlidir, çoxlu maye qəbul eləməli, həkimdən icazəsiz dərman qəbul etməməlidirlər. Xəstəlik qısa müddətə daha da ağırlaşır və qorxulu fəsadlara gətirib çıxardır. Əhali arasında təbliğatı gücləndirmək lazımdır. Bundan başqa, ölkəyə gələn xarici vətəndaşları yoxlamaq lazımıdır. Bu da karantin tədbirlərdir”.
Adil Qeybulla iddia edir ki, bu xəstəliyə yoluxan vətəndaşları həm də ölüm gözləyir:
"Bu virusda ölüm qorxusu da var. Yüksək temperatur, yuxarı tənəffüs yollarının, ağciyərin iltihabı ölümə gətirib çıxarda bilər”.
Qeyd edək ki, Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət