Prezidentin Moskva səfəri nə vəd edir? - Şərh
Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyəti bütövlükdə regionun geostrateji müvazinətini formalaşdıran münasibətlərdir. İkitərəfli münasibətlər daim aktuallıq kəsb edir və ölkələrimizin maraqları baxımından zəruridir.
Ona görə Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ikitərəfli münasibətlərdə yeni keyfiyyət mərhələsi yaradacaq.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, hazırda Rusiya Federasiyasının da daxil olduğu regionumuzda çox mühüm tarixi hadisələr baş verir. Bu, dövlətlərin milli maraqlarının və təhlükəsizliyinin təmin olunması üçün yeni şərtlər irəli sürür.
“Belə mərhələdə qonşu, dost və srateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi şərtlərin, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir.
Nəzərə alsaq ki, son dövrlərdə müsəlman şərqində baş verən hadisələrdə yeni hərbi siyasi tendensiyalar müşahidə olunur və bunlar daha da aqressivləşməkdədir, o zaman münasibətlərin hazırkı mərhələdə bir daha nə qədər aktual olduğu ortaya çıxır.
Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir. Çünki Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyəti bütövlükdə regionun geostrateji müvazinətini formalaşdırır.
Əgər biz bir qədər daha geniş kontekstdə nəzər yetirsək, görəcəyik ki, Rusiya-Azərbaycan münasibətləri üçtərəfli və dördtərəfli formatlarda da əhəmiyyət kəsb edir. Həm ikitərəfli görüş, həm də yeni çoxtərəfli görüşlər üçün zəmin yaradır. Bu, Rusiya-Türkiyə-Azərbaycan münasibətləri, Rusiya-Azərbaycan-İran münasibətləri kimi xarakterizə etdiyimiz üçtərəfli diplomatik müstəvilər içində yeni tərəfdaşlıq imkanları açır.
Heç şübhəsiz ki, bu münasibətlərdə bizim üçün hər şeydən öncə Azərbaycanın maraqları mühümdür. Rusiya-Azərbaycan münasibətlərinin çox qədim kökləri var. Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir.
Bu iki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya qoyur. Azərbaycan Rusiya Federasiyasına 1 milyarddan çox sərmayə yatırıb. Rusiya Federasiyasının Azərbaycandakı yatırımı təqribən 4 milyard, ticarət dövriyyəmiz isə 3 milyarddır.
Soçi görüşündə bu məsələlər müzakirə olunacaq. Rusiya hazırda iqtisadi münasibətlərdə Azərbaycanın ən böyük qeyri-neft sektoru məhsullarını ixrac etdiyi ölkədir. Buna görə regionun qarşılıqlı şəkildə çox böyük inteqrasiya potensialı var və bu, qarşılıqlı maraqlara cavab verir.
Görüşdə iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, birgə müəssisələrin yaradılması, Rusiya Federasiyası regionları və Azərbaycan arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən Xəzərin yurisdiksiyasını tənzimləyən yeni konvensiya imzalandıqdan sonra yeni statusda Xəzərin iqtisadi potensialının, yeni kommunikasiya vasitələrinin və karbohidrogen ehtiyatlarının istismarının yenidən qiymətləndirməsi kimi məsələlər müzakirə olunacaq.
Bundan başqa, bilirik ki, bütün görüşlərdə mütləq Ermənistan-Azərbaycan probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində prioritet təşkil edir. Bu problemin həlli ilə bağlı dövlət başçıları arasında müzakirələrin aparılması gözlənilir. Bütövlükdə, bu səfər olduqca mühüm əhəmiyyət kəsb edir.
Regionumuz və qonşu strateji müttəfiq olduğumuz digər ölkələrin mənafeyi və yeni əməkdaşlığın yaranması imkanları baxımından bu səfər olduqca əhəmiyyətlidir”, - deyə millət vəkili əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət