Slimfit
  1. AZƏRBAYCAN

"Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı fərmanı şəffaflığı təmin edəcək"

"Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı fərmanı şəffaflığı təmin edəcək"
Sakura

"Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı fərmanı şəffaflığı təmin edəcək"

“Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı tarixi sənəddir. Bu, ilk belə qərar deyil, ölkə rəhbərliyi zaman-zaman belə addımlar atıb”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

O xatırladıb ki, 2000-ci illərin əvvəllərində hələ məhkəmə-hüquq sistemində islahatlara start verilib: “İslahatlar hər şeyin birdən-birə həyata keçirilməsi demək deyil, bu, tədricən olur. Prezidentin 2017-ci ilin fevralında “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında” sərəncamı beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir, komissiya daxil olan müraciətlərə baxır və siyahını Prezidentə təqdim edir. Dövlət başçısı da buna uyğun olaraq əfv sərəncamı imzalayır. Bilirsiniz ki, ölkədə bir neçə dəfə Amnistiya aktı qəbul olunub, xeyli insan azadlığa buraxılıb”.

Onun sözlərinə görə, hüquq sahəsində islahatlar davamlı aparılır: ““Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman bu baxımdan çox əhəmiyyətlidir. Fərmanda məhkəmə sisteminin tamamilə elektronlaşdırılması, prosesin sadələşdirilməsi, əlçatımlılığın təmin olunması əksini tapıb. Fərmanla müvafiq icra hakimiyyəti orqanlarına tapşırıqlar, Vəkillər Kollegiyasına tövsiyələr verilib. Əminəm ki, fərmanla nəzərdə tutulan müddət ərzində bütün tapşırıqlar yerinə yetiriləcək. Milli Məclisdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımlar atacaq. Bu fərman məhkəmə-hüquq sisteminə, demokratik cəmiyyət quruculuğuna böyük töhfədir. Nəzərdə tutulan məsələlər həll edildikdən məhkəmə-hüquq sisteminə müdaxilə tamamilə mümkünsüz olacaq”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli də fərmanı yüksək qiymətləndirib.

T.Kərimli bildirib ki, Prezidentin bu addımı gözlənilən idi: “Fərmanda nəzərdə tutulan məsələlərlə bağlı zaman-zaman fikir bildirmişəm. Bu baxımdan fərmanı mühüm hesab edirəm. Hesab edirəm ki, verilən tapşırıq və tövsiyələr yerinə yetirildikdən sonra məhkəmə-hüquq sistemində şəffaflıq tam təmin olunacaq. Məhkəmə-hüquq sistemi bütün islahatların tərkib hissəsidir. Ədalət mühakiməsinin qanunçuluq, qərəzsizlik, aşkarlıq prinsiplərinə uyğun aparılması qanunvericilikdə əksini tapsa da, fərmanda bu işin daha keyfiyyətli olması üçün prinsipial mövqelərin işlənib hazırlanması tövsiyə olunur”.

Onun sözlərinə görə, sənəddə Ali Məhkəməyə, Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə tövsiyə olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və dekriminallaşması ilə tədbirlər görsünlər: “Bilirsiniz ki, 2017-ci ilin fevralında “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında” sərəncam imzalanıb. Həmin vaxt anons verilmişdi ki, bu addımlar mütəmadi atılacaq. Cəmiyyətdə sovet dövründən qalma əməllər var ki, cinayət hesab olunur, halbuki buna inzibati xəta kimi də baxmaq olar. Yəni hər şeyə cinayət hadisəsi kimi baxmaq düzgün deyil. Yəqin ki, fərmanda nəzərdə tutulan müddətdə cinayət qanunvericiliyində dəyişiklik ediləcək”.

Deputat qeyd edib ki, fərmanda ən mühüm məsələlərdən biri də sahibkarlıqla bağlı xüsusi ixtisaslaşmış məhkəmənin yaradılması barədə tapşırıqdır: “Konstitusiyada ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulub. Bilirsiniz ki, inkişaf etmiş bir sıra dövlətlərdə bu cür məhkəmələr var. Bu məhkəmələrdə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə məsələlərə baxılır. Məhkəmə hakimlərinin sayının artırılması ilə bağlı tapşırıq çox mühümdür, onlarının sayının 200 nəfər artırılması nəzərdə tutulur. Hakimlərin çoxluğundan çəkinmək lazım deyil. Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi mühüm məsələlərdəndir. Hakimlər o qədər yaxşı təmin olunmalıdır ki, rüşvətə ehtiyacı olmasın. Məhkəmə-hüquq sisteminə müdaxilə yolverilməzdir. Fərmanda bu məsələ də əskini tapıb. Bilirsiniz ki, hakimlər bəzi hallarda icra orqanlarından asılı vəziyyətdə olurlar, onlara telefonla zəng edib tapşırıq verirlər. Bununla da məhkəməni istədikləri vəziyyətdə, yəni proses vicdan və qanunçuluqdan çıxarılaraq subyektiv mülahizələrə yönəldirlər. Burada məsuliyyət artırılmalıdır ki, məhkəmələr tam müstəqil olsunlar. Bu fərmanda vəzifəli şəxslərin qeyri-hüquqi hərəkətlərindən şikayətlərə baxılması mexanizmlərinin də təkmilləşdirilməsi nəzərdə tutulub. Məhkəmə iclaslarının protokollarının tərtib olunması prosesi məni həmişə narahat edir. Fərmanda birbaşa göstərilir ki, bütün məhkəmə iclaslarının audioyazısı olmalıdır, protokol da buna uyğun hazırlanmalıdır. Bəzi hallarda məhkəmə iclasında deyilən sözlər dəyişdirilir, əksini sübut etmək də mümkün olmur. Audioyazı olduğu təqdirdə isə bu cür pozuntulara yol verilməyəcək. Bu fərmanla məhkəmə-hüquq sistemində şəffaflıq tam təmin olunacaq. Bəzi hallarda məhkəmə sədrləri baxılacaq işləri hakimlər arasında bölür. Burada “yaxşı” və “pis” iş bölgüsü olur. Prezidentin fərmanında bu cür halların aradan qaldırılması üçün mexanizmin hazırlanması nəzərdə tutulur. Məhkəmə işləri seçimlə olmamalıdır. Xarici ölkələrdə özəl icra qurumları fəaliyyət göstərir, hətta onlar təhqiqat işlərində də iştirak edə bilirlər. Düşünürəm, ölkəmizdə də belə qurumlar yaradılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR