Prezidentin bu islahatı gözlənilməz oldu – Keçmiş nazir
Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi ölkədə aparılan struktur islahatlarına uyğun dövlət başçısının atdığı növbəti addımdır.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin struktur islahatları ilə bağlı bu gün imzaladığı fərmana münasibət bildirən professor Fikrət Yusifov deyib. Bu islahatların ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin etmək üçün atılan addımlar olduğunu bildirən professor yaxın illərdə bu kadr islahatlarının real nəticələrinin görüləcəyini qeyd edib.
“Əslində, Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi çoxdan gözlənilirdi. Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi isə struktur islahatları çərçivəsində gözlənilməz, yeni bir addımdır. Mikayıl Cabbarov bu gün mövcud kadrlar içərisində ən bacarıqlı, proqmatik və qətiyyətli rəhbərdir. Onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanıram”,- F. Yusifov bildirib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Vergilər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi barədə fərman imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət