Slimfit
  1. AZƏRBAYCAN

Prezidentdən işğalçı ölkəyə növbəti mesaj

Prezidentdən işğalçı ölkəyə növbəti mesaj
Sakura

"AZƏRBAYCANIN TORPAQLARI İŞĞALDAN AZAD EDİLMƏYƏNƏ QƏDƏR DÜŞMƏN ÖLKƏDƏ SABİTLİK OLMAYACAQ"

"AZƏRBAYCANIN TORPAQLARI İŞĞALDAN AZAD EDİLMƏYƏNƏ QƏDƏR DÜŞMƏN ÖLKƏDƏ SABİTLİK OLMAYACAQ"

Oktyabrın 9-da Nazirlər Kabinetində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Prezident İlham Əliyev geridə qalan dövrdə görülən işlər, həyata keçirilən islahatlar və onların nəticələrini dəyərləndirib, növbəti mərhələ üçün müvafiq qurumların qarşısında tapşırıqlar qoyub. 

Dövlət başçısı əhalinin rifah halının daha da yaxşılaşdırılması, işsizlik probleminin həlli, xüsusi qayğıya ehtiyacı olan təbəqinin mənzil-məişət problemlərinin həlli, iqtisadi tədbirlər, ölkədə aparılan ordu quruculuğu və digər sahələrdəki mövcud vəziyyəti geniş şəkildə təhlil edib, bütün bu istiqamətlərdə həyata keçirilən fəaliyyətin davamlı xarakter daşıdığını qeyd edib.

Azərbaycan daxili və xarici siyasəti ilə bağlı xüsusi aktuallıq daşıyan məsələlərə geniş şəkildə yer verildiyi müşavirədə Prezident İlham Əliyev bu sahələrdə görülən işlərin ciddi nəticələr verdiyini, cari ilin ölkəmiz üçün bir çox uğurlarla yadda qaldığını qeyd edib: "İlin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilib. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb".

Ölkə rəhbəri qeyd edib ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir: "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik".

Dövlət başçısı vurğulayıb ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: "Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti var. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".

Bu xüsusda, uzun illərdir davam edən, regionda təhlükəsizlik, sabit həyat üçün ən böyük təhlükə mənbəyi olan işğalçı Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən işlərdən danışan dövlət başçısı bildirib ki, münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir: "Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq.

Bununla yanaşı, əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

Prezidentin müşavirədə səsləndirdiyi fikirlər, verdiyi mesajlarla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü Elman Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı ölkənin bütün sahələrindəki prosesləri əhatə edib. O, "Trend"ə bildirib ki, dövlət başçısı həm iqtisadi, həm siyasi, həm də sosial sahələri əhatə edən məsələlərə toxunub, görülmüş işləri qiymətləndirib, qarşıda duran məsələlərin icrası ilə bağlı göstərişlərini verib: "Həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev Azərbaycan üçün ən vacib məsələ olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərini bildirib, Azərbaycanın mövqeyini nümayiş etdirib. Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır".

Deputatın sözlərinə görə, prezident çıxışında Azərbaycan cəmiyyətini həmişə maraqlandıran məcburi köçkünlərin problemləri məsələsinə də diqqət yetirib: "Ölkə başçısı, əsasən, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fikirlər səsləndirib və bildirib ki, bu proses davam etdiriləcək. Prezident İlham Əliyev bu məsələyə sahibkarların da cəlb olunmasını diqqətə çatdırıb".

E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi məsələlərinə də toxunub: "Dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif sahələri əhatə edən fikirlər səsləndirib. Bu onu deməyə əsas verir ki, ölkə başçısının qarşıya qoyduğu uzunmüddətli inkişaf proqramları vaxtlı-vaxtında həyata keçirilir. Təbii ki, Azərbaycan iqtisadiyyatı təkcə neft-qaz amilindən asılı olmamalıdır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi proqramı həyata keçirilir və bu istiqamətdə də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, aqroparkların, texnoparkların yaradılması məsələsi diqqətə çatdırılıb, Azərbaycanın artıq kosmos ölkəsinə çevrildiyi, 3 peykimizin olduğu bildirilib".

Deputat deyib ki, Prezident İlham Əliyevin inkişafla yanaşı, bəzi sahələrdə problemlərin olması ilə bağlı tənqidi fikirləri də xüsusilə diqqət çəkib: "Dövlət başçısı çıxışında Bakıda mənzil tikintisində baş verən neqativ hallar barədə danışıb və məcburi köçkünlər üçün mənzil tikintisi ilə bağlı müəyyən nöqsanlara yol verildiyini deyib. Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, həm məmurlar, həm də sahibkarlar fəaliyyətlərini düzgün qursunlar, əks halda qanun qarşısında cavab verəcəklər. Mənə elə gəlir ki, bu çıxışdan hər kəs nəticə çıxarmalıdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Prezident İlham Əliyevin müşavirədə Azərbaycanın ərazi bütövlüyü, eləcə də Ermənistan rəhbərliyini konstruktiv mövqeyə səsləyəcək fikirləri Ermənistana və onun rəhbərliyinə verilən şansdır. O, SİA-ya bildirib ki, Ermənistan bütün baş verənlərə baxmayaraq, Azərbaycanın hələ də danışıqlar prosesinə sadiq qalmasını düzgün dəyərləndirməli və nəticə çıxarmalıdır: "Əslində, sağlam düşüncəsi olan hər bir kəs Azərbaycan prezidentinin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri təhlil edib, nəticə çıxara bilər. Çünki 9 ay müddətində Azərbaycanın əldə etdiyi nəticələr Ermənistanın 10 illər ərzində əldə etdiyi və edə biləcəyi nəticələrdən dəfələrlə üstündür. Bu inkişaf dinamikası - ölkənin silahlı qüvvələrinin gündən-günə güclənməsi, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması, mövqelərinin möhkəmlənməsi, eyni zamanda, hərbi əməkdaşlıq müstəvisində ölkəmiz üçün geniş perspektivlərin açılması, ölkəmizin müdafiə sənayesinin çox ciddi şəkildə inkişaf etməsi nəzərə alınarsa, tamamilə doğru nəticə çıxarıla bilər".

Politoloq söyləyib ki, bu işğalçılıq siyasətinin sonu yoxdur: "Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarından öz qoşunlarını çəkməyib, Dağlıq Qarabağ üzərində ölkəmizin suveren hüquqlarını tanımayıb, o zamana qədər bu ölkədə nə sabitlik olacaq, nə vətəndaş cəmiyyəti qurulacaq, nə də faktiki olaraq, Ermənistan bir dövlət kimi formalaşacaq. Bu aspektdən Azərbaycan prezidentinin cari ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər birmənalı şəkildə Ermənistan cəmiyyətinə, indiki və gələcək rəhbərliyinə verilən mesaj, son şansdır. Əgər Azərbaycanın bugünkü potensialı, o cümlədən, hərbi və iqtisadi gücü, beynəlxalq əlaqələri işə düşərsə, bunun qarşısında Ermənistan qısa müddət ərzində davam gətirə bilməyəcək".

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR