Prezident vəzifəli şəxslərə xəbərdarlıq edir – ŞƏRH
Dünyanı cənginə alan koronavirus pandemiyası beynəlxalq iqtisadiyyatı durğun hala gətirir, iqtisadi-maliyyə qurumlar ciddi itkilərlə üzləşirlər.
Pandemiyanın təsirləri Azərbaycandan da yan keçmir, lakin itkilərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər və dövlətin sosial-iqtisadi paketləri də öz səmərəsini verir.
Səhiyyə sahəsinin üzərinə düşən ağırlığın aradan qaldırılması və Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli xəstəxanalar tikilir.
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.
İlham Əliyev deyib ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi vüsət alıb.
Dövlət başçısı bu məqsədlər üçün böyük vəsait ayrıldığını, bütün imkanların səfərbər edildiyini xatırladıb.
“Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılıb. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir”, - deyə Prezident əlavə edib.
Qeyd edək ki, COVID ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayı böyük dərəcədə - bir neçə dəfə artırılıb.
Pandemiya başlayanda Azərbaycanda cəmi altı laboratoriya var idisə, bu gün həmin laboratoriyaların sayını 45-ə çatdırılıb.
Prezident İlham Əliyev bildirib ki, ölkədə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir:
“Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin”.
Səhiyyə sahəsi ilə paralel olaraq sosial sahədə də dövlət dəstəyinin davam etdirilməsi hökumətin ən mühüm addımlarından biridir.
Ölkə üzrə beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib.
“Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”, - deyə İlham Əliyev söyləyib.
Ölkə başçısı onu da əlavə edib ki, Azərbaycanda görülmüş tədbirlər nəticəsində yeddi ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb.
Məsuliyyət faktoru koronavirusla mübarizədə önəmli məsələdir, dəfələrlə Prezident İlham Əliyev vətəndaşları məsuliyyətli olmağa çağırıb.
Son zamanlar Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra vətəndaşların aktivliyinin artması nəticəsində koronavirusa yoluxma hallarında artım müşahidə edilir.
Bu zamana qədər Azərbaycanda 36578 nəfər koronavirusa yoluxub, onlardan 536 nəfəri ölüb, 33977 nəfəri isə sağalıb.
Bununla belə hazırda ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır.
Dünya üzrə koronavirusa yoluxma dinamikasında yenidən artım nəzərə çarpır, bu isə təbii ki, Azərbaycan dövlətini də düşündürür.
Prezident çıxışında qeyd edib ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım Azərbaycanı daha ehtiyatlı addımların atılmasına sövq edir.
Pandemiya dövründə Azərbaycan dövlətinin bir nömrəli prioriteti vətəndaşların sağlamlığının qorunmasıdır, əlbəttə ki, əhalinin məsuliyyəti effektiv nəticənin əldə olunmasında həlledici rola malikdir.
İlham Əliyev bu məqsədlə bir daha vətəndaş məsuliyyətini önə çəkərək bildirib:
“Bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib - qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir”.
Azərbaycanda qanunun aliliyi prinsipi karantin rejimi dövründə də özünü büruzə verdi. Tutduğu vəzifəsindən, ictimai statusundan asılı olmayaraq karantin qaydalarını pozan yüksək vəzifəli şəxslərin cəzalandırılması bunun əyani sübutudur.
Ölkə başçısı söyləyib ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır.
“Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Prezidentin çıxışlarından gəlinən nəticə budur ki, Azərbaycan dövləti vətəndaşları düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət