Slimfit
  1. GÜNDƏM

Prezident İlham Əliyev: “Paşinyan küçədən gələn bir adamdır”

Prezident İlham Əliyev: “Paşinyan küçədən gələn bir adamdır”
Sakura

Prezident İlham Əliyev: “Paşinyan küçədən gələn bir adamdır”

“Xeyr, bununla bağlı bizə heç bir telefon zəngi olmamışdır, heç bir mesaj göndərilməmişdir. Ancaq bu, gözlənilən idi. Bilirsiniz, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi”.

Ens.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində “Paşinyan özünü itirib, təkcə özünü deyil, eyni zamanda, Ermənistan xalqını da təhlükəyə atıb. Ermənistanda yaşayan 3 milyon insan təhlükə altındadır. Avropadakı ermənilərdən, ya da oradakı iş adamlarından vasitəçi olan, deyən ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir, bununla bağlı bir telefon zəngi, danışmaq istəyən olubmu?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, indi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur: “O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünki ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanları maraqlandırmır, onlar öz həyatını yaşayır, sistem oturuşub, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə edən insandan çox şey asılıdır - insanların həyatı, təhlükəsizliyi, rifahı, beynəlxalq imici. Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezidentin hər birinə cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O birisinə də ölkə xaricinə çıxma qadağası qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas müxalifət partiyasının sədrini həbsə atdı. Ondan sonra Konstitusiya Məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri, media nümayəndələrini həbslərdə çürüdür. Biri aclıq elan etdi və orada öldü. Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa, digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir”.

Prezident İlham Əliyev bildirib ki, 2005-ci ildə onlar Azərbaycanda bunu etmək istədilər - narıncı inqilab.

“Amma mən durdum onların qabağında, əzdim onları, qovdum buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını da buradan rədd etdim. Dedim ki, biz özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları vasitəsilə oraya pullar gətirildi, insanlar yetişdirildi. Bu gün Paşinyan komandasının 90 faizi Soros, “Transparency International”, “Amnesty International”, “Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir. Ona görə mən bu yaxınlarda rus kanallarının birinə müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün o qədər də yaxşıdır. Yəni, başa düşürsünüz nəyə görə”, - Azərbaycan Prezidenti əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR