Slimfit
  1. AZƏRBAYCAN

Prezident İlham Əliyev İsmayıllıda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib

Prezident İlham Əliyev İsmayıllıda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib
Sakura

Prezident İlham Əliyev İsmayıllıda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak…

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan dövlət proqramları nəticəsində dövlət tərəfindən hərtərəfli dəstək alan sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar. Bununla da, ölkəmizin iqtisadi potensialı artır, özəl sektor inkişaf edir və ən əsası işsizlik problemi aradan qaldırılır. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Dövlətimizin başçısının yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Fərmanla aqroparkların yaradılması məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara stabil və etibarlı çıxışını təmin etməyə əlverişli şərait yaradır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur. İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Yeni aqroparklardan biri də İsmayıllı rayonunun Kürdmaşı kəndində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Bildirildi ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektar buğda, 120 hektar kartof və 96 hektar qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, su və elektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir pivot suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınıb.

Prezident İlham Əliyevə aqroparkda kartof tədarükü və çeşidləmə prosesi, kompleksin elektron idarəetmə sistemi barədə məlumat verildi.

Qeyd olundu ki, aqroparkın 3 min ton tutumu olan soyuducu anbar kompleksi məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılmasına imkan verir. Anbarda gücü saatda 15 ton çeşidləmə və gücü saatda 10 ton olan paketləmə xətləri quraşdırılıb. Bu avadanlıq hesabına sahədən yığılan ekoloji təmiz məhsullar ölçülərinə görə çeşidləndikdən sonra paketlənərək aqroparkın soyuducu anbar kompleksində saxlanılır və əsasən qeyri-mövsüm dövründə satışa çıxarılır. Kartofçuluq üzrə ixtisaslaşan aqroparkda il ərzində təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunaraq “İsmayıllı Tərəvəzləri” brendi altında yerli və xarici bazarlarda satışa çıxarılacaq.

Bildirildi ki, aqroparkda Almaniyadan və Hollandiyadan gətirilmiş super elit və elit toxumlardan ölkəmizin müxtəlif regionlarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksək keyfiyyətli toxumların yetişdirilməsi nəzərdə tutulur. Növbəli əkin sisteminin tətbiqi, eləcə də düzgün aqrotexniki qaydalara riayət olunmaqla aqroparkda yüksək keyfiyyətli kartof sortları əkilir ki, bu sortlar üzrə hər hektara orta məhsuldarlıq 45-50 ton təşkil edir.

Qeyd edək ki, respublika üzrə ötən il 2016-cı illə müqayisədə kartof istehsalı 1,3 faiz artaraq 913,9 min ton, ixracı 51 faiz artaraq 57,7 min ton, idxalı isə 11,7 faiz azalaraq 168,8 min ton təşkil edib. Gələcəkdə aqroparkda məhsul istehsalının 3 dəfə artırılması, soyuducu anbar kompleksinin 15 min tona çatdırılması və bitki yağları istehsalı sahəsinin yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 24 nəfər işlə təmin olunub.

Hazırda ölkənin 30 rayonu üzrə 192,2 min hektar ərazidə dəyəri 1,4 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu il istifadəyə verilən aqroparkların sayının 14-ə çatdırılması planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR