Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimatı keçirilib.
AMEA-nın Qafqazşünaslıq İnstitutundan “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitab da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açır.
Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir: “Maraqlı məsələlərdən biri ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətini elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilib”.
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil Fərzəlibəyli, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar.
Qeyd olunub ki, kitab qısa müddət ərzində nəinki ölkədə, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Bilidirilib ki, əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət