“Pomidor, kolbasa ilə oyuna gedirik” – Klub prezidentindən şok açıqlama
Region liqasında çıxış edən “Energetik” klubuna 2003-cü ildən sponsorluq edən “Azenko” şirkəti ötən gün klubla anlaşmaya son verib.
Klubun prezidenti Ruslan Həmidov “Yeni Sabah”a açıqlamasında “Azenko”nun bundan əvvəl də az maaş verdiyini və əhalinin yığdığı pulla komandanın problemlərinin həll olunduğunu bildirib:
“Onsuz da biz bir ildir, pomidorla, kolbasa ilə oyunlara gedib, gəlirik. “Azenko” 1 ildir ki, ezamiyyət xərclərini vermir. Yol puludur, yemək puludur, Mingəçevir əhalisi kömək edir. 1-2 manatdan yığıb 30-40 manat mənə pul verirlər ki, uşaqlara yolda yemək alım. Mən bu cür əziyyət çəkirəm.
Heç ezamiyyəti keçən il vermədilər, bu il də əmək haqqımızı dayandırdılar. Bütün jurnalistlər 190 manat yazır, amma biz 180 manatı cəmi 1 ay gördük. 2003-cü ildən isə bu günə kimi 150 manat maaş alırdıq, zülm çəkirdik. Minumum əmək haqqı artandan sonra 1 ay 180 manat aldıq, onda da zəng elədilər ki, gəlin, ərizələriniz yazın, “Azenko” artıq sizdən imtina edir, baxa bilməyəcək, özünün vəziyyəti pisdir”.
R.Həmidov futbolçuların bu maaşla dolana bilmədiklərini də vurğulayıb və eyni zamanda bir neçəsinin bundan sonra təklif gəldiyinə görə gedə biləcəyini qeyd edib:
“Mingəçevir futbolunun keçmişi var. Həmişə futbol məktəbi olub, milli komandaya futbolçular verib. Bu vəziyyətdə Mingəçevir futbolunu saxlamışıq. Vallah Mingəçevirin adına görə futbol oynayırıq. Komanda da 27, 28 yaşlı uşaqlar var, ailə həyatı qurmalıdır, 150 manata görə qura bilmirlər. 6-7 nəfər futbolçum var, onlara başqa klublardan təklif gəlib. 3 futbolçum var, 17 yaşlılardan milli komanda da oynayır. Amma biz 3-cü liqada ola-ola milli komandaya futbolçu veririk”.
Klub prezidenti bir neçə yerə müraciət etdiklərini və sponsor axtarışında olduqlarını söyləyib. O, bildirib ki, klubu ayaqda saxlamaq üçün o qədər də böyük məbləğə ehtiyac yoxdur:
“İndi özümüzə sponsor axtarırıq. Energetika nazirinə müraciət etmişəm, “Azərişıq” Səhmdar cəmiyyətinə müraciət etmişəm. AFFA-ya məktub yazmışam. Burda yaxşı müəssisələr var ki, vergidən azad olsalar, kluba baxmaq istəyirlər. Bir klubu bir il ərzində maaş, mükafat, ezamiyyətlə təşkil etmək üçün 200 min manat pul lazımdır. Tibbi yardımın sığortası 120 manatdır, mən onu gətirə bilməyəcəyəm. Əvvəllər şəhər əhalisi kömək edirdi. Tibbi yardım da olmasa, oyun təxirə salınır, başlamır.
Ölkədən kənarda yaşayan şəhər uşaqları vardı, hesab açdılar, tibbi yardımın, gediş-gəlişin pulu yığıldı. Amma bu yolla futbolu saxlamaq olmaz. Camaatın özünün də vəziyyəti pisdir. Mingəçevir klubuna böyük maliyyə, milyonlar lazım deyil. Mən indi “Azərenerji”nin rəhbəri Balababa müəllimin qəbuluna yazılacam. Xahiş edəcəm ki, nə olar, biz daha sürünürük. 90-96-cı illərdən ölkəyə işıq verdik, 2003-2004-cü ildə ordan maliyyələşmişik. Mingəçevirdə futbol yaratmaq istəyirlərsə, Azərenerjidən 26 ştat verilməlidi. Bu aya o qədər də böyük pul etmir. İldə 250 min manat edir. Belə olsa, Mingəçevir futbolu elə həmin il də çempion olar.
Çünki burada ağsaqqal futbolçular da var, kənarda qalıblar. Bu gün pul yoxdur deyə, onları işə çağıra bilmirdik. Azərenerjinin avtobusu da var, mən niyə gedim kiməsə 250 manat pul verim, komandanı aparım? Özümün 33 yaşım var, bilmirəm, məşq edim, ya şəhərə düşüm, pul yığım. İki daş arasında qalmışam.
1 il əvvəl əmək haqları dayanmışdı, komandanı öz üzərimə götürdüm. Dedim, komandanı oynadacam, yemək pulunu verəcəm. Qeyd edim, mən şikayət etmirəm, müraciət edirəm. Heç kimlə də pis deyiləm. Bütün nazirlik və orqanlardan xahiş edirəm ki, Mingəçevir futbolunu yaşadaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət