Polad Bülbüloğlu Rusiyanın 'Milli əzəmət' mükafatına layiq görülüb
"Report"un Rusiya bürosu xəbər verir ki, İttifaqlar Evində keçirilən mükafatlandırma mərasimində Rusiyanın və MDB ölkələrinin tanınmış ictimai və mədəniyyət xadimləri, siyasətçilər iştirak ediblər.
Polad Bülbüloğlu mükafatlandırma mərasimində çıxış edərək əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür. Səfir vurğulayıb ki, xalqlarımız bir ölkədə yaşayıb, birlikdə faşizmə qalib gəliblər: "Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün dəyərlidir".
Qeyd edək ki, “Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükafata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafat alanlar arasında SSRİ Xalq Artisti Vasili Lanovoy, Özbəkistanın xalq artisti, “Yalla” ansamblının rəhbəri Fərrux Zakirov və başqaları da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət