Pilotumuz niyə katapult etməyib?
MiQ-29-un quşla toqquşması da katapult sistemini sıradan çıxara bilər.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov iyulun 24-də təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması haqda səsləndirilən versiyalara münasibət bildirərkən deyib.
O, məsələ ilə bağlı pilotlarla söhbət apardığını söyləyib:
“Katapult sisteminin işləməməsi kimi bir sıra versiyalar irəli sürülür. Hər şey ola bilər, amma nə qədər ki, komissiyanın rəyi yoxdur, “qara qutu” açılmayıb, dəqiq bir söz demək olmaz.
MiQ-29-un qəza səbəbləri ilə bağlı pilotlarla söhbətləşdim. Onlar deyir ki, təyyarə uçuş zamanı quşla toqquşa bilər. Təyyarənin sürəti elədir ki, əgər quş təyyarənin şüşəsinə çırpılsa, şüşə sına bilər. Bu zərbə nəticəsində də katapult sisteminin işə düşməməsi mümkündür.
Katapult sisteminin işəsalma mexanizmi var. Ona görə də hadisəyə yanaşmalar birmənalı ola bilməz. Çünki hər bir təyyarə göyə qalxanda tam şəkildə diaqnostika olunur. Texniki heyət təyyarəni pilota təhvil verməzdən əvvəl bütün cihazların işlək vəziyyətdə olub-olmamasını yoxlayır. Bir problem olsaydı, həmin hərbi təyyarənin uçuşuna icazə verilməzdi. Deməli, məntiqlə təyyarənin bütün parametrləri uçuş üçün hazır vəziyyətdə olub və uçuşa icazə verilib”.
Polkovnik Azərbaycan Silahlı Qüvvələri və Müdafiə Nazirliyi rəhbərliyinin qəzanın detallarının öyrənilməsində maraqlı olduğunu qeyd edib:
“Növbəti dəfə bu qəzaların təkrarlanmaması üçün həmin o komissiyanın nəticəsi çox vacibdir. Ona görə də düşünürəm ki, mütəxəssislər bu işin araşdırılmasına yönəldiləcək. Sözügedən qəzanın başvermə səbəbləri həm media, həm də cəmiyyəti düşündürür”.
Polkovnik pilotun qəza anında huşunu itirməsi və katapult sistemini işə sala bilməməsi ilə bağlı səsləndirilən versiyalara da münasibət bidirib:
“Bizim bütün təyyarələr əksər vaxt dəniz akvatoriyasının üzərində uçur. Ola bilər ki, pilot huşunu itirsin, amma həmin pilot çox təcrübəli idi. Yəni insan birdən-birə huşunu itirmir. İmpuls ona çatana qədər pilot katapult sistemini işə sala bilər. Yəni inanmıram ki, pilot huşunu itirməzdən əvvəl katapultdan istifadə edə bilməsin”.
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
R.Atakişiyevin nəşi bu gün 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət