Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Peyvənd infeksion xəstəliklərə qarşı ən etibarlı müdafiə vasitəsidir

Peyvənd infeksion xəstəliklərə qarşı ən etibarlı müdafiə vasitəsidir
Sakura

Peyvənd infeksion xəstəliklərə qarşı ən etibarlı müdafiə vasitəsidir

Çox vaxt gənc analar başqa uşaqlarda baş verən fəsadlara görə öz övladlarına peyvənd vurdurmaqdan çəkinir və yaxud peyvəndlərə etinasız yanaşırlar. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvəndlər hər il 3 milyondan çox uşağı ölümdən xilas edir. Müasir peyvənd sistemi uşaqlar arasında ölüm göstəricisini aşağı salmaqda və əhalinin bütün yaş təbəqələrinin həyat keyfiyyətini yüksəltməkdə həlledici rol oynayır. Peyvəndlərin planlı şəkildə keçirilməsi sayəsində təbii çiçək kimi təhlükəli bir infeksiyanın məhvinə nail olunub.

İlk dəfə peyvənd 1798-ci ildə Edvard Jenner tərəfindən eksperiment kimi xəstə inəklər üzərində sınaqdan keçirilib. Alim bu metodu xəstə inəyin adına (Vacca) uyğun olaraq vaksinasiya, xəstə inəkdən alınan zərdabı isə vaksina adlandırıb. Lakin bir elm kimi immunologiyanın əsasları 1891-ci ildə məşhur fransız alimi Lui Paster tərəfindən qoyulub. Alim öz kəşfini dahiyanə bir prinsiplə ifadə edib: “Əgər mikrobun zəhərliliyini azaltsaq, o özünün törətdiyi xəstəliyə qarşı mübarizə vasitəsinə çevrilə bilər”.

Bu barədə AZƏRTAC-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

O, vaksin preparatları haqqında danışarkən deyib: “Müasir dövrdə müxtəlif vaksin preparatları hazırlanıb: diri və ölü vaksinlər, kimyəvi vaksinlər və anatoksinlər. Diri vaksinlər - zəif patogen xüsusiyyətlərə malik mikroblardan alınır. Ölü vaksinlər - mikrob kütləsinin 56-60 dərəcə C hərarətə qədər qızdırılması yolu ilə hazırlanır. Həmin halda mikrob hüceyrəsi aktivliyini itirir, amma dağılmır. Kimyəvi vaksinlərin hazırlanması üçün immunoloji aktiv antigenlər kimyəvi ekstraksiya yolu ilə mikrob hüceyrəsindən çıxarılır. Anatoksin – mikrob hüceyrəsinin ekzotoksinidir, yəni ifraz etdiyi zəhərli maddədir. Anatoksin hazırlamaq üçün ekzotoksin formalin məhlulunda 37-40 dərəcə C termostatda 3-4 həftə ərzində zərərsizləşdirilir”.

Vaksinasiyadan sonra baş verənlər haqqında danışan direktor müavini bildirib: “Hər hansı bir peyvənd vurulandan sonra orqanizmdə daxil olan vaksinə qarşı immunoloji proseslər getməyə başlayır və həmin xəstəliyin əleyhinə immunitet, yəni müdafiə yaradır. Yaranan immunitetin davamlılığı və gərginliyi bir çox amillərdən asılıdır. Həmin amillər sırasına peyvəndin vurulma sayı, peyvəndlər arasındakı vaxt intervalı, peyvəndin keyfiyyəti, ən əsası isə uşağın vaksinasiyasından əvvəlki və sonrakı sağlamlıq durumu daxildir. Uşağın səhhətində problemlər olarsa, immunitetin davamlılığı və gərginliyi aşağı düşə bilər. Ona görə də yalnız sağlam uşaqlar peyvənd olunmalıdır. Peyvənd günü uşaqlar ciddi şəkildə həkim müayinəsindən keçməli, bədən temperaturu mütləq ölçülməli, ağciyərlərə qulaq asılmalıdır.

Uşaq bağçasına getməyə hazırlaşan uşaqları dərhal peyvənd etmək məsləhət deyil, çünki orada uşaq yeni mikrob və virus mühitinə düşür, eyni zamanda, adət etdiyi həyat tərzini dəyişir və emosional gərginlik keçirir. Bütün bunlar onun sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də uşaqları bağçaya getməzdən bir qədər əvvəl peyvənd etmək lazımdır.

Nevroloji patologiyası olan uşaqlara peyvənd remissiya dövründə olunur. Çox vaxt yanaşı olaraq sakitləşdirici və qıcolma əleyhinə müalicə aparılır. Timus vəzinin böyüməsi də peyvənddən kənarda qalmağa əsas vermir. Belə uşaqlarda peyvənddən sonra kifayət qədər güclü immunitet yaranır və əksər hallarda ciddi bir fəsad müşahidə olunmur.

Peyvənd zamanı sanitar-gigiyenik normalara və peyvənd texnikasına ciddi riayət olunmalıdır. Belə ki, bu zaman birdəfəlik şpris və iynələrdən istifadə olunmalı və peyvənd mütləq poliklinikanın peyvənd kabinetində aparılmalıdır.

Əzələ daxilinə AGDT (difteriya, göyöskürək və tetanus əleyhinə), ADT (difteriya və tetanus əleyhinə), pentavaksin (difteriya, göyöskürək, tetanus, haemofil infeksiyası, hepatit B əleyhinə), pnevmokok, hepatit B və inaktivləşdirilmiş poliomielit vaksinləri, dəri altına QPM vaksini (qızılca, parotit və məxmərəyə qarşı), dəri içinə vərəm əleyhinə BCG peyvəndi, ağızdan OPV (oral polimielit vaksini) qəbul edilir. Bütün məlumatlar - vaksinin seriyası, dozası, vurulma tarixi, müşahidə olunan əlavə təsirlər (reaksiya və ağırlaşmalar) peyvənd pasportunda qeyd olunur.

Peyvənddən sonra uşaqlar fiziki və psixi gərginlikdən qorunmalıdırlar. Qida rejimini tənzimləmək də çox vacibdir, xüsusən də allergiyaya meyilli uşaqlarda buna əməl olunmalıdır. Onların qida rasionundan yumurta, şokolad, sarı və qırmızı meyvələr çıxarılmalıdır.

Peyvənddən sonra uşaqlara lazımi qayğı göstərilmədikdə və onlar başqa bir xəstəliyə tutulduqda və ya da onlarda xroniki xəstəliklərin və allergik reaksiyaların kəskinləşməsi baş verdikdə, valideynlər bunları çox vaxt yanlış olaraq peyvəndlə əlaqələndirirlər”.

Afaq Əliyeva peyvəndlərin fəsadları barədə bunları söyləyib: “AGDT peyvəndinin fəsadları onun göyöskürək əleyhinə komponenti ilə bağlıdır. İlk günlərdə narahatlıq, yuxusuzluq, hərarətin 37,5 – 39 dərəcə C-yə qədər yüksəlməsi, iynənin yerində qızartı və şişkinlik müşahidə oluna bilər. Belə hallarda həkimlə məsləhətləşmək lazımdır. Düzgün müalicə olunduqda həmin əlamətlər tez bir zamanda aradan qalxır.

BCJ peyvəndindən sonra bəzən yerli reaksiyalar ola bilər. Bu, peyvəndin dəri altına və yaxud yüksək dozada vurulmasından irəli gəlir. Belə hallarda sadəcə çapığın əmələgəlmə vaxtı bir qədər uzanır və bu zaman heç bir müalicəyə ehtiyac yoxdur.

Bəzi uşaqlara müxtəlif səbəblərə görə peyvəndlər vaxtında - peyvənd təqviminə uyğun vurulmur. Belə uşaqlar üçün fərdi immunizasiya sxemi hazırlanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR