Payızda oxunmalı 10 kitab
Artıq payız mövsümünün astanasındayıq. Adətən bu fəsildə havada müşahidə olunan durğunluq adamı evdə oturub pəncərə kənarında qəhvə içməyə, kitab oxumağa çağırır. Bu dövrlərdə kitab seçimi olduqca böyük əhəmiyyət kəsb edir. Seçdiyimiz kitabdan asılı olaraq, biz pessimist, romantik və nikbin enerji ilə yüklənə bilirik.
Bunu nəzərə alıb “payızda oxunmalı” kitabların siyahısını təqdim edirik.
1. Cons Diana Uinss – “Yeriyən qala”
Bu kitab ilk səhifədən sonuncu səhifəyə qədər insanı ovsunlamaq bacarığına malikdir. Əsərdə sözügedən saf məhəbbət, müsbət mənəvi keyfiyyətlər insana uşaqlığını xatırladır.
Kitab ovsunlu Sofidən və sehrbaz Houldan bəhs edir. Oxuduğun hər cümlədə isə kitab sənə necə özünə güvənməli olduğunu öyrədir: uğursuzluqlar səni yalnız o zamana qədər izləyəcək ki, sən onları önəmsəyəcəksən.
2. Fenni Fleq – “Yeni il və qırmızı kardinal”
Həkimlərin qoyduğu diaqnozdan qorxuya düşən Osvald Çikaqodan ayrılır və sonuncu yeni ilini sevdiyi şəhərdə qeyd etmək qərarına gəlir. Getdiyi yerdə müsbət heç nə ilə qarşılaşmayacağına bütün qəlbi ilə inansa da, baş verən hadisələr onu təəccübləndirir. Kitab gülümsəmək istəyən və həyatı sevən hər kəsin xoşuna gələcək.
3. Cerald Darrel – “Quşlar, heyvanlar və qohumlar”
“Quşlar, heyvanlar və qohumlar” povesti yazıçı-naturalist Cerald Darrelin məşhur trilogiyasının ikinci hissəsidir. Povest yunan adası Kerkirada keçən uşaqlıq xatirələrindən söz açır. Kitabda təsvir olunan qəribə heyvanlar, müxtəlif canlılar insan təxəyyülünü inkişaf etdirir və həyatın rəngarəngliyi ilə səni yaxından tanış edir.
4. Rey Bredberi – “Xoşbəxtliyin mexanizmləri”
Bu mexanizmlər heç vaxt uğursuzluğa düçar olmur. Onlar dəyişməzdir, əbədi hərəkətverici qüvvədir və Kilimancaronun qarlı havası belə bu mexanizmləri ləngidə, korlaya bilmir. Yazıçı, şair, fantastik Rey Bredberi xoşbəxtlik mexanizmlərini işə salmaq haqqında yazarkən onu bu cür təsvir edib: “Necə ki çörəkçinin işi çörək bişirmək, şərabçının işi şərab hazırlamaqdırsa, insanın da əsas vəzifəsi xoşbəxtlik mexanizmlərini işə salıb firavan yaşamaqdır.
5. Anna Qavalda – “Sadəcə birlikdə”
Anna Qavaldanın ən məşhur kitablarından biri hesab olunan bu əsər məhəbbət və tənhalıq, gülüş və göz yaşı, uğursuzluq və qələbə arasında gedən mübarizə və harmoniyanın mükəmməl təsviridir. Roman artıq dünyanın müxtəlif ölkələrində milyonlarca insan tərəfindən oxunub, sevilir.
6. Tuve Yansson – “Mumi-troll haqda hər şey”
Qəribədir, “mumiy-trol”lar, sanki, bizimlə birlikdə inkişaf edir. İndi belə onlara baxanda biz özümüzə, yaşımıza məxsus hər hansı yeni bir şey kəşf edə, anlaya bilirik. Sanki biz böyüdükcə uşaqlıq xatirələrimiz olan “mumiy-trol”lar da böyüyür.
7. Stiven Çboski – “Həlim olmaq gözəldir”
Bu əsər olduqca təsirlidir. Baş qəhrəman Çarli adlı gəncin hisslərindən, həyatından bəhs edən roman, insana pozitiv ruh aşılayır.
8. Tinatin Mjavanadze – “Yay, nənəm və mən”
Kitabda 19 yaşlı qızın uşaqlığı və gəncliyindən söhbət açılsa da, əsas qəhrəman elə “nənə” özüdür. Ciddi, mülayim, ürəyiaçıq gürcü nənə. Əsər başdan-sona qədər oxucunun öz təsiri altında saxlayır.
9. Coan Xarris – “Şokolad”
Bu roman sözün əsl mənasında, şokolad dadı ilə insanları sehrləyir. Kitab əsasında çəkilən film tez bir zamanda bütün izləyicilərdə maraq oyadıb. Filmə baxanlara da, baxmayanlara da bu kitabı oxumaq məsləhət görülür.
10. Karel Çapek – “Hekayələr”
Çapeki hekayə janrının ustası hesab etmək olar. Onun pozitiv, müəyyən qədər də yumoristik hekayələri özünəməxsus tarixçəsi və obrazları ilə seçilir.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət