Paşinyan Putindən xahiş edəcək ki, Əliyevə desin, Qarabağda... - Moskva səfərinin sirri
Ermənistanda yeni formalaşan hökumətin başçısı Nikol Paşinyan 27 dekabrda Moskvaya səfər edəcək. Bu səfər fonunda bir sıra məqam diqqət çəkir: Rusiya prezidenti Vladimir Putin parlament seçkilərindən sonra qələbə münasibətilə Nikol Paşinyanı təbrik eməyib; KTMT-də Belarusun namizədi Stanislav Zas Ermənistan istisna olmaqla digər bütün üzv dövlətlər tərəfindən dəstəklənir;
Publika.az xəbər verir ki, ekspertlər Paşinyanın Moskva səfərindən ciddi müzakirələrin aparılacağını hesab edirlər.
Rusiyalı ekspert Vitali Arkov bildirib ki, Putin və Paşinyan Moskvada KTMT-nin taleyindən başqa Dağlıq Qarabağ münaqişəsini də müzakirə edə bilər.
Onun sözlərinə görə, Rusiya Ermənistana verdiyi qazın qiymətini artıracaq: “Rusiyada yanvar ayından etibarən daxili istehlakçılar üçün qazın qiyməti artır, bu baxımdan, Moskvanın xarici istehlakçılar üçün əvvəlki qiyməti saxlaması təəccüblü olardı. Ermənistanla dostluğun əvəzini sadə rusiyalılar ödəməməlidir. Biz Ermənistana dotasiya verməməliyik, xüsusilə özünü belə aparan Paşinyan hökumətinə. Paşinyan əvvəlki kimi Moskvanın ünvanına hücumlar edir və Rusiyanı şantaj etməyə çalışır. Ehtimal ki, Paşinyan Moskvada Putinə komplimentlər deyərək, onu dost olduğuna inandırmağa, beləliklə qazın qiymətində əlverişli razılıq əldə etməyə çalışacaq. Çünki qiymətin kəskin artımı Paşinyan komandasının daxili siyasətdə növbəti uğursuzluğu olacaq. Ermənilər Sarkisyan vaxtı ilə indiki dövrü müqayisə edəcəklər. Təbii ki, Paşinyan eyni anda iki cəbhəyə oynamağa cəhd edəcək: Rusiyanı əzizləyərək, ondan güzəştəli kreditlər almağa çalışacaq, eyni zamanda Qərb ölkələri ilə, xüsusilə ABŞ-la aktiv danışıqlar aparacaq”.
Arkov hesab edir ki, Paşinyanın səfəri həm də KTMT-də İrəvanın əleyhinə formalaşan vəziyyətlə bağlıdır.
“Əgər o, Rusiyadan növbəti dəstəyi almaq istəyirsə, onda KTMT-də digər həmkarlarının fikri ilə razılaşmalıdır. Çünki təşkilat daxilində yaranmış vəziyyətin günahkarı nə Moskvaya, nə də digər üzv dövlətlərə xəbərdarlıq etmədən baş katib Yuri Xaçaturova cinayət işi açan Ermənistandır. İndi KTMT üzvləri Belarus namizədini dəstəkləməklə düzgün qərar verdilər. Hesab edirəm ki, sonda Paşinyan Moskva və Minsklə münasibətləri saxlamaq üçün geri çəkiləcək”, - deyə o bildirib.
Rusiyalı ekspert Ermənistanda Rusiya hərbi bazasının bağlanmasını tələb edən aksiyaların keçirilməsinə də münasibət bildirib.
Onun fikrincə, Paşinyanın komandasında sağlamdüşüncəli insanlar var: “Onlar anlayır ki, Rusiya bazasının bağlanması xarici təhlükələri artıracaq. Bununla yanaşı, Rusiyanı bazanı bağlamağa məcbur edəcəklərsə, Moskva Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcək. Bu baxımdan, Paşinyan bazanın saxlanılmasına əvəz olaraq Moskvadan yeni dividendlər əldə etməyə çalışacaq. Bu metod Ermənistan üçün yeni deyil. Sarkisyanın dövründə də anti-Rusiya mitinqləri keçirərək, Moskvanı şantaj edirdilər. İndi Paşinyan da “köhnə silahla” Rusiyanı vurmağa çalışır”.
Arkov əlavə edib ki, Moskvada Paşinyan Putinlə Qarabağla bağlı da müzakirə aparacaq.
“Paşinyana zəmanət lazımdır. O, Putindən xahiş edəcək ki, İlham Əliyevi Qarabağda hərbi hərəkətlərə başlamamağa inandırsın”, - deyə rusiyalı ekspert vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət